Məhkəmə qərarları › İş №2(049)-1926/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1926/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1926/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əıbdül oğlunun katibliyi ilə İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 11 iyul 2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 15000 manat pul və ödənilmiş 135 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan anasının xəstəliyi ilə bağlı borca pul istəmiş və o da, onu tanıdığına görə 2022-ci ilin aprel ayından başlayaraq hissəhissə olmaqla ümumilikdə 15000 manat məbləğində pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh həmin borcu 2024-cü ilin mart ayına kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin borcdan heç bir ödəniş etməmişdir. Cavabdeh ona olan borcunu inkar etmir və hər dəfə cavabdehə xəbər göndərsə də o, anasının xəstəliyi ilə bağlı borcunu ödəyə bilmədiyini qeyd edir. Ona görə də məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiasını müdafiə etdiyini və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə, imzası notarial qaydada təsdiq edilmiş ərizəsini göndərərək, iddianı qəbul etdiyini, anasının xəstəliyi ilə bağlı ona qulluq göstərdiyini qeyd edib məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən15000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə verdiyi iddia ərizəsinə görə 135 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh iddianı etiraf edib onu qəbul etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ : Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul və 135 manat dövlət rüsumu, cəmi 15135 (on beş min yüz otuz beş) manat alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar