Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1832/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı MM «Xəzər» Kredit İttifaqının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı MM «Xəzər» Kredit İttifaqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM «Xəzər» Kredit iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında bağlanmış 28 iyul 2021-ci il tarixli 1230- 1246-01 saylı kredit müqaviləsini və digər Cavabdeh2 ilə bağlanan 1230-1246-01/Z/0 saylı müqavilələri ləğv edərək, xx.xx.2023-cü il tarixinə 2504.62 manat əsas borcu, 488.28 manat faiz borcu, 105.79 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixinə 3098.69 manat məbləğində borcu və 52 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 iyul 2021-ci il tarixində Cavabdeh1 (AZE ******** LƏNKƏRAN ŞRPŞ, xx.xx.2016-cı il) (bundan sonra mətndə Cavabdeh1) Məhdud Məsuliyyətli «Xəzər» Kredit ittifaqına (bundan sonra MM Xəzər” Kredit İttifaqı) ərizə ilə müraciət edərək, istehlak yönümlü kredit üçün 3000 (üç min) manat məbləğində kreditin verilməsini xahiş etmişdir. MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında 28 iyul 2021ci il tarixində kredit verilməsi haqqında 1230-1246-01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MM «Xəzər» Kredit İttifaqı tərəfindən Cavabdeh1 illik 25% (iyirmi beş) faiz ödənilməsi şərti ilə, 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) 28 iyul 2021-ci il tarixli 1230- 1246-01/Z/0 saylı zaminlik müqaviləsi əsasında MM «Xəzər» Kredit İttifaqı qarşısında öhdəliklərinin yerinə yetirilmələrinə görə cavabdehlik daşımaq öhdəliklərini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs, hazırki iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun MM «Xəzər» Kredit İttifaqına xx.xx.2023-cü il tarixinə 2504.62 manat əsas borcu, 488.28 manat faiz borcu, 105.79 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixinə 3098.69 manat məbləğində borcu qalmışdır. 28 iyul 2021-ci il tarixli 1230-1246-01 saylı kredit müqaviləsində göstərilir ki, almmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək "Borc alan"ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə "Kreditor"un müqavilə şərtlərini cavabdehlər tərəfındən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsinin tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 və ona zamin duran şəxslərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq yenə də qeyd olunan kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfındən yerinə yetirilməmiş və öhdəliklər lazımınca ıcra edilməmişdir. Odur ki, cavabdehlər tərəfindən öhdəliklərin icrasının məhkəmə qaydasmda təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iddiaçı MM «Xəzər» Kredit İttifaqının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında bağlanmış 28 iyul 2021-ci il tarixli 1230-1246-01 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 25% olmaqla 3000(üç min) manat məbləğində kredit verilmişdir. 28 iyul 2021-ci il tarixli 1230-1246-01/Z/0 №-li zaminlik müqaviləsindən görünür ki, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh2 arasında 28 iyul 2021-ci il tarixli 1230-1246-01 №-li kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışıdan görünür ki, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2021-ci il tarixə ödənilməmiş 2504.62 manat əsas borcu, 488.28 manat faiz borcu, 105.79 manat cərimə borcu, ümumillikdə 3098.69 manat borcu vardır. 28 iyul 2021-ci il tarixli 1230-1246-01 №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 36 ay müddətində hər ay 119.28 manat olmaqla, sonuncu ödənişi 119.23 manat xx.xx.2021-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi MM «Xəzər» Kredit İttifaqına qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı MM «Xəzər» Kredit İttifaqının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 52 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, MM«Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında 28 iyul 2021-ci il tarixində kredit verilməsi haqqında 1230-1246-01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MM«Xəzər» Kredit İttifaqı tərəfindən E.H. Səfərov illik 25% faiz ödənilməsi şərti ilə, 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 28 iyul 2021-ci il tarixli 1230-1246-01/Z/0 saylı zaminlik müqaviləsi əsasında MM«Xəzər» Kredit İttifaqı qarşısında öhdəliklərinin yerinə yetirilmələrinə görə cavabdehlik daşımaq öhdəliklərini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs, hazırki iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı MM «Xəzər» Kredit İttifaqı qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi qismən təmin edilməli və 2504.62 manat əsas borcu, 488.28 manat faiz borcu, 105.79 manat cərimə borcu, ümumillikdə 3098.69 manat borcu və 52 (əlli iki) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı MM «Xəzər» Kredit İttifaqına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2.504,62 manat əsas borcu, 488,28 manat faiz borcu, 105,79 manat cərimə borcu, ümumillikdə 3.098,69 manat borc və dövlət rüsumu kimi ödənilmiş 52 manat tutularaq iddiaçı MM «Xəzər» Kredit İttifaqının xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1832/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1832/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver