Məhkəmə qərarları › İş №2(049)-1965/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1965/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1965/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9800 manat pulun alınaraq onun xeyrinə tutulmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 9800 manat pul almışdır və bu barədə qəbz vermişdir. Həmin puldan o ona heçnə qaytarmamışdır. Bundan sonra o dəfələrlə Cavabdeh 9800 manat pulu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. Bir sözlə o onun etibarından sui-istifadə edərək, dələduzluq yolu onu aldatdı və nəticədə ziyan vurdu. Məhkəmə iclasında Cavabdeh etiraz verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Çünki iddia ərizəsi üzrə tələb edilən məbləğ 9800 manat qeyd edilmiş, lakin həmin məbləğ o qədər olmamışdır. O İddiaçı dostu Rüfət vasitəsi ilə tanımış və bu tanışlıq uzun müddət davam etmişdir. Tanış olduğu müddət ərzində ondan heç vaxt bir dəfəyə iddia ərizəsində qeyd edilən 9800 manat məbləği almamışdır. Belə ki, o Nəsimidən hissə-hissə olaraq ümumillikdə 1500-2000 manat məbləğində borca pul almış, həmin borc pulun müqabilində hissə-hissə ümumillikdə götürdükdə 6000-7000 manat məbləğində pul qaytarmışdır. Sözü gedən iddia tələbində qeyd edilmiş 9800 manat pulun alınmasında özü imza etmişdir. Buna səbəb atasının ağır xəstə olması və iddiaçının da atasına ona borcu olduğunu atasına deyəcəyi, ailəsinin yanında onu biyabır edəcəyi barədə ona bildirməsi olmuşdur. O da məbur qalıb bu sənədi imzalamışdır. Çox əfsuslar olsun ki, həmin hadisədən uzun müddət keçdiyindən onunla vatsap vasitəsi ilə yazışmışlar və danışıqlar mobil telefonundan silinmiş və qalmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki. iddiaçı tərəfindən təqdim olunmuş yazılı qəbzdən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh İddiaçı 9800 manat pul borc götürmüş və xx.xx.2017-ci il tarixəd qaytarılmasına öhdəlik götürmüşdür. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı 9800 manat məbləğində pulu cavabdehə borc verməyi, cavabdeh isə həmin borc məbləğini xx.xx.2017-ci ildə aldıqdan sonra xx.xx.2017-ci il tarixdə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 9800 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı 9800 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizə işinin faktiki hallarını sübuta yetirir. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının dəlilləri ilə əlaqədar qeyd edir ki, cavabdeh özü iddiaya qarşı etirazında, həm məhkəmədə verdiyi izahatında yazılı borc müqaviləsinin özü tərəfindən imzalandığını bildirmiş, lakin yazılı müqavilənin iddiaçının hədə qorxusuna görə imzalamış, bunu təsdiq edən sübutları, yəni Whatsapp sosial şəbəkəsində iddiaçı ilə yazışmaları olsa da, həmin yazışmalar silindiyindən həmin sübutları məhkəməyə təqdim edə bilmir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdiom etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9.800 manat manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9.800 (doqquz min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar