Məhkəmə qərarları › İş №2(049)-2080/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2080/2023

17.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2080/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququndan istifadənin bərpası və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququndan istifadənin bərpası və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkündən istədiyi kimi istifadə etməsinə, uşaqları üçün təzədən kiçik bir ev tikməsinə qarşı maneələrin aradan qaldırılması (maneə mülkü qəsb edən cavabdeh və övladlarıdır ki, onların mülkdən çıxarılması) və onun mülkiyyəti üzərində istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı hazırki iddia ərizəsin giriş hissəsində tələbin adı olaraq cavabdehə qarşı mülkiyyət hüququndan istifadənin bərpası və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbi olduğunu qeyd etsə də, iddia ərizəsinin sonunda tələbin mahiyyətinə aid hissədə mülkündən istədiyi kimi istifadə etməsinə, uşaqları üçün təzədən kiçik bir ev tikməsinə qarşı maneələrin aradan qaldırılması və onun mülkiyyəti üzərində istifadə hüququnun bərpa edilməsi tələbi ilə yanaşı “maneə mülkü qəsb edən cavabdeh və övladlarıdır ki, onların mülkdən çıxarılması” ifadəsini də qeyd etmiş, bununla da tələbin həcmini mülkdən çıxarılma məzmununda genişləndirmişdir. Eyni zamanda, iddia ərizəsinin tələbin mahiyyətinə aid son hissəsində iddiaçının hansı mülkdən bəhs etdiyi (mülkün aid olduğu mülkiyyət hüququnu tanıyan sənədin adı, tarixi, nömrəsi, mülkün yerləşdiyi ünvan və digər göstəricilər qeyd edilməmişdir) bəlli deyildir. Həmçinin, iddiaçının mülkdən çıxarılmalarını istədiyi şəxslərin dairəsi də konkret göstərilməmiş, həmin şəxslərlə bağlı digər zəruri məlumatlar da iddiaçının tələbində öz əksini tapmamışdır. Bununla da, iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququndan istifadənin bərpası və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar