Məhkəmə qərarları › İş №2(049)-1959/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1959/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1959/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 ABŞ dollarının ekvivalenti olan məbləğdə pul vəsaiti, dəymiş ziyan qismində 4.166 ABŞ dolları, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 163 manat, ümumilikdə 14.166 ABŞ (pulun ödənildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi dolların məzənnəsi ilə 14166 ABŞ dollar məbləğinin ekvivalenti olan məbləğdə pul vəsaiti) dolları pul vəsaitinin və 163 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh ilə doğulduğu Lənkəran rayonunda qonşu olmuşdur və onu uşaqlıqdan tanımışdır. Heç bir zaman aralarında qərəzli münasibət olmamışdır. 2017-ci ildə Cavabdeh ondan öz oğlunu FHN-nə işə düzəltmək niyyəti ilə 10.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Həmin vaxtlarda aralarında olan münasibətin və tanışlığın sayəsində ona inanmış, Xanağa ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində görüşərək ona 10.000 ABŞ dolları borc pul vermişdir. Xanağa borcunu qısa müddətdə ona qaytaracağını vəd etsə də, uzun müddət keçməsinə baxmayaraq, Xanağa borcunu ödəməkdən imtina etmiş və müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Onun dəfələrlə borcun qaytarılması üçün Xanağaya etdiyi müraciətlər və xəbərdarlıqlar nəticəsiz qalmışdır. Bununla əlaqədar o, 16 yanvar 2025-ci il tarixində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edərək şikayət vermişdir, lakin müraciəti əsasında toplanmış material əsasında Binəqədi RPİ-nin 4-cü PŞnin təhqiqatçısı, polis mayoru X2 21 yanvar 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bu günədək ona borclu olduğu pulu verməmiş, müxtəlif bəhanələrlə onu aldatmış, bundan başqa həmin məbləği özündə qanunsuz saxlamaqla onu qazanacağı gəlirdən məhrum edərək ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh uşaqlıqdan tanımışdır. Xanağa yük maşını idarə edirdi və o, da Bakı şəhərində armatur ticarəti ilə məşğul olurmuş. Xanağaya armatur daşımaq üçün iş verirmiş. Bir gün Xanağa ona yaxınlaşaraq ona bildirmişdir ki, oğlunu işə düzəltməsi üçün ona borca pul lazımdır. Xanağanı çoxda tanıdığı üçün ona borca pul verməyə razılaşmışdır və onunla 2015-ci ilin son aylarında Bakı şəhərində “Elit” ticarət mərkəzinin qarşısında görüşərək, ona 10.000 ABŞ dolları pulu vermişdir. Pulu verərkən onların yanında başqa heç kəs olmamışdır. Sonradan Xanağa müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan yayınmışdır. Buna görə tədbir görülməsi üçün polisə müraciət etmişdir. Xanağanın həyat yoldaşı ona zəng edərək xahiş etmişdir ki, ərizəsini geri götürsün və Xanağa onun borcunu qaytaracaq. Hazıradək Xanağa ondan borca aldığı 10.000 ABŞ dolları pulu ona qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia təlləbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, o, yük maşını Kamaz idarə edir. Əliövsət də Bakı şəhərində Dərnəgül tikinti malları mağazasında işləmişdir. Əliövsətin işlədiyi mağazadan mütəmadi olaraq armaturu alıcılara daşımışdır. Bu daşımalar nəticəsində bir müddətdən sonra mağazaya 8.000 manatlıq borcu yaranmışdır. Həmin borc daşıdığı armaturun pulundan ödənilməyən məbləğə dair yaranmışdır. Bundan sonra həmin 8.000 manat pulu Aliövsətin işlədiyi mağazanın müdiri Asifə tam şəkildə ödəmişdir və hazırda da mağazaya heç bir borcu qalmamışdır. Əliövsətdən isə heç vaxt borca pul istəməmişdir və Əliövsət də ona borca heç bir pul verməmişdir. İddia ərizəsində qeyd edilən hadisə, yəni onun Əliövsətdən guya oğlunu işə düzəltməsi üçün pul alması hadisəsi olmamışdır. İddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia təlbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında cavaddehin vəsatətinə əsasən şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, Bakı şəhərində yerləşən Dərnəgül tikinti mallarının satış mərkəzində armatur satışı ilə məşğul olur. Onun mağazası var və Əliövsət də əvvəllər onun işçisi olmuşdur. Əliövsət təxminən 3 il bundan əvvəl işdən çıxmışdır. Əliövsət onun üçün müştəri tapırmış və o, da bunun müqabilində ona pul ödəyirmiş. Xanağa yük maşını sürücüsüdür və onun mağazasından tikintilərə armatur daşıyırmış. Ona borcu olan şəxslər barədə işçisi olan İlhamdan soruşduqda o, da borclulardan birinin Xanağa olduğunu bildirmiş və demişdir ki, Xanağanın mağazadan daşıdığı armaturların pulunda 8.000 manat əskik ödəməsi vardır. O, Xanağaya zəng edərək, mağazaya olan borcunu ödəməsini ondan tələb etmişdir. Xanağa da 2025-ci ili yanvar ayında işlədiyi mağazaya gələrək, mağazaya olan 8.000 manat borcunu tam şəkildə ona ödəmişdir. Bir müddət bundan sonra Xanağa ona zəng edərək bildirmişdir ki, Əliövsət ondan polisə şikayət edib. O, da Xanağaya bildirmişdir ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İddia ərizəsinə əlavə edilmiş: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis mayoru X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh Şir oğluna göndərilməklə ərizəçiyə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi döngə 2, mənzil 9- da yaşayan X3 16 yanvar 2025-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-yə müraciət edərək göstərmişdir ki, təxminən 2017-ci ildə Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 10000 ABŞ dollarını Xanağanın öz oğlunu FHN- yə işə düzəldilməsi üçün və qısa müddətdə qaytarmaq şərti ilə vermiş, lakin bundan uzun müddət keçməsinə baxmayaraq Xanağa onun pulunu qaytarmır. Təhqiqat aaşdırması zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Əlövsət Dadaşovun barəsində yazdığı müraciətin mahiyyəti ilə tanış olaraq bildirmişdir ki, Əlövsət Dadaşov doğulduğu Lənkəran rayonunda onunla qonşu olub, onu uşaqlıqdan tanıyır, aralarında heç bir qərəzli münasibəti olmamışdır. Təxminən 4-5 il bundan əvvəl o, yük avtomobilini idarə edirmiş və tiKintilərə yük daşıyırmış.Həmin ərəfələrdə Bakı şəhəri Dərnəgül qəsəbəsində bazardan Əlövsətin mağazasından çoxlu miqdarda armaturları tikintilərə daşımış və tikintilərdən verilən malın pulunu da Əlövsətin özünə verirmiş. Sonra elə olmuşdur ki, tikintidə bir dəfə 30 ton armaturun az olması müəyyən edilmiş və həmin malın pulunu da o, ödəməli olduğunu bildirmişlər. O, da Əlövsətə bu barədə demişdir ki, onun verdiyi armatur az olmuşdur. Əlövsət də ona demişdir ki, bu onun problemi deyil, armaturub pulunu ödəməlidir. 8000 manat dəyərində armatur əskik olmuşdur. O, da həmin 8000 manat pulu aparıb Əlövsətin mağazasında oranın müduriyyəti Asifə ödəmiş, onun onlara heç bir borcu qalmamışdır.Qeyd etmişdir ki, Əlövsət müraciətində düzgün göstərməmiş, Əlövsətdən heç vaxt pul almamışdır. 908117485 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia tələbi üzrə İddiaçı tərəfindən 163 manat dövlət rüsumu ödənilmişdir S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixliqərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər həmin Məcəllənin 26-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, öhdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir. Həmçinin qeyd edilən əsaslara görə cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Beləliklə məhkəmə baxışında iddiaçı ilə cavabdeh arasında hər hansı məbləğdə borc münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda bu hal məhkəmə baxışı zamanı təsdiqlənməmişdir. Belə ki, iddiaçı, cavabdehə 10.000 ABŞ dolları pul vəsaitini borc kimi, ondan oğlunu işə düzəltməsi məqsədilə istədiyi üçün vediyini bildirmişdir. Cavabdeh isə bunu təkzib etmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qararla da iddia ərizəsində qeyd edilən xüsusatlar təsdiq edilmir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin istinad etdiyi həmin halları sübut edə bilmədiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia tələbi üzrə ödənilmiş 163 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar