Məhkəmə qərarları › İş №2(049)-2191/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2191/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2191/2024 07.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 70.000 manat, Cavabdeh2 12.000 manat və Cavabdeh3 19.000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (cəmi 4 nəfər) cavabdehlər qismində qeyd etmiş, lakin iddia ərizəsinin sonunda tələbin məzmununa aid hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cəmi 3 nəfər) yönələn tələb qeyd edilsə də, digər Cavabdeh4 qarşı yönələn tələbin nədən ibarət olması göstərilməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin sonunda tələbin məzmununa aid hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən ayrı-ayrılıqda konkret məbləğlərdə pul vəsaiti tələb etdiyini qeyd etsə də, həmin məbləğlərin (hər birinin) haradan yarandığı və necə hesablandığı iddia ərizəsinin məzmunundan və iş materiallarından dəqiq müəyyən edilmir. Bununla da iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən ümumilikdə 101.000 manat pul vəsaiti tələb etsə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün cəmi 320 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmək üçün cəmi 391 manat dövlət rüsumu ödəməli idi və onun ödədiyi 320 manat dövlət rüsumu həmin tələblər üçün ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Yəni, iddiaçının ödədiyi 320 manat dövlət rüsumu hazırki iddia tələbləri üçün yetərli deyildir. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da və iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyi barədə sənədi işə əlavə etsə də, bu növ tələblər üzrə mediasiya prosesində iştirak tələb olunmadığından iddiaçının mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə, cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olmasını aşkar şəkildə qeyd edilmədiyinə görə, habelə, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə (iddiaçının ərizənin məzmununda qeyd etdiklərinə əsasən iddianın kommersiya məhkəməsinə aid ola biləcəyi də nəzərə alınmaqla) yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 320 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş, həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar