Məhkəmə qərarları › İş №2(049)-2054/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2054/2023

30.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2054/2023 30.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölünməsi və maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölünməsi, maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X4 küçəsi ev 45 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən onun və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.03 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.0 kv.m olan fərdi yaşayış evindən 1/3 hissədə payının naturada ayıraraq ona verilməsi və mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təyinatı üzrə istifadə olunmasına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin birgə mülkiyyətində Lənkəran şəhəri A.Zərifə Əliyeva küçəsi. 45 ünvanında 0.03 ha torpaq sahəsi və torpaq sahasində yerləşən 69.0 kv.m olan fərdi yaşayış evi vardır. Bu barədə adlarına Reyestr xidməti tərəfindən çıxarış da verilmişdir. Belə ki. mülkiyyətlərinə verilən çıxarış vərəqəsinə əsasən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.0 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissəsi onun mülkiyyətinə verilmişdir. Bacısı Cavabdeh1 notariat ofisinə vaxtında gəlmədiyi üçün ona düşən 1/3 hissə isə açıq saxlanılmışdır. Hazırda cavabdehlərdən Cavabdeh1 öz payının qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etmiş və hazırda da sözü gedən ünvanda yaşayır. Payçılar isə başqa ünvanda yaşayırlar. Hazırda o, bir paylı mülkiyyəçi kimi özünə çatan 1/3 hissəsini Cavabdeh1 görə sərbəst istifadə edə bilmir. Hazırda o, bir paylı mülkiyyətçi kimi özünə çatan 1/3 hissəsini naturada bölüb, öz payından sərbəst şəkildə istifadə etmək istəyir. Qanunverciliyə əasən paylı mülkün naturada bölünməsi üçün payçılar arasında razılıq olmalıdır. Lakin hazırki vəziyyətdə cavabdehlə bununla əlaqədar razılıq əldə etmək mümkün deyildir. Çünki aralarında mübahisə olduğu üçün cavabdeh buna razlıq vermir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir ki, məhkəmə qaydasında öz payını cavabdehlərin payından naturada ayırsın. Bundan sonra öz payından sərbəst şəkildə istifadə etsin. Paylı mülkiyyətdə olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən sərbəst istifadə etməyinə cavabdeh imkan vermir. Nə zaman həyətə və evə girmək istəsə bir dava dalaş salır. Cavabdeh1 həmin qızı ünvanda yaşayır. Ona payında düşən və açıq saxlanılan 1/3 hissəni isə bu yaxınlarda notariat ofisinə yaxınlaşıb mirasın qəbulu ilə bağlı ərizə təstiq etdirmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərəkiddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Lənkəran şəhəri, X4 küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhumə anasına məxsus olmuşdur. Anası vəfat etdikdən sonra o, həmin evdə yaşamağa davam edir. İddiaçı onun bacısıdır. Evin açarını ona təqdim edib ki, evə gələ bilsin, o, isə açarı maklerə verməsini ona bildirib. Yaşadığı evin açarını maklerə vermək istəmir. İddiaçının orada yaşamasına və evin satılmasına etiraz etmir. İddiaçıya həmin evdən istifadədə heç bir maneçilik yaratmayıb. Evin texniki cəhətdən üç yerə bölünməsi mümkün deyildir. İddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Lənkəran şəhəri, X4 küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhumə anasına məxsus olmuşdur. Anası vəfat etdikdən iddiaçı ilə evin satılmasını razılaşmışdılar. Hətta evi satmaq üçün ora makler də gətirmişdilər. Lakin iddiaçının hazırki iddia tələbi ilə nə səbəblə məhkəməyə müraciət etdiyi ona məlum deyildir. O, iddiaçıya həmin evdən istifadədə heç bir maneçilik yaratmayıb. Evin texniki cəhətdən üç yerə bölünməsi mümkün deyildir. O, özü Bakı şəhərində yaşayır. İddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X4 küçəsi ev 45 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m. olan fərdi yaşayış evi 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli, 3-21-3-43/2-3243/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və Cavabdeh2 xüsusi mülkiyyətində olan, Lənkəran şəhəri, X4 küçəsi, ev 45 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən 0,03 ha torpaq sahəsinin yalnız qərb istiqamətdən (21,9 m məsafədə) yol ilə (yəni torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olması) sərhəd olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0,0375 ha olması, üzərində dövlət reyestrində qeydə alınmış 69 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin və bundan başqa köməkçi tikililərin (sanitar qovşaq və s.) olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və Cavabdeh2 xüsusi mülkiyyətində olan, Lənkəran şəhəri, X4 küçəsi, ev 45 ünvanında yerləşən 0,03 torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/3 hissə payının naturada ayrılmasının həmin torpaq sahəsinə giriş-çıxış yolunun yalnız bir istiqamətdə olmasından və üzərində fərdi yaşayış evi yerləşdiyindən, 1/3 hissə üzrə naturada ayrılmanın texniki cəhətdən mümkün olub-olmamasını müəyyənləşdirmək mütəxəssisin imkanı xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2023-cü il tarixli, 10/5806 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********, ********* saylı qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********7210301 reyestr nömrəli Çıxarış əsasında 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh2 Lazım qızının adına, 1/3 hissə verilmədən açıq saxlanılmaqla paylı mülkiyyətdə olan, Lənkərən şəhəri X4 küçəsi ev 45 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m fərdi yaşayış evinin iki yaşayış otağından ibarət olmasını, yardımçı tikililərinin yeganə olmasını (həyətyanı sahədə sanitar qovşağı, evin daxilində mətbəx yerləşir), yaşayış evinin torpaq sahəsinin künc hissəsində yerləşməsini nəzərə alaraq Lənkərən şəhəri X4 küçəsi ev 45 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m fərdi yaşayış evindən-İddiaçı Laz\m qızına məxsus olan 1/3 hissə payının naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının tələbinin evin naturada bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, evin naturada bölünməsi ekspert rəyinə görə texniki cəhətdən mümkün olmadığından qeyd edilən hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının tələbinin maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, evin naturada bölünməsi hissəsində iddia tələbi təmin edilmədiyindən qeyd edilən hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinə “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində konkret olaraq cavabdehlərin qanunsuz hərəkətlərinin hansı hərəkətlərdən ibarət olduğu qeyd edilməmişdir. Qeyd edilən səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı X3 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 170 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, mütəxəssis rəyi üçün ödənilmiş 170 manat xərc və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti iddiaçı X3 X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 170 manat xərc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar