Məhkəmə qərarları › İş №2(049)-2053/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2053/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2053/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə 16 avqust 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, cavabdehlə 2009-cu il də nikaha daxil olmuşdur. Aliə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan cavabdeh tərəfindən bütün ailə münasibətləri pozulmuş və bu ailə dağılmasına səbəb olmuşdur. Birgə nikahlarından 13 may 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(049)-212/2012 saylı qətnaməyə əsasən nikahlar pozulmuş və qızı Nigar onun yanında qalmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 80 manat aliment tutulması qət edilmişdir. İqtisadi vəziyyətin çətinləşməsi, ərzaq, geyim, məktəb ləvasimatı və gündəlik təlabat mallarının bahalaşması uşağın saxlanılmasını çətinləşdirdiyi üçün o, alimentin artırılması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 25 iyul 2019-cu il tarixli, 2(049)- 5005/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 100 manat məbləğində təyin edilmişdir.Hesab edir ki, hazırda bir uşağa görə 100 manat aliment real hesab edilə bilməz. Uşaq məktəblidir repetitora gedir, bir uşağı məktəbə göndərmək üçün təxminən 250 manat pul tələb olunur, üstəlik gündəlik tələbat malları və s qiymətlər bir neçə dəfə artmışdır. Cavabdeh və onun valideynləri uşağın taleyi ilə bir dəfə də olsun maraqlanmamışlar. Uşağın bütün qayğı və ehtiyaclarını tək başına ödəyir. Hazırki şəraitdə 100 manat alimentin çox az olduğunu düşünür. Buna görə də məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq 13 mart 2010-cu ildə doğulmuş X1 üçün Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(049)- 5005/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq bir uşağa görə 220 manat təyin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsinin surəti ona münasibətini bildirmək məqsədilə Cavabdeh cəza çəkdiyi 02 saylı CÇM-nə rəsmi qaydada göndərilsə də, cavabdeh iddiaya qarşı münasibətini bildirməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-2005/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 13 may 2010-cu il təvəllüdlü X1 üçün məhkəmənin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 80 manat alimentin miqdarı dəyişdirilərək 100 manat sabit pul məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 220 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Məhkəmə məhz bu halları nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(049)- 5005/2019-saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən 13 may 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul miqdarında aliment alınıb iddiaçıya verilməli, iddia qalan hissədə, o cümlədən də alimentin artırılmış hissəsinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq tutulması hissəsində təmin edilməməlidir. Belə ki, aliment tələbindən fərqli olaraq, alimentin artırılması tələbinə dair iddia təmin və ya qismən təmin olunduqda, aliment artırılmış məbləğdə qətnamə qanuni qüvvəsini aldığı gündən tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(049)-5005/2019-saylı qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 13 may 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 180 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə, o cümlədən də alimentin artırılmış hissəsinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq tutulması hissəsində təmin edilməsin. X2 üçün cavabdehdən hər ay hər uşaq üçün 180 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar