Məhkəmə qərarları › İş №2(049)-1907/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1907/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1907/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 975 manat məbləğində maddi ziyan pulunu və əldən çıxmış faydaya görə 400 manat pulu, ödənilmiş 38 manat 40 qəpik dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Lənkəran rayon Vilvan kənd yolunda Separadi kənd istiqamətinə özünə məxsus olan Hunday Sanata markalı **-EX-*** nömrəli maşını idarə edən zaman anidən yolun sağ ehtiyat hissəsindən bir baş iribuynuzlu yola çıxaraq idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ tərəfinə dəymişdir. Hadisə yerinə Lənkəran ŞRPŞ-nin YNH inspektoru tərəfindən araşdırma aparılmış, iş üzrə Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və İXM-nin 338.5.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Onun avtomobilinə dəyən ziyanı müəyyən edilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi maşınına baxış keçirildi və xx.xx.2023-cü il tarixli rəy verildi. Həmin rəydə avtomobilinə 975 manat ziyan vurulması göstərilmişdir. Hadisədən sonra cavabdeh Əzimov X1 PŞ-də izahat vermiş, lakin bu günə kimi vuruduğu ziyanın əvəzini ödəməkdən yayınır. Bundan əlavə özü avtomobili ilə kənd təsərrüfatı mallarını Masallı və Bakı şəhərində olan bazarlarına aparıb satır. Hazırda isə maşından istifadə edə bilmir. Cavabdehə dəymiş ziyanla bağlı xəbərdarlıq etsə də, o ziyanın ödənilməsi ilə əlaqədar heç bir hərəkət etməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı 400 manat məbləğində əldən çıxmış faydadan imtina etdiyini, cavbdehdən onun ödənilməsini tələb etmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qismən qəbul edib izahatında bildirmişdir ki, İddiaçı vurduğu 975 manat məbləğində maddi ziyanla razıdır, həmin məbləği hissə-hissə ödəməyə razıdır. Lakin əldən çıxmış faydaya görə 400 manat pul ilə razı deyildir. Buna görə də iddianın qismən, yəni 975 manat məbləğində maddi ziyan ondan tutularaq iddiaçı verilməsi hissəsində təmin edilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Hunday Sanata markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurduğuna görə onun barəsində İXM-nin 338.5.1-ci maddəsi ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Hyundaı Sanata markalı **- FX-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı nəqliyyat vasitəsinə (ehiyyat hissələrinin alınması üçün 435 manat, təmir bərpa işləri üçün 500 manat) ümumilikdə 975 manat ziyan vurulmuşdur. 20 aprel 2023-cü il tarixli 001012 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, 20 aprel 2023-cü il saat 13:00-da narkoloji müayinədən keçmiş, müayinə zamanı İddiaçı alkoqol sərxoşluğu aşkar edilməmişdir. Cavabdeh Lənkəran ŞRPŞ-nə verdiyi izahatında bildirmişdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində ona məxsus bir baş iri buynuzlu heyvan yolun hərəkət hissəsinə çıxaraq yolda hərəkətdə olan «Hunday» markalı **-FX-*** nömrəli maşının yoluna çıxaraq həmin maşının qabaq hissəsi ilə toqquşmuşdur. Bir daha heyvanı nəzarətsiz qoymayacaqdır. Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əkbərov X2 rayonun Vilvan kəndində yaşayır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 38.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsidir. Qeyd olunan hüquq normasına görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Tərəflərin izahatlarından da müəyyən edilir ki, tərəflər arasında ziyanın kim tərəfindən vurulması, ziyanın mövcudluğu barədə mübahisə yoxdur, mübahisə vurulmuş ziyanın məbləği ilə əlaqədardır. Məhkəmə hesab edir ki, Cavabdeh məxsus bir baş iri buynuzlu inəyin nəzarətsiz saxlanılması nəticəsində iddiaçıya məxsus Hunday Sanata markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 975 manat məbləğində zərər vurması iddia ərizəsinə əlavə edilmiş yuxarıda sadalanan sübutlarla, həmçinin cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatlarla öz təsdiqini tapır, buna görə də iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə Cavabdeh məxsus bir baş iri buynuzlu inəyin nəzarətsiz saxlanılması nəticəsində iddiaçıya məxsus Hunday Sanata markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması nəticəsində iddiaçının 400 manat məbləğində əldən çıxmış fayda ilə bağlı tələbinə qiymət verərək hesab edir ki, iddiaçı məhkəmə iclasına verdiyi izahatında həmin tələbdən imtina etdiyindən, cavabdeh də iddianı həmin hissədə qəbul etmədiyindən, bununla bərabər həmin halları (400 manat əldə çıxmış faydanı) təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyindən (MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür) iddia həmin hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə Cavabdeh 975 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 38.40 manat manat alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş ziyana görə 975(doqquz yüz yetmiş beş) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 38.40(otuz səkkiz manat qırx qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar