Məhkəmə qərarları › İş №2(049)-1936/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1936/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1936/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində borc pulun və 135,40 manat dövlət rüsumunun, cəmi 15.135,40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan Cavabdeh 2020-ci ilin avqust ayının 04-də onun yanına gələrək bildirib ki, ona təcili pul lazımdır. Buna görə də cavabdeh ondan 3300 manat borca pul istədi və bildirdi ki, aldığı 3300 manat pulu 18 ay müddətinə qaytaracaqdır. O da onu tanıdığı üçün humanistlik, insaniyyətlik və xeyirxahlıq göstərərək cavabdehə 3300 manat əl borcu verib. Cavabdeh bu barədə ona ərizə verdi və ondan 3300 manat məbləğində pulun aldığını və 18 ay müddətində qaytaracağını orada qeyd etdi. Bundan sonra Cavabdeh ondan 5000 manat məbləğində yenidən borca pul aldı və həmin pulu da 3 ay müddətində qaytaracağını bildirdi. Daha sonra Cavabdeh yenidən ondan 4000 manat borca pul aldı və həmin pulu 18 may müddətində qaytaracağını bildirdi. Daha sonra yenidən Cavabdeh yenidən ondan 1500 manat və 1200 manat məbləğində borca pul alaraq qaytaracağını bildirmişdir. Lakin Cavabdeh ümumillikdə ondan aldığı 15000 manat məbləğində pulu indi də ona qaytarmır. Beləliklə, cavabdehə verdiyi 15000 manat borcunu ona qaytarmaqdan imtina edir. Cavabdeh onun verdiyi borcunu qaytarmaqdan imtina etdiyi üçün o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Cavabdeh xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, yəni Lənkəran rayonu Kərgəlan kəndində yaşayan Cavabdeh 04 avqust 2020-ci il tarixdə ünvan 1-da yaşayan İddiaçı 3300 manat məbləğində borc pul almışdır. 18 ay müddətində qaytamağı öhdəsinə götürür. Aldığı pulu qaytarmadığı təqdirdə üzərinə düşən öhdəliyi məcburi qaydada icra edilməsinə etiraz etmir. Cavabdeh xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 4000 manat məbləğində borc pul almışdır. Həmin borcu 18 ay ərzində ayda hissə-hissə olmaqla qaytaracaq. Cavabdeh xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Lənkəran şəhər sakini İddiaçı 5000 manat məbləğində borc pul almışdır. Həmin borcu 3 ay müddətinə xx.xx.2022-ci il tarixədək qaytaracaqdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 138.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, tərəflər arasında 3 dəfə borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş və xx.xx.2020-ci il tarixdə 3.300 manat, xx.xx.2021-ci il tarixdə 4.000 manat və xx.xx.2022-ci il tarixdə isə 5.000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh də həmin halı notarial qaydada təsdiq edilmiş yazılı ərizə ilə rəsmiləşdirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc məbləğini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə qaytaracağını öz öhdəsinə götürsə də öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələr yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, həmçinin iddianın təmin edilməsini istisna edən əks sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia 12300 manat məbləğindən pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçının cavabdehə əlavə olaraq 1200 manat və 1700 manat məbləğində borc pulun verilməsi və həmin pul məbləğlərinin də cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı qeyd olunan pul məbləğlərində borcun cavabdehə verilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə əsassızdır və buna görə də bu hissədə rədd edilməldir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12300 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 135.40 manat manat alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır.a Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.230,00(bir min iki yüz otuz yüz) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 135.40(bir yüz otuz beş manat qırx qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar