Məhkəmə qərarları › İş №2(049)-2043/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2043/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2043/2024 07.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Əzizov Elşən Əziz oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizələrinə düzəliş edilməsinə dair ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, onlar iddia ərizələrində mexaniki səhvə yol verərək cavabdeh qismində “Cavabdeh1”nu göstərmək əvəzinə “Əzizov Elşən Əziz oğlu”nu göstərmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh Əzizov Elşən Əziz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4249 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə ödənilmək şərtilə 3500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 4249/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət dayışırlar. Lakin buna baxmayaraq cavabdeh Əzizov Elşən Əziz oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 3500 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 601.90 manat, müqavilə müddəti bitən tarixə 2436 manat, ümumilikdə 6537.90 manat 90 qəpik məbləğində borcu mövcuddur. Sadalananları nəzərə alaraq cavabdehlərdən 3500 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 601.90 manat, müqavilə müddəti bitən tarixə 2436 manat, ümumilikdə 6537.90 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq 24 oktyabr 2019-cu il tarixində keçirilmiş hazırlıq iclasına iddiaçı və cavabdehlər gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı 24 oktyabr 2019-cu il tarixli, 2(049)-2739/2019 saylı qərardad qəbul etmişdir.(hakim M.İsayev) İddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək, məhkəmə barədə İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununa məlumat verilmədiyini və məhkəmə qərardadı göndərilmədiyinə görə məlumatsız olduqlarını, qeyd edilənləri nəzərə alaraq qərardad ləğv edilməklə mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə 02 may 2024 cü il tarixdə, iddiaçının nümayəndəsinin verdiyi şikayətin əsaslı olduğu qənaətinə gəlib, Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(049)-2739/2019 saylı qərardadını ləğv edərək iş üzrə icraatı təzələmişdir. Həmin mülki iş bu ilə keçdiyi üçün işə 2(049)-2043/2024 saylı nömrə verilmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının adı səhvən Əliş deyil Elşən kimi qeyd edilmişdir. Həmçinin iddiaçı tərəfindən kredit borcu üzrə maliyyə arayışı təqdim edilmədiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək iddia ərizəsində Cavabdeh1 səhvən Elşən Əzizov kimi qeyd edildiyini və Elşənin Əliş kimi oxunmasını xahiş etmişdir. Əlavə olaraq mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılımışdır. Ekspertin rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası 07 noyabr 2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, ekspert rəyini uyğun hesab etdiklərini və iştirakı zəruri olduğu halda məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ekspert rəyini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4249 saylı kredit müqaviləsindən görünür ki,Cavabdeh1 illik 36 faiz dərəcəsi ilə, 24 ay müddətinə 3500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4249/1 saylı zaminlik müqaviləsində görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşdür. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6887 saylı ekspert rəyindən görünür ki, 4249 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 3500 manat əsas, 2520 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil eləyir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, Sadalanan Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü -249 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə ödənilmək şərtilə 3500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank digər Cavabdeh2 ilə həmin tarixdə 4249/1 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 oğlu kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şfahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda cavabdehlərin LPO İddiaçı ASC-yə əsas borc üzrə 3500 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 601.90 manat, müqavilə müddəti bitən tarixə 2436 manat, ümumilikdə 6537.90 manat 90 qəpik məbləğində borcu mövcuddur. İşin göstərilən halları iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 LPO İddiaçı ASC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, işdə olan zaminlik müqaviləsinin 4.2-ci bəndindən görünür ki, bu müqavilə borcalanın Bank qarşısındakı öhdəliklərini yerinə yetirdikdən sonra qüvvədən düşür. Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən isə Bu müqavilənin müddətinin bitməsi tərəflərin müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir, müqavilə üzrə öhdəlik tam icra edildikdən sonra bu müqavilə öz qüvvəsini itirir. Məhkəmə iclasında müəyyən olundu ki, əsas borclu Bank qarşısında olan öhdəliyi icra etməmiş və bu səbəbdən də, zaminlik müqaviləsi də qüvvədən düşməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 3500 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 601.90 manat, müqavilə müddəti bitən tarixə 2436 manat, ümumilikdə 6537.90 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühasibatlıq ekspertizasının rəyinə əsasən mövcud faiz borcu 2520 manat hesablansa da, iddia ərizəsində 2436 manat faiz borcu tələb edilmişdir. Hakim qanunda göstərilən müstəsna hallar istisna olmaqla iddia tələblərindən kənara çıxa bilməz. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, 4249 saylı kredit Kredit müqaviləsi üzrə 3500 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 601.90 manat, müqavilə müddəti bitən tarixə 2436 manat, ümumilikdə 6537.90 manat borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar