Məhkəmə qərarları › İş №2(049)-207/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-207/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-207/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 250 ABŞ dolları və Cavabdeh2 250 ABŞ dolları olmaqla, ümumilikdə 500 ABŞ dolları maddi ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə anadan olmuşdur. Orta təhsilli olmaqla, təqaüdçüdür. 2022-ci ildə həmkəndlisi işdə Cavabdeh2 ondan borc olaraq 250 Amerika dolları almış, 250 Amerika dollarını isə əmisi oğlu Cavabdeh1 vermişdir. Onlar da öz həyətinin sənədini ona verərək nə vaxt həmin torpağı satsalar ondan aldıqları 500 ABŞ dollarını ona qaytaracaqlarını bildirmişlər. Bu söhbətdən bir qədər keçəndən sonra Cavabdeh1 ondan həmin torpağın sənədlərini istəmiş və kişi kimi ona “həmin torpaq satılır və dərhal sənin pulun sənə qaytarılır” deyə söz vermişdir. Həmin torpaq satılmış, lakin onun pulunu qaytarmamışlar. O, insult keçirmiş, tək yaşayır, arvadından ayrılmışdır. Həmin pulu özünə müalicə üçün geri aldırmaq istəyir. Pulunu geri qaytarmadıqları üçün o, bu haqda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh1 iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında həmkəndlisi olan iddiaçıdan heç vaxt borc almadığı üçün iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, o, Mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır, dövlət ona lazımi qədər təqaüd verir, arvadı kitabxana müdirəsi işləyir və yüksək əmək haqqı alır. Uşaqları ailəlidirlər və onlar da yaxşı pul qazanıb ailələrini layiqincə dolandırırlar. İddiaçının ailəsi dağılıb tək yaşayır, iddiaçının onun ailəsinin yaxşı olmasını gözu götürmür. Səhhətində dəyişikliklər var. Kimi kəndə gördüsə onunla mübahisə edir və heç kimlə yola getmir. Hər kəsə şər böhtan atır. Onlardan da biri də onun ailəsidir. Yuxarıda qeyd etdiyi kimi onun haqqında Lənkəran ŞRPŞ-nin TB-yə ərizə ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-nin TB-yə onun dəvət etmişlər və orada bu işlə bağlı araşdırma aparılmış və heç bir nəticəsi olmamışdır. Onu polis şöbəsindən sərbəst buraxmışlar. İddiaçının verdiyi ərizənin böhtan xarakterli olması əksini tapmışdır. Bu barədə ona məhkəmədə böhtanla bağlı xüsüsi ittiham qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlardır. Ona görə də hesab edir ki, onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, 2022-ci il tarixdə Cavabdeh2 500 ABŞ dolları borc vermişdir. Bu zaman Cavabdeh2 girov kimi özünə məxsus torpağın sənədini ona vermiş, torpağı satanda onun pulunu qaytaracağını bildirmişdir. Daha sonra pulu qaytarmamış ondan torpağın sənədini ona qaytarmasını xahiş etsə də, o bundan imtina etmişdir. Cavabdeh2 əmisi oğlu Cavabdeh1 ondan torpağın sənədini Cavabdeh2 qaytarmasını xahiş edərək, sonuncuya verdiyi borcu özünün ona qaytaracağına söz vermişdir. O, Cavabdeh1 inanmış sənədi Cavabdeh2 qaytarmışdır. Bundan sonra Cavabdeh1 Cavabdeh2 borc verdiyi pulu tələb etdikdə Cavabdeh1 pulu ona qaytarmamışdır. O, iddia ərizəsində 2022-ci ildə borc olaraq Cavabdeh2 250 ABŞ dolları və Cavabdeh1 250 ABŞ dolları verdiyini qeyd etsə də, həqiqətdə 500 ABŞ dollarını Cavabdeh2 borc olaraq vermişdir. Cavabdeh1 da həmin pulun yarısını təşkil edən 250 ABŞ dollarını tələb etməsinin səbəbi sonuncunun onu aldadaraq sənədi Cavabdeh2 qaytarması, verdiyi vədə əməl etməyərək pulu ona qaytarmaması olmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi və etirazın dəlillərinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsindən ötrü 30 manat dövlət rüsumu ödənilmişdir. Lənkəran Rayon Prokurorluğundan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 374/1ş- 24 №-li məktubun surətindən görünür ki, müraciət müəllifinə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, müraciət müəllifinə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, iddiaçı Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatdadır. Məhkəmə, iddiaçı və cavabdehlərin izahatını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı məhkəməyə “dəymiş ziyanın ödənilməsi” tələbi ilə müraciət etsə də, işin faktiki hallarından görünür ki, iddiaçının tələbi borcun qaytarılması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehlərin borclu olmasını təsdiq edən sübutların təqdim edilməsi məhkəmə tərəfindən iddiaçıya təklif edilsə də, iddiaçı cavabdehlərlə arasında borc münasibətlərinin olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddianın təmin edilməsini şərtləndirilən hallara dair sübutlar təqdim edilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi”` tələbi üzrə iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 224, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar