Məhkəmə qərarları › İş №2(049)-2044/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2044/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2044/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahılarından dünyaya gəlmiş xx.xx.2011-cü il təvəllüdlü X6 və xx.xx.2012-cü il təvəllüdlü X1 ötrü alimentin artırılaraq hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat məbləğində alimentin cavabdehdən tutularaq hər ay onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2016- ci il tarixli 2(049)-708/2016 qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah rəsmi şəkildə pozulmuşdur. Həmin qətnamədə birgə nikahlarından dünyaya gələn uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 80 manat və xx.xx.2012-cı il təvəllüdlü X1 ötrü 80 manat olmaqla, ümumilikdə hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qətt edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə bağlı Lənkəran Rayon Məhkəməsi tərəfindən 09 iyul 2018-ci il tarixli, 2(049)-3466/2018 nömrəli qətnamə qət edilmişdir. Həmin qətnaməyə əsasən alimentin məbləği artırılaraq hər uşaq üçün 100 manat, ümumillikdə 200 manat sabit pul məbləği təyin edilmişdir. O bildirir ki, hal-hazırda övladları onun himayəsində saxlanılır. Övladlarının maddi və mənəvi ehtiyaclarını o təmin edir və cavabdeh uşağlarının saxlanılması üçün aliment ödəmək öhtəliyini yerinə yetirmir. Bundan öncə də Cavabdeh üzərinə düşən öhtəliyi icra etmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 1(049)- 342/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli bilinmiş və ona 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sözügedən şəxs həmin cəzanı çəkmişdir. Yuxarıda qeyd etdiyi kimi birgə nikahlarından iki övladları dünyaya gəlmişdir və onlar böyüdükcə maddi tələbatları da günü-gündən artır. Əlavə olaraq qeyd etmək istəyir ki, məhkəməyə müraciət etməmişdən öncə mübahisənin mediasiya vasitəsi ilə həll olunmasından ötrü cavabdehə təklif məktubu göndərmişdir. Lakin Cavabdeh məlumatlandırılmasına baxmayaraq təşkil edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 aprel 2024-cü il tarixli, MŞL/MTO14/2024- 00459 nömrəli arayışı iddia ərizəsinə əlavə etmişdir. Bu səbəbdən də Cavabdeh qarşı aliment məbləğinin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Lənkəran Rayon Məhkəməsi tərəfindən 09 iyul 2018-ci il tarixli, 2(049)-3466/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahılarından dünyaya gəlmiş xx.xx.2011-cü il təvəllüdlü X6 və xx.xx.2012-cü il təvəllüdlü X1 ötrü alimentin artırılaraq hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat məbləğində alimentin cavabdehdən tutularaq hər ay onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, alimentin artırılmasına razı olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİ № 619137 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİ № 957025 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Müvafiq ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-708/2016 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 anasının yanında qalması müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 manat olmaqla, hər ay iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012ci il tarixdə doğulmuş X5 adlı iki uşağı vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(049)-708/2016 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş Rza və Raqib adlı uşaqların iddiaçının yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması hər ay bir uşağa görə 80 manat olmaqla, hər ay iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu, alimentin məbləğinin 470 manat məbləğində artırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbəti ilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 6 il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Rza və Raqib adlı uşaqların saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3466/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ümumi miqdarı, yəni 200 manat hazırki dövr üçün (2024-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 235 manatdan azdır. Ona görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi baxımından cavabdehin iddia tələbini qəbul etməməsi ilə razılaşmır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda Rza və Raqib adlı uşaqların böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3466/2016 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Rza və Raqib adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, hər ay iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinin tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 120 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1440 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-3466/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq ilə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, hər ay iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar