Məhkəmə qərarları › İş №2(049)-203/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-203/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-203/2023 11.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, caavbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 900 manat borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq ümumillikdə 930,40 ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Qala xiyabanı ünvanında yerləşən mağazasında Cavabdeh1 12 fevral 2022-ci il tarixində 1340.0 manat dəyərində, ilkin ödəniş məbləği 1400.00 manat olmaqla qalan 1200.0 manat məbləğində borc olaraq kredit müqaviləsi üzrə 12 ay müddətinə ödəmək şərtilə məişət əşyası olan ACER A315 modelli notbuk almışdır. Ödəniş cədvəl üzrə son ödəniş tarixi 12 yanvar 2023-cü il tarixidir. Aldığı kredit müqaviləsi üzrə hazırkı tarixə 900.0 manat borc yaranmışdır. Həmin borc müqaviləsi borclu Cavabdeh1 xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Mağazanın əməkdaşları tərəfindən müxtəlif zamanlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər edilmişdir. Lakin onun tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə 29 iyun 2022-ci il tarixində borcun ödənilməsi barədə xəbərdarlıq bildirişi göndərilmiş və həmin xəbərdarlıq bildirişi 06 iyul 2022-ci il tarixində qəbul edilmişdir. Bildirişdə yaranmış borc məbləğin qısa zaman ərzində qaytarılmasını tələb etmiş, lakin cavabdehlər bu günə kimi borcun qaytarılmasını təmin etməyiblər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən 12 ay ərzində qaytarmaq şərti ilə 1340 manat dəyərində ACER A315 modelli notbuk almışdır. xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 12 ay müddətində hər ay 100 manat olmaqla, sonuncu ödənişi 100 manat xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Bildirişlərin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi təklif olunmuşdur. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. Belə ki, iddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh İddiaçı tərəfindən 12 ay ərzində qaytarmaq şərti ilə 1340 manat dəyərində ACER A315 modelli notbuk almışdır. xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 12 ay müddətində hər ay 100 manat olmaqla, sonuncu ödənişi 100 manat xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh1 mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 900 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar Cavabdeh1 münasibətdə iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini tam şəkildə və vaxtında ödəməmişdir. icra etməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakılar qeyd edir: İddiaçı Cavabdeh2 qarşı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəflər arasında bağlanmış müqaviləyə imza etmiş və bununla da zamin kimi öhdəliyin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcələnin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, zamin zamin durduğu başqa şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürür və müqavilənin icra edilməsinə görə onunla birgə məsuliyyət daşıyır, o halda ki, tərəflər arasında yazılı zaminlik müqaviləsi bağlansın. Zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında yazılı zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh2 İddiaçı və Cavabdeh1 arasında bağlanmış müqaviləyə zamin kimi imza etməsini isə tərəflər arasında arasında bağlanmış zaminlik müqaviləsi hesab etmək olmaz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında müqavilə o halda bağlanmış sayılır ki, onlar müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş olsunlar. Belə olan halda iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi o halda etibarlı müqavilə hesab edilə bilər ki, iddiaçı ilə Cavabdeh1 arasında 12 fevral 2022ci il tarixdə bağlanmış müqavilə üzrə ödəniş cədvəlində zaminlik müqaviləsinin predmetinə dair şərtlər, habelə həmin müqavilə üzrə zəruri şərtlər İddiaçılə Cavabdeh2 arasında razılaşdırılmış olsun. Lakin, Cavabdeh2la İddiaçı arasında zaminlik müqaviləsinin predmeti və zəruri şərtləri ilə bağlı hər hansı razılaşma yazılı şəkildə qeyd edilməmiş, yalnız «Zamin» qrafasının qarşısında imza edilərək «Cavabdeh2» yazılmışdır. Bu hal isə qanunvericiliyin tələbi baxımdan zaminlik müqaviləsinin bağlanmış hesab olunmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 900 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat. Xidmət haqqına görə 0,40 manat pul alınaraq, İddiaçı ödənilməlidir və Cavabdeh2 münasibətdə isə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 900(doqquz yüz) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat, xidmət haqqına görə 0,40 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar