Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1816/2025 16.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mütəxəssis DƏDK və RPHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan AN-İ ******* nömrəli alqısatqı müqaviləsilə aldığı, daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli ********** nömrəli xx.xx.2024-cü il tarixli qiymətləndirmə aparılan Lənkəran rayonu Ləj kəndində yerləşən 0.2799 ha torpaq sahəsindən, eləcə də zəbt edilmiş və onun pulunu da ödədiyi üçün cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, onların qanunsuz əməllərinə və torpaq sahəsindən istifadə hüququna yaratdıqları manələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980 -ci ildə anadan olmuş, ailəlidir və iki övladı var. Fəhlə işləyir və 5 il bundan öncə həmkəndliləri olan Cavabdeh1 və onun oğlu Cavabdeh2 yaşadığı Lənkəran rayonu, Ləj kəndində 0,28 ha torpaq sahəsini Lənkəran 1 saylı notariat Konturunda alqı-satqı müqaviləsilə almışdır. Alqı-satqı etməmişdən öncə Cavabdeh1 ona bildirmişdir ki, onun əslində 0,42 ha torpaq sahəsi var, 0.28 ha torpaq sahəsinin sənədi olsa da, qalan hissə isə zəbtdir. O da sənədə baxmadan ona 0,42 ha torpaq sahəsinin pulunu vermişdir. Sonralar o, bu faktı polis şöbəsində də etiraf etmiş və notariat qaydada ona 2240 manat, daha sonra isə əlbə-əl 1120 manat vermişdir. Bu barədə onun AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi var. Cavabdeh həmin torpaq sahəsini ona satarkən vaxtı ilə özünün həmin torpaq sahəsində müəyyən qədər zəbt etdiyi hissə də mövcud olmuşdur. Həmin torpaq sahəsini alandan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak X3 Tabeliyində "Daşınmaz Əmlakin Dövlət Kadastr və Reystri“ X6 10 saylı Lənkəran Ərazi İdarəsinin Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair adına arayış da verilmişdir. Həmin ildən etibarən sözügedən torpaq sahəsini əkib-becərmiş, mal-qara uçun əkməklə məşğul olmuşdur. Artıq 5-6 aydır ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin çəpərlərini sökmüşlər, həmin sahəyə girmək istəyən zaman üstünə hücum edərək mülkiyyət hüquqlarını pozurlar və ona müqavimət göstərirlər. Buna görə də o, polis şöbəsinə şikayət etmişdir. Cavabdehlərin qanunsuz əməllərinə, torpaqdan istifadə etmək hüququma maneələr törətdiklərindən, dəfələrlə Lənkəran şəhər rayon polis şöbəsinə şikayətlər etsə də, orda mülki qaydada məhkəməyə şikayət də bilməsi izah edilmişdir. Məcbur qalıb bu məhkəmədə iddia tələbi irəli sürmüşdür. Atası 73 yaşlı bir dünya görmüş insandır. Torpaq sahəsinə daxil olmaq istəyəndə Cavabdeh1 ona nalayıq sözlər deyir və bildirir ki, bir də bura daxil olsa polis şöbəsinə müraciət edib, onu şərləyəcəkdir. Hazırda mübahisə olunan torpaq sahəsinə çəkdiyi çəpəri bir dəfə yandırmışlar və iki dəfə isə sökmüşlər. Hətta Səidə atasına bildirmişdir ki, öz əl-qolunu sındırar, polisə etdiyi şikayətində isə onun tərəfindən törətdiyini bildirər. Cavabdehlər bu günkü günə kimi öz çirkin əməllərindən əl çəkmirlər və elə başa düşürlər ki, yalandan onları şərləməklə, şantaj etəməklə torpaq sahələrini əllərindən ala bilərlər. O, qanunun aliliyinə və məhkəmənin ədalətli keçməsinə inanır. Göstərdiklərinə əsasən məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsində göstərilən məzmuna uyğun eyni məzmunlu izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək verdiyi izahatında göstərdi ki, o, iddiaçıya cəmi 0.28 ha torpaq sahəsini satmışdır. Bunun üçün oğlu Rövşənlə birlikdə notariusa getmiş və orada iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanaraq həmin torpaq sahəsini ona satmışlar. Lakin, hazırda iddiaçı onların istifadəsində olan torpaq sahəsinin də ona aid olduğunu deyir və atası ilə birlikdə dəfələrlə onun həyətinə girib narahatlıq yaratmışlar. Bunun üçün oğlu Rövşənlə hazırki məsələ ilə əlaqədar onlar arasında mübahisə olmuş, polis şöbəsinə onlardan şikayətlər etmiş və oğlunun həbs olunmasına səbəb olmuşlar. O, mütəxəssis rəyi ilə razıdır. Hazırda mübahisə olunan məsələ ilə əlaqədar əraziyə mütəxəssis cəlb olunaraq baxış keçirilmiş və iddiaçının tələbinin əsassız olduğu müəyyən edilmişdir. Məhkəmədən qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək Cavabdeh1 verdiyi izahatlarına uyğun eyni məzmunlu izahat verərək tələbi əsassız hesab etdiyi üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastr və X5 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi X2 hazırki mübahisə üzrə onlar tərəfindən məhkəməyə göndərilmiş müvafiq rəydə qeyd olunan məzmuna uyğun eyni məzmunlu izahat vermis və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus 0.28 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, mübahisə olunan 0.14 ha torpağa dair isə hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş AN-İ№ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran rayonu, Ləj kəndində 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satıcılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən alıcı İddiaçı 2240 manata satılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və X7 10 saylı Lənkəran Ərazi İdarəsinin Daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hüquq sahibi İddiaçı məıxsus Lənkəran rayonu, Ləj kəndində yerləşən 0.2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2024-cü il tarixinə bazar dəyəri 3000 manat təşkil edir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********17 reyestr nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Ləj kəndində 0.2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və X7 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Lənkəran rayonu, Ləj kəndi ərazisində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-222 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli **********17 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun işlənilməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə üst-üstə düşməsi, İddiaçı mülkiyyətində olan 0,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ya digər şəxslər tərəfindən faktiki olaraq istifadə edilməməsi, torpaq sahəsinin iddiaçının istifadəsində olması, İddiaçı mülkiyyətində olan 0,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində hər hansı tikilinin və ya çəpərin mövcud olmaması müəyyən olunmuşdur. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli ərazidə faktiki istifadələrində olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən islahatdan artıq qalan dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 152 nömrəli mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərclərinin smetasından görünür ki, müvafiq rəyin verilməsi üçün yerinə yetiriləcək işin dəyəri 95 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 95 manat ekspertiza xərcini ƏMDX DƏDK və X6 müvafiq hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 aprel 2025-ci il tarixli 35/12-42 saylı arayışından görünür ki, İddiaçı arvadı və iki oğlu ilə birlikdə Lənkəran rayonu, Ləj kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, məhkəmə iclasında iddiaçı və cavabdehlərin, həmçinin mütəxəssisin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, mütəxəssis rəyi və iş materiallarında olan sənədlərlə təsdiq edildi ki, xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş AN-İ№ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********17 reyestr nömrəli Çıxarışa əsasən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus Lənkəran rayonunun Ləj kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı 2240 manata satmışlar və hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Ləj kəndində yerləşən 0.2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, həmin torpaq sahəsinin üzərində hər hansı tikili və ya çəpər mövcud deyil. Həmçinin İddiaçı cavabdehlərdən tələb etdiyi və ona satdıqlarını iddia etdiyi 0.14 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilərək ona maneələr yaradıldığını bildirsə də, 0.14 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, həmin torpaq sahəsinin onun faktiki istifadəsində olmasına, həmçinin cavabdehlər tərəfindən ona maneələr yaradıldığına dair faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi), məhkəmə icaatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənın 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat vəsait iddiaçının özlünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat vəsait iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1816/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1816/2025
16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver