Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2169/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “4100 manat məbləğində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 4100 manat məbləğində dəymiş zərərin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Lənkəran rayonu, Şilavar kəndində ona həyətyanı torpaq sahəsi alması üçün həmkəndlisi və dostu X1 vasitəsi ilə 4100 manat məbləğində pul vermiş, lakin cavabdeh torpağın ona satılması barədə topladığı sənədləri Qeyrətə Dadaşzadəyə vermiş, Qeyrət Dadaşzadə də həmin sənədləri onun atası Abuzər Quliyevə vermişdir. Onun atası Abuzər Quliyev həmin sənədlər əsasında “Çıxarış” alması məqsədi ilə “ASAN xidmətə” yaxınlaşdıqda, “ASAN xidmətdən” onun atası Abuzər Quliyevə sənədlərin saxta olduğu bildirilmişdir. O da bundan sonra pulunu Qeyrət Dadaşzadənin vasitəsi ilə Cavabdeh tələb etmişdir. Cavabdeh ona nə torpaq aldığından, nə də pulunu geri qaytardığından o, hüquq mühafizə orqanlarına şikayət etmişdir. Bundan sonra cavabdeh tərəfindən törədilən dələduzluq cinayəti üzrə məhkəmədə hökm çıxarılsa da, ona dəymiş zərər ödənilməmişdir. Cavabdehlə aralarında olan mübahisə məhkəmədənkənar qaydada öz həllini tapmadığından və cavabdeh halhazıradək 4100 manat məbləğində pulu qaytarmadığından, o, məcbur olub hüquqlarının müdafiəsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək göstərdi ki, o 4100 manat pulu iddiaçıdan deyil, sonuncunun dostundan almışdır. Ona görə də hesab edir ki, o iddiaçıya hansısa məbləği qaytarmalı deyil. Özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(049)-66/2025 nömrəli hökmünü mübahisələndirməmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(049)-66/2025 nömrəli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 05 oktyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, dörd gün cəza müddətindən çıxılmaqla onun üzərində 02 il 05 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2025-ci il tarixli, 28777 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki işin hallarından göründüyü kimi, Cavabdeh törətmiş olduğu cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 4100 manat ziyan vurulmuş və o, vurulmuş ziyandan ödəniş etməmişdir. Yəni, Cavabdeh İddiaçı 4100 manat pul ödəməli olması işin mübahisə doğurmayan halıdır. Məhkəmə iclasında Cavabdeh 4100 manat pulu iddiaçıdan deyil, sonuncunun dostundan alması və buna görə də onun iddiaçıya hansısa məbləği qaytarmalı olmaması ilə bağlı göstərdikləri formal mülahizələr olmaqla iddianın rədd edilməsi üçün əsas rolunda çıxış edə bilməz. Belə ki, cavabdehin subyektiv mülahizələri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4100 manat manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 61 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 4100 manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 61 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2169/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2169/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver