Məhkəmə qərarları › İş №2(049)-2144/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2144/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2144/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın, yəni dostluq münasibətləri olmuşdur. Yaranmış münasbətlərdən istifadə edərək ondan xx.xx.2023-cü il tarixdə 5000 (beş min) manat borc almış və aldığı borc aralarında bağlanmış müqavilə ilə təsdiq edilir. Pulun bir hissəsini sonuncu dəfə xx.xx.2025-ci il tarixində 800 (səkkiz yüz) manatını vermiş və bununlada ümumilikdə borcunun 2000 (iki min) manatını qaytarmışdır. Artıq uzun müddət keçməsinə baxmayaraq o aldığı pul məbləğininin 3000 (üç min) manatını geri qaytarmaqdan imtina etmişdir. Aralarında olan WhatsApp yazışmalarında da Cavabdeh 3000 (üç min) manat borcu qaldığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirib, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən borc alındıqdan sonra o bir müddət pulunu qaytarmış, ilk vaxtlar 750 manat aylıq ödəniş etmişdir. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə ödəniş etmişdir. Lakin qalan 3000 manatı qaytarmamışdır. Cavabdehə bu borcdan başqa əl borcu olaraq da pul vermiş, cavabdeh də həmin pulları onun kartına geri qaytarmışdır və cavabdehin təqdim etdiyi qəbzlərlə uyğunsuzluq olmuşdur. O, pulu İqbala faizə verməmişdir. Hazırda o, 3000 manat pulu tələb edir və buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddiaçıdan 5000 manat pul almış, buna dair qəbz də yazmışdır. Həmin pulu faizə almışdır və faizi ilə birlikdə geri qaytarmışdır. Hazırda ondan tələb olunan da yenə faiz borcudur. O, həmin qalıq 3000 manatı da artıqlaması ilə ödəmiş və buna dair qəbzləri məhkəməyə təqdim etmişdir. Vatsap yazışmalarında 3000 manat borcu qalmasına dair göstərdiyi isə fazi borcuna aiddir. İddiaçının qanunsuz əməllərindən o, BMCMİ-yə müraciət etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iddianın tamamilə əsassız olduğunu, borc alınmış pul qaytarıldığını, cavabdehin 5000 manat borca görə 16.000 manat pul ödədiyini və hazırda həmin artıq ödənilmiş pul ilə cavabdeh müraciəti ilə bağlı Şirvan Şəhər Məhkəməsinin icraatında mülki iş olduğunu bildirib hazırkı iş üzrə iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc götürdüyünü və 3 ay müddətinə geri qaytarmasına dair öhdəlik götürdüyünü qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış vatsap ani mesajlaşma sistemindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı 3000 manat borcu qaldığını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, İddiaçı məxsus MC debit 5889 nömrəli karta xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 435 manat, xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 510 manat, xx.xx.2024-cü il tarixdə 510 manat, xx.xx.2024-cü il tarixdə 510 manat və xx.xx.2024-cü il tarixdə 400 manat pul köçürülmüşdür. Qeyd olunan məbləğlərin cəmi 3285 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh müraciəti əsasında İddiaçı barəsində təhqiqat araşdırması aparılır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı münasibətlərin mövcud olması işin təkzibedilməz halıdır və bu cavabdeh tərəfindən də etiraf edilir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pulun verilməsi də öz təsdiqini müvafiq izahatlar və əlyazma qəbzlə təsdiq edilir. Lakin bununla yanaşı iş üzrə qalıq pul məbləğinə dair məhkəmədə ağlabatan və mötəbər sübutun müəyyən edilməməsi də qeyd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin ona 3000 manat borcu qalması bildirilsə də, cavabdeh müvafiq qəbzlərə həmin pul məblğini artıqlaması ilə (yəni 3285 manat) geri qaytardığını bildirmişdir. Bununla bağlı iddiaçıdan məhkəmə tərəfindən izahat tələb edildikdə iddiaçı məhkəməyə ağlabatan cavab verə bilməmişdir. İddiaçı cavabdehə əlavə olaraq da əl borcu verdiyini və qəbzlərin həmin əl borcuna aid olduğunu bildirsə də, digər borcları niyə əl borcu, lakin hazırkı iddia üzrə olan pul məbləğini yazılı qəbzlə rəsmiləşdirdiyini əsaslandıra bilməmişdir. Bu hal iddiaçının tələbinin əsassız olmasına dair məhkəmədə fikir formalaşdırmaqla yanaşı izahatının da mötəbərliliyini istisna etmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçı cavabdehin ona xx.xx.2025-ci il tarixdən sonra ödəniş etməməsini bildirsə də, iddiaçıya məxsus MC debit 5889 nömrəli karta xx.xx.2025-ci il tarixdə 800 manat yüklənmişdir ki, bu hal da iddiaçının izahatını mümkünlüyü və mötəbərliyini əsaslı surətdə aradan qaldırmış olur. Tələb olunan 3000 manat əvəzində 3285 manatın ödənilməsinin əsası barədə məhkəmədə hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, həmin artıq məbləğ də alınmış borcun qalıq hissəsi kimi qəbul edilməlidir. Belə ki, cavabdehin iddiaçıdan pulu faizə, yəni sələmə almasına dair məhkəmədə sübut müəyyən edilmədiyindən, bu barədə hazırda polis orqanından araşdırma aparıldığından məhkəmədə həmin pulun faizlə verilibverilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə cavabdehin vatsap ani mesajlaşma proqramında qalıq borc kimi 3000 manatın qalmasını bildirməsinə dair məhkəmə qeyd etdiklərini (yəni pul məbləğini faizi ilə qalan borcunu nəzərdə tutmasını) bu məsələyə dair cavabdehin subyektiv yanaşması kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçınıəın cavabdehdən tələb etdiyi 3000 manat məbləğində borc pulun qaytarılması müvafqi qəbzlərlə təsdiqini tapdığından iddia rədd edilməlidir. Məhz göstərilənlər baxımından, habelə iddiaçı tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar