Məhkəmə qərarları › İş №2(049)-1937/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1937/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1937/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat alimentin dəyişdirilrək, Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat alimentin və hər ay müalicəsi üçün 150 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2017-ci ildə bağlanmış nikah Lənkəran rayon məhkməəsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il tarixli X1 üçün hər ay 150 manat aliment və uşağın 3 yaşına çatanadək 50 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşağın 4 yaşı var, məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın səhhətində problem var. xx.xx.2021-ci il tarixindən beyin əzilməsi, sağ təpə sümüyünün xətti sınığı, sağ gicgah nahiyyəsində yumuşaq toxumalarının əzilməsi diaqnozu ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X9” qeydiyyata götürülmüşdür. Uşağın məsrəfləri və müalicə xərcləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağın bütün qayğısını, ehtiyacını o çəkir. Uşağın təlim tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə birgə nikahdan doğulmuş Timur adlı uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği hazırda həmin uşağın saxlanmasına kifayət etmir. Bundan başqa Timur adlı uşağın hər ay müalicəsi üçün müəyyən xərclər tələb olunur ki, cavabdeh həmin xərcləri mütamadi olaraq ödəməkdən boyun qaçırır. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonunda doğulmuşdur. X2, atası Cavabdehdur. Lənkəran şəhər mənzil təsərrüfatı idarəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Muradlı X6 şəhər Nizami küçəsi ev 92 mənzil 59 ünvanında yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Lənkəran rayon X5 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində «J06.9 Kəskin resperator xəstəlik» diaqnozu ilə Lənkəran rayon X5 hüquqi şəxsin Uşaq bölməsində ambulator müalicə olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-659/2022 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(049)-637/2021 saylı qətnaməsi ilə 08 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında təyin alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh 150 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək 50 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Timur adlı bir uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(049)-659/2022 saylı qətnaməsi ilə, adıçəkilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını, habelə uşağın müalicə xərcləri üçün hər ay 150 manat sabit pul məbləğində pul tələb edir. Cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-659/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tələb edildiyi vaxtdan, yəni 14 mart 2022-ci il tarixdən artıq 1 ildən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X3 böyüdükcə hər il artan xərclərini, habelə 2022-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin (2022-cı ildə 193 manat həddində müəyyən edilmişdir) 2023-cü il ilə müqayisədə 14 faiz artmasını nəzərə alaraq hesab edir ki, iddia Timur adlı uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin artırılması hissəsində qismən əsaslıdır. Buna görə də Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 150 manat sabit pul məbləğində alimentin miqdarı da həmin həcmdə artırılaraq tərəflərin birgə nikahından doğulmuş həmin uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. Məhkəmə iddianın X3 müalicəsi üçün cavabdehdən hər ay 150 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddianın həmin hissədə qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə; 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan müəyyən olunur ki, əlavə xərclər yalnız ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar hər ay sabit pul məbləğində ödənilir. Lakin hazıki işin hallarından görünür ki, iddiaçı yetkinlik aşına çatamayan Timur adlı uşağın mütamadi olaraq tibbi yardıma ehtiyacının olması və bu xərclərin məbləği barədə məhkəməyə hər hansı mörtəbər sübut təqdim etməmiş və təqdim edilmiş sübutlar isə həmin halları təsdiq etmir. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşür. Məhkəmə Lənkəran rayon X5 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışı ilə əlaqədar qeyd edir ki, həmin Arayış Timur adlı uşağın mütamadi müalicəyə ehtiyacının olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunan Arayışın məzmununa görə ünvan 1 ünvanında yaşayan xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində «J06.9 Kəskin resperator xəstəlik» diaqnozu ilə Lənkəran rayon X5 hüquqi şəxsin Uşaq bölməsində ambulator müalicə olunmuşdur. Göründüyü kimi Arayışda Timur adlı uşağın mütamadi müalicəyə ehtiyacının olması barədə hər hansı qeyd aparılmamış, əksinə uşağın ambuator şəraitdə müalicə edildiyi qeyd olunmuşdur. Digər tərəfdən iddiaçı həmin müalicənin aparılması ilə əlaqədar çəkilmiş xərclərin məbləği barədə məhkəmə sübut təqdim etməmiş, təqdim edilmiş tibbi reseptlərdə yalnız alınmalı olan dərman preparatlarının adları qeyd edilmişdir. Məhz yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia «X3 müalicəsi üçün cavabdehdən hər ay 150 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi» hissəsində rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 41,6 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 41,6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-659/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 41.6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar