Məhkəmə qərarları › İş №2(049)-1971/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1971/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1971/2024 21.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı əmlakın bazar qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-SR-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit yük markalı avtomobilin real bazar qiymətinin yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində həm Cavabdeh1, həm də Cavabdeh2 MMC-ni cavabdehlər qismində qeyd etmiş, lakin iddia ərizəsinin sonunda tələbin məzmununa aid hissədə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olmasını göstərməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin sonunda tələbin məzmununa aid hissədə öz tələbi kimi avtomobilin real bazar qiymətinin yenidən müəyyən edilməsini xahiş etsə də, həmin tələbi kimdən xahiş etdiyi iş materiallarından müəyyən edilmir. Bununla da iddiaçı qeyrimüəyyən tələblə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ona məxsus avtomobilə Cavabdeh2 MMC tərəfindən müəyyən edilən 22.000 manat qiymətdən narazıdır. Belə olan halda, Cavabdeh1 hazırki iş üzrə nə üçün cavabdeh olduğu iş materiallarından müəyyən edilmir. Belə olan halda, Cavabdeh1 cavabdehlər sırasından çıxacağı təqdirdə hazırki iddia tələbinin aidiyyəti də Lənkəran Rayon Məhkəməsinə deyil, digər Cavabdeh2 MMC-nin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə olacaqdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş şəxsə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edildiyi kimi, həmin cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməyibsə və ya, ümumiyyətlə, iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə ilk növbədə, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə, habelə cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olmasını aşkar şəkildə qeyd edilmədiyinə, tələbin kimə qarşı yönəldiyi dəqiqləşdikdən sonra işin ərazi aidiyyətinin dəyişəcəyi ehtimalı olduğuna görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada və aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Eyni zamanda, iddiaçıya izah edilir ki, yenidən məhkəməyə müraciət ediləcəyi təqdirdə, iddia ərzəsinin tələbin məzmununa aid hissəsində tələbin mahiyyəti, iddia bir neçə cavabdehə verildikdə isə cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olması dəqiq və aydın göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı əmlakın bazar qiymətinin müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş, həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar