Məhkəmə qərarları › İş №2(049)-1979/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1979/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1979/2023 04.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)-2518/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla, ondan, yəni Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çalanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi və mediasiya prosesinin həyala keçirilməsi üçün ödədiyi 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Lənkəran rayon, Şağlaküçə kəndində doğulmuşdur. Cavabdeh ilə 23 noyabr 2013-cü il tarixdə ailə qurub evlənmişdir. Faktiki nikahlarından xx.xx.2014-cü il tarixdə Məriəm adlı uşaqları doğulmuşdur. Nikahları olmasa da uşaq cavabdehin soyadını daşıyır. xx.xx.2019-cu il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə aralarında olan narazılıqlara göra ayrılmışlar. Cavabdeh uşağın saxlanması üçün maddi cəhətdən heç bir kömaklik göstərməmişdir. Uşağı saxlamaqda çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciat etmiş və Lənkaran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində150 (yüz əlli) manat miqdarında alimentin tutularaq Məriəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan bir müddət keçmişdir va hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 10-15 dəfədən da çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır, eyni zamanda uşaq artıq böyüyübdür, məktəblidir va aylıq tələbatı artmışdır. Beləliklə, uşağın saxlanması üçün xərc har ayda 450-500 manat həddində olur. O, tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isa bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: “Doğum haqqında şəhadətnamə”nin müvafiq qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Novqorod vilayətinin Velikiy Novqorod şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 27 dekabr 2019-cu il tarixdə verilmiş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin müvafiq qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X2 atası hesab edilmişdir. Uşağın anası isə İddiaçıdır. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 16 iyul 2014-cü il tarixdə 269 nömrə ilə qeyd edilmişdir. Lənkəran ŞİHB-nin Şağlaküçə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Şükürova X3 rayonu, Şağlaküçə kəndində yaşayır. 27 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00840 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 27 aprel 2023-cü il tarixli müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)-2518/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 19 iyun 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü sabit pul məbləğində hər ay 150 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 19 iyun 2014-cü il tarixdə doğulmuş X4 adlı bir uşağı vardır. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)-2518/2021 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)-2518/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 300 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 2 il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X2 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)-2518/2021 saylı qətnaməsi ilə 19 iyun 2014-cü il tarixdə doğulmuş X1 üçün təyin edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Məriəm adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 50 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 600 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(049)- 2518/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 iyun 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Mediasiya xidməti üçün ödənilmiş 55 manat Cavabdeh tutularaq iddiaçı İbadullayeva İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar