Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1847/2025 14.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Minramiq Nazim oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12500 manat pul və ona dəymiş mənəvi zərərin cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu 15000 manat mənəvi zərər olmaqla, ümumilikdə 27500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, İİ Qarabağ müharibəsi iştirakçısıdır, döyüşlərədə yaralandığı üçün səhhəti ilə bağlı İİİ dərəcə əlildir. Cavabdeh birlikdə hərbidə xidmət edən zamandan tanımışdır. Sonradan Cavabdeh xidməti yeri Bakı şəhərinə dəyişdirilsə də, onların aralarında olan tanışlıq münasibəti qalmışdır. 2022-ci ildə Cavabdeh təcili pul lazım olduğunu bildirərək, onun (iddiaçının) öz adına bankdan kredit götürüb verməsini xahiş etmiş və bankın aylıq faizinidə aylıq ödəyəcəyinə söz vermişdir. Cavabdeh bundan öncə də ondan bir neçə dəfə bankdan kredit alıb cavabdehə verməsini xahiş etmiş, onun (iddiaçının) adına götürülmüş kredit borcunu cavabdeh aylıq ödənişləri ödəyib banka borcunu tam bağlamışdır. Buna görə də o, cavabdehə inanaraq və Cavabdeh ailə problemləri olduğunu bildiyi üçün "xxxx" ASC-nin Nəsimi filialından 12500 manat kredit götürüb və həmçinin əlavə olaraq 5000 manat məbləğində “Bolkart” kredit kartı alıb ümumilikdə 17500 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh banka olan borcunu ödəməkdən yayındığı üçün "xxxx" ASC-də onun adına olan kredit borcu gecikməyə düşmüş və bank onu məhkəməyə verdiyi üçün məhkəmə tərəfindən həmin borcun ondan alınıb banka ödənilməsi barədə qətnamə çıxarılmışdır. Borcla bağlı o, Cavabdeh dəfələrlə zəng edərək borcunu ödəməsini tələb etdiyi üçün cavabdeh banka gedərək onun adıına olan “Bolkart” kredit kartda olan 5000 manatı kredit borcunu ödəniş edib “Bolkart” kredit borcunu tam bağlamışdır. Lakin cavabdeh onun adına olan 12500 manat kredit borcunu ödəməkdən imtina etmiş, dəfələrlə Cavabdeh xəbərdarlıqlar etsə də ona olan 12500 manat borcunu ödəməmiş, hər dəfə ona bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. O, İİ Qarabağ müharibəsində gedən döyüşlərdə aldığı yaralandığı üçün ehtiyata buraxılmış, səhhəti ilə bağlı problemi olduğu üçün heç bir yerdə işləyə bilmir, dövlət tərəfindən təyin edilmiş İİİ dərəcə əlilliyi ilə pensiya alır. Adına olan kredit borcuna görə məhkəmə qətnaməsi onun pensiyasına yönləndiriləcək deyə o, çıxılmaz vəziyyətdə qalmışdır. Qeyd olunan səbəbdən cavabdehlə aralarında mübahisə yarandığı üçün o, Cavabdeh barəsində Bakı şəhəri Qaradağ rayon Polis idarəsinə şikayət etmiş, şikayəti Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinə araşdırılaraq Cavabdeh izahatı alınmış, Cavabdeh izahatında ona 12500 manat borcu olduğunu etiraf etmiş və qalan 12500 manat borcunu hər ay qaytaracağını bildirmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsindən ona şikayətin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun iddiaçı ilə çoxdan tanışlığı vardır. İddiaçı ilə o, bir yerdə hərbi hissədə işləmişdir. Maddi durumu pis olduğundan ona borc pul vermişdir. Lakin iddia tələbində qeyd edilmiş məbləğdə deyil, ondan az miqdarda iddiaçıya borcu vardır. İddiaçı ona 31 may 2022-ci il tarixində 12500 manat borc pul vermək məqsədilə "xxxx" ASC-nin Nəsimi filialından kredit götürmüşdür. Həmin kredit vəsaitini o, iddiaçıya hər ayın 15-20 aralığında, 8 ay müddətində, aylıq 400 manat olmaqla, 3200 manat pul ödəmişdir. Sonra həmin krediti ödəyə bilmədiyindən bank iddiaçını məhkəməyə vermişdir. Bankın nümayəndəsi bildirmişdir ki, bütün faizlər dondurulmuş və 7200 manat ödənilərsə kredit tam bağlanacaqdır. İddaçı ona əlavə olaraq verdiyi borcundan o, iddiaçıya 6600 manat pul vermiş, iddiaçının kredit kartı olan “Bolkart” kredit kartına pul ödəmişdir. Həmin borcu isə iddiaçı ona hissə hissə ödəməklə 4500 manat pul vermişdir. O, əlavə olaraq iddiaçıya 2100 manat pul ödəmiş və həmin pul da iddiaçının iddia etdiyi borcdan çıxılmalıdır. Eyni zamanda iddiaçının mənəvi təzminat kimi iddia etdiyi pul məbləğini qəbul etmir və həmin hissədə olan tələbə xitam verilməsini xahiş edir. İddiaçı oğluna 12500 manat borcu yoxdur. Onun iddiaçıya 7200 manat borcu vardır. İddianın qalan hissədə olan tələbini qəbul etmir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh qardaşı tərəfindən ona 6600 manat pul ödənilmiş və Cavabdeh tərəfindən banka 8 ay, hər ay 393 manat olmaqla, ümumilikdə 3144 manat ödəniş edilmişdir. Cavabehlə aralarında olan pul tələbi ilə bağlı yaranmış mübahisə nəticəsində o, kredit götürmüşdür. Müalicəsi Türkiyə Respublikasında mümkündür. Cavabdeh üçün götürdüyü krediti ödəyə bilmədiyindən müalicəsi üçün bankdan kredit götürmək istəsə də problemli müştəri kimi banklar tərəfindən ona kredit verilmir. Nəticədə o, buna görə mənəvi iztirab, stress keçirir. Ona görə də cavabdehdən eyni zamanda mənəvi zərər də tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun çıxış etdi, iddia tələbinin qismən təmin edilməsini, iddianın mənəvi zərər hissəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edib, izahatında göstərmişdir ki, İddiaçı Tərtər rayonunda işlədiyi hərbi hissədən tanımış, 2020ci ildə uşaqları xəstə olduğu üçün İddiaçı adına "xxxx" ASC-nin Nəsimi filialından 12500 manat kredit götürmüşdür. Bundan əlavə, İddiaçı 4500 manat məbləğində borc pul almışdır. İddiaçı aldığı borc məbləği ümumilikdə 17000 manat təşkil etmişdir. Onun qardaşı tərəfindən iddiaçıya 6600 manat pul qaytarılmış, 12500 manat kredit borcundan isə banka o özü 8 ay, hər ay 393 manat olmaqla, ümumilikdə 3144 manat ödəniş etmişdir. Hesab edir ki, iddiaçıya 7200 manat borcu qalmışdır. İddiaçı olan borcunu ödəməkdən imtina etmir, maddi imkanı zəif olduğu üçün ödəyə bilməmişdir. İddia tələbinin mənəvi zərər hissəsini isə qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş M/V 111029 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsi xx.xx.2025-ci il tarixli, 3-13-48-1/2-X-1124/11 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6577/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı kredit müqaviləsi üzrə əsas borca görə 9469,75 manat, faiz borcuna görə 1383,81 manat, cərimə borcuna görə 383,70 manat olmaqla, cəmi 11237,26 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş M/V 102626 nömrəli vəsiqədən görünür ki, Cavabdeh müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, 2022-ci ildə Cavabdeh təcili pul lazım olduğunu bildirərək, iddiaçının adına bankdan kredit götürüb verməsini xahiş etmiş və bankın aylıq ödənişini ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh banka olan borcunu ödəməkdən yayındığı üçün "xxxx" ASC-də iddiaçının adına olan kredit borcu gecikməyə düşmüş və bank iddiaçını məhkəməyə verdiyi üçün məhkəmə tərəfindən həmin borcun iddiaçıdan alınıb banka ödənilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdehin qardaşının onun borcundan 6600 manat pulu iddiaçıya qaytarması, eləcə də cavabdehin 12500 manat kredit borcundan isə banka 8 ay, hər ay 393 manat olmaqla, 3144 manat ödəniş etməsi, başqa sözlə cavabdehin iddiaçıdan borc aldığı ümumilikdə 17000 manat puldan cəmi 9744 manat hissənin qaytarılması tərəflərin məhkəmə iclasında verdikləri izahatlara təsdiq edilməklə işin mübahisə olunmayan halıdır. Ona görə də məhkəmə iddia tələbinin borcla bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməli, (17000- 9744=7256) 7256 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu hal yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmçinin Ali Məhkəmənin Plenumu göstərilən Qərarın 2-ci bəndində göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Adı çəkilən Qərarın 9-cu maddəsində tövsiyə olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçının cavabdehə borc vermək üçün sonuncunun xahişi ilə bankdan kredit götürmüş, həmin kredit borcunun vaxtında qaytarılmaması bankın iddiaçıya qarşı məhkəmədə iddia qaldırmasına və nəticədə bu barədə məhkəmə qərarı qəbul etməsinə gətirib çıxarmışdır. Müharibə veteranı olan və 3-cü dərəcə əlilliyi müəyyən edilmiş iddiaçı özünün şəxsi məqsədləri (müalicə və s.) üçün kredit götürmək istəsə də, sözügedən kredit ödənişləri gecikməsi səbəbindən problemli müştəri kimi ona kredit verilməmiş, nəticədə iddiaçı maddi məhrumiyyətlərlə üzləşmiş, bunun nəticəsində çəkdiyi əziyyətlər səbəbindən düşdüyü arzuolunmaz şərait onun şüurunda davamlı olaraq mənfi emosiya yaratmışdır. Ona görə də mənəvi narahatlığın kompensasiyası cavabdeh tərəfindən ödənilməlidir. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 15000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. Həmçinin, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 7256 manat və mənəvi zərərə görə 500 manat, olmaqla ümumilikdə 7756 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7256 manat və mənəvi zərərə görə 500 manat olmaqla, ümumilikdə 7756 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1847/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1847/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver