Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2046/2025 08.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X9, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə1 və Nümayəndə2, Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən, sahibliyində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində əmlak hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə (əmlaka ziyan vurulmasına, qəsdən yaradılan səs-küylərə, digər müdaxilələrə) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmidşdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında tək yaşayır, 74 yaşı var, ürək xəstəsidir. Yaşadığı ev hələ 2016-cı ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin 03 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ona verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1 (086)-600/2019-saylı qərarı ilə ona mülkiyyətə dair çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulmuşdur. Onun əsasında ona həmin evə dair xx.xx.2019-cu il tarixli, **********43-05101-093003 saylı texniki pasport və çıxarış verilmişdir. Sonradan həmin evi sənəd üzərindən yaxın qohumuna bağışlama müqaviləsi ilə versə də, lakin ev faktiki olaraq onun istifadədir, digər yaşayış yeri olmadığına görə, hazırda da orada yaşayır. Lakin təəssüflər olsun ki, onunla eyni dam altında yaşayan, divar qonşuları, iş üzrə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və oğlu X10 onun həmin evdə rahat yaşamağına mane olurlar. Qərəzli olaraq, qanunsuz hərəkətləri ilə ona qarşı psixi və fiziki təzyiqlər göstərirlər. Məqsəd odur ki, tək olduğundan istifadə edərək, onu evdən çıxıb getməyinə və bununla da, evi qanunsuz ələ keçirməyə nail olsunlar. Cavabdeh1 münasibətdə qeyd edir ki, 06 sentyabr 2024-cü il tarixində evdə olarkən, ayaqyolunda imiş, bir anlıq evin divarına zərbələr endirilməyə başlanıldı, bu hal 3 dəfə təkrar olundu. O, qorxusundan çölə çıxmış, sonradan bunun Cavabdeh1 tərəfindən qəsdən törədilməsini bilmişdir. Sentyabr ayının 8-də bu hal yenədə təkrarlanmışdır. Onun tərəfindən bu kimi hallar baş verdiyindən DİN-nin 102 qaynar xəttinə zəng vurmuşdur. Lənkəran Şəhər Poliş Şöbəsinin əməkdaşları evə gəlmişlər. Lakin, cavabdeh polislərdən gizlənmişdir. Polislər gedəndən sonra cavabdeh ona hücum çəkmiş, onu öldürməklə hədələmişdir. Sonradan daha da ona qarşı aqresiya göstərməyə başlamışdır. Digər Cavabdeh2 gızı da həyat yoldaşı ilə birgə ona hədə-qorxu gəlir. 27 sentyabr 2027-ci il tarixində Cavabdeh2 həyətdən çıxmağını, əks halda evi yandıracağını bildirmişdir. Qəsdən gecə saat 12 dən sonra səs-küy salır, evin ona aid hissədə divarları dağıdır, qəsdən ziyan vurur. Evdə rahat yaşamağına imkan vermirlər, həmişə təşviş içində yaşamağına zəmin yaradırlar. Cavabdehlərin Ravin adlı oğlu da valideynlərinin təklifi ilə onu ələ salır. Hətta dəfələrlə yaşadığı evin damına çıxıb, ona aid olan hissədə dama ziyan vurur, qəsdən sökür, dağıdır ki, dam çöksün. Buna dair foroşəkillər də işə əlavə olunub. Göründüyü kimi ailəcə ona qarşı qəsdən qanunsuz hərəkətlərə yol verirlər ki, o, qorxudan oradan çıxıb getsin. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara 102 Qaynar xəttinə, Daxili İşlər Nazirliyinə, Lənkəran Şəhər Polis Şöbəsinə şikayətlər etmişdir. Amma, gələn rəsmi cavablardan məlum olur ki, bu şəxslərlə bağlı obyektiv araşdırma aparılmayıb. Cavabdehlərin qanunsuz hərəkətləri ev daxilində baş verir, məsələ ilə bağlı evə polis məmurları gələndə cavabdehlər təbii ki, etdiklərini qəbul etməyirlər. Amma, etdiyi şikayət ərizələri də qərəzli deyil, çünki əqli cəhətdən sağlamdır, hərəkətinin mahiyyətini dərk edir, ona qarşı olan qanunsuzluqların mahiyyətini başa düşür. Cavabdehlərə qarşı da ədavət və düşmənçiliyi olmayıb. Belə olan vəziyyətdə, onu nə vadar edir ki, cavabdehlərə böhtan atsın? Hazırda yaşlı insandır, ömrümün son illərini də sakit, rahat və təhlükəsiz yaşamaq istəyir, bu onun konstision hüququdur. Bu səbəbdən də hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hazırkı evi X11 adlı qohumuna bağışlamışdır, lakin özü hazırda həmin evdə yaşayır. Cavabdehlər ona sakit yaşamağa mane olur və qəsdən qanunsuz hərəkətlər edirlər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiçının nümayəndəsi və vəkili Nümayəndə1 və Nümayəndə2, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddia tamamilə əsassızdır, o, ailəsi ilə birlikdə iddiaçının yaşadığı həyətdə yaşayır. Əvvəllər münasibətləri yaxşı olmuş və gediş-gəlişləri olmuşdur. Sonradan isə iddiaçının onlara qarşı davranışlarə dəyişmişdir. İddiaçı polisə ondan şikayət etmiş, lakin polis əməkdaşları hər hansı hal aşkar etməmişlər. Elə hal ola bilməz ki, polis əməkdaşları onun yaşadığı həyətə gəlsin və o, evdən çölə çıxmasın, bu bütünlükdə yalandır. İddiaçının evinin dam hissəsi digər qonşunun dam hissəsi ilə bitişikdir, iddiaçının damına getmək üçün həmin qonşunun damından keçmək lazımdır, əgər iddiaçı belə bir halın baş verməsini qeyd edirsə, gərək digər qonşu da bundan şikayət etsin, lakin belə hal yoxdur. İddiaçının dediklərinin yalan olmasını qonşuları da təsdiq edə bilər. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında digər Cavabdeh1 izahatında göstərdiklərini təsdiq edib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında digər Cavabdeh1 izahatında göstərdiklərini təsdiq edib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı onun qohumudur, bir neçə dəfə iddiaçının yanında qalmışdır. İddiaçının evində qalan zaman, evin dam hissəsindən səslər gəlmiş və həmin vaxt iddiaçı ona bu hərəkətləri qonşularının, hazırda cavabdeh olan Cavabdeh1 və oğlu Cavabdeh3 tərəfindən edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı onun qohumudur, bir neçə dəfə iddiaçının yanında qalmışdır. İddiaçının evində qalan zaman, evin dam hissəsindən səslər gəlmiş və həmin vaxt iddiaçı ona bu hərəkətləri qonşularının, hazırda cavabdeh olan Cavabdeh1 və oğlu Cavabdeh3 tərəfindən edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdehlər onun qonşusudur. Cavabhdelər tərəfindən iddiaçıya məxsus evə ziyan vurulması, səs-küy salınması və bu kimi başqa halların şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdehlər onun qonşusudur. Cavabhdelər tərəfindən iddiaçıya məxsus evə ziyan vurulması, səs-küy salınması və bu kimi başqa halların şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdehlər onun qonşusudur, Cavabdeh1 isə qardaşıdır. Cavabhdelər tərəfindən iddiaçıya məxsus evə ziyan vurulması, səs-küy salınması və bu kimi başqa halların şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdehlər onun qonşusudur, Cavabdeh2 isə bacısıdır. Cavabhdelər tərəfindən iddiaçıya məxsus evə ziyan vurulması, səs-küy salınması və bu kimi başqa halların şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, fərdi olaraq ustalıq edir. İddiaçınən evinin damının taxtalarının bir neçə dəfə dəyişdirilməsini həyata keçirmişdir. Heç bir dəfə də heç bir sökülmə, dağılma və ya taxtaların aparılmasının şahid olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2019-cu il tarixli **********43-05101-093003 reyestr nömrəli texniki texniki pasportdan görünür ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə yerində müayinə aparılmış müəyyən edilmişdir ki, mübahisəli ərazi ünvan 3 ünvanıdır. Evə əsas küçədən dar yol vasitəsi ilə gedilir və ümumi həyətə çıxış vardır. Həmin ünvanda yerləşən iddiaçıya məxsus mənzilin əsas giriş qapısı ümumi həyətə açılır. Ümumi həyətdə Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayırlar. Həyətdə ümumi istifadədə olan müxtəlif tikililər var. İddiaçıya məxsus evin dam hissəsi cavabdehə məxsus evin dam hissəsi və digər qonşuya məxsus evin dam hissəsi ilə bitişikdir. (bir damın altında evlərdir) İddiaçının göstərdiyi hissədə, yəni damına digər şəxslərin girişi üçün digər qonşuya məxsus evin daməından keçmək lazımdır. İddiaçıya məxssu evin damına girmək bir insan üçün gözlə aşkar şəkildə göründüyü üçün mümkün deyil. Ümumi həyətdə olan tikililərə hər hansı ziyan vurulması, sökülməsi halları müəyyən edilmədi. Yerində müayinə videoçəkilişlə keçirildi və fotolar çəkildi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında iddiaçı ünvan 3 ünvanında olan mənzilini bağışlamasını bildirsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə Sistemində iddiaçının mülkiyyətində daşınmaz əmlak olmadığı müəyyən edilmişdir. Lakin iddiaçının həmin ünvanda faktiki yaşaması müəyyən edildiyindən və tələb mənzildən istifadə ilə bağlı olduğundan məhkəmə iddianı qəbul edərək araşdırmağı mümkün hesab etmişdir. MM-nin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3 ci maddəsinə əsasən, əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. İşin məhkəmədə araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh eyni həyətdə yaşayır, habelə evlərinin damı belə eynidir. Məhkəməyə təqdim edilən sübutlarda, habelə məhkəmə tərəfindən yerli müayinə zamanı iddiaçının iddia etdiyi kimi damın sökülməsi, taxtaların çıxarılması, ümumi həyətdə olan tikililərin süökülüb yararsız hala salınması halı müəyyən edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin dam hissəsinə giriş ümumiyyətlə mümkün deyil, həmin yerə giriş üşün üçüncü şəxsə məxsus olan evin dam hissəsindən keçmək lazımdır ki, bu halda da damın üzərində olan örtüklərin qırılması (köhnə olduğundan) qaçınılmazdır. Belə olan halda, yəni adi şəkildə müşahidə edildikdə belə iddiaçının damına girilib orada söküntü işləri aparılması mümkünsüzdür. Eyni zamanda, məhkəmədə şahid qismində dindirilmiş həmin damda ustalıq etmiş Boris Marayev ifadəsində göstərmişdir ki, həmin damda söküntü işlərinin, habelə yerdəyişmələrin olmasını görməmişdir. Məhkəmə, iddiaçı tərəfindən irəli sürülmüş digər iddia, yəni cavabdehlərin səs-küy salmasına münasibətdə bildirir ki, tərəflər eyni həyətdə yaşayış və səsin olması hal mümkünsüzdür, lakin həmin halın həddən artıq olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş qonşular da belə hala rast gəlmədiklərini bildirmişlər. Belə ki, ərazidə qonşuların sıx yaşaması nəzərə alındıqda hər hansı səs-küyün digər qonşular tərəfindən də eşildiməsi tam ağlabatandır. Cavabdeh3 tərəfindən usta alətinin işlədilməsinə dair iddiaçının bildirdiyinə də məhkəmə yenə də eyni mövqedən yanaşması əsaslı hesab edilir. Məhkəmə, onu da nəzərə alır ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə məsuliyyətə səbəb olur və fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Hazırda isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 belə bir hərəkətə yol verməsi müəyyən edilmir və bu hal qonşuların ifadələri ilə də tam təkzib edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tam əsassızdır və təmin edilmədən rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası rədd edilsin. Ödənimiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2046/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2046/2025
08.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver