Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2213/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana dair 2.000 (iki min) manat məbləğində və ödənilmiş 40.40 manat dövlət rüsumunun, cəmi 2.040,40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1990-cı il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2000-ci ildən qardaşı X1 ilə birlikdə Liman şəhəri çay qırağında yerləşən 9 ha fond torpaq sahəsini uzun müddətli olaraq icarəyə götürmüşlər. Həmin torpaq sahəsini otlaq sahəsi kimi istifadə edirlər. Həmin torpaq sahəsinin ətrafına bir neçə il bundan əvvəl 350 metr uzunluğunda taxta dirək və tikanlı məftil ilə hasar çəkmişlər. Həmin çəpərin üzəri kol-kos örtmüş vəziyyətdə olmuşdur. 19 aprel 2024-cü il tarixdə günortadan sonra Əfrayım adlı şəxslə aralarında yerləşən 350 metr uzunluğunda üzərini kol-kos örtmüş taxta dirək və tikanlı məftil ilə əhatə olunmuş hasar iş üzrə cavabdeh olan Lənkəran rayonu Boladi kənd sakini Cavabdeh tərəfindən yandırılmışdır. Bundan sonra o, bununla bağlı Liman PB-nə ərizə ilə müraciət edərək məlumat vermiş və Mehman adlı işçisini də oraya göndərmişdir. Daha sonra Mehman adlı işçisi həmin yerə gedmiş, həmin çəpərin iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən yandırıldığını və onu gördüyünü ona bildirmişdir. Yanğın nəticəsində ona 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın 2 saata yaxın davam etmişdir. Mehman adlı işçi hadisə yerinə onlardan qabaq gedən zaman Aşiqin kol çəpəri yandırmasını görmüş və ona iradını bildirmişdir. Bununla bağlı Lənkəran ŞRPŞ-nin TB-də araşdırma aparılmış və Cavabdeh polis şöbəsində verdiyi izahatında da onun dediklərini özü də etiraf etmişdir. Lakin polis şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona izah edilmişdir ki, bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etməlifir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən maddi ziyanı tələb edir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdi ki, birlikdə Liman şəhəri çay qırağında yerləşən 9 ha torpaq sahəsini uzun müddətli olaraq icarəyə götürmüşlər. Həmin torpaq sahəsini otlaq sahəsi kimi istifadə edirmişlər. Həmin torpaq sahəsi ilə digər torpaq sahəsi arasında olan çəpər taxta parçalarından i barət olmuş və üzərinə kol-kos yığılmışdır. Çəpərin uzunluğu təxminən 350 metr uzunluğunda olmuşdur. Cavabdeh qonşuluğunda olan torpaq sahəsində çoban işləyir. Hadisə 18 aprel 2024-cü il tarixdə baş vermişdir. Belə ki, Aşiq işlədiyi torpaq sahəsində olan kol-kosu yandırarkən onun çəpəri də yanmışdır. Hazırda çəpərin bərpasına 2.000 manat vəsait tələb edilir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir. Belə ki, o, Liman şəhəri çay qırağında yerləşən torpaq sahəsində çoban işləyir. Həqiqətən də 18 aprel 2024-cü il tarixdə həmin torpaq sahəsində olan kol-kosları yandırmışdır. İddiaçı məxsus olan torpaq sahəsi ilə onun işlədiyi torpaq sahəsi arasında heç quraşdırılmış çəpər olmamışdır. Həmin sahədə heç vaxt taxtadan və ya digər inşaat materialından quraşdırılmış çəpər olmamışdır. Belə ki, iddiaçının çəpər kimi qeyd etdiyi hissədə yalnız yabanı olaraq bitmiş hündür qamış kolları olmuşdur. 18 aprel 2024-cü il tarixdə o, işlədiyi sahədə kol-kosu yandırarkən həmin qamış çəpər də yanmışdır. Lakin hazıra həmin sahədə təbii olaraq həmin qamış kolları yenidən bitmişdir və torpaq sahələri arasındakı çəpər bərpa edilmişdir. İddiaçı hazırda torpaq sahələri arasında əsaslı çəpər quraşdırmaq istəyir və onun xərcini məhkəmə yolu ilə ondan almaq istəyir. İddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir və o, iddiaçıya heç bir maddi ziyan vurmamışdır. İddia təəbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının təsviri-əsaslandırıcı hissəsində Cavabdeh izahatından görünü ki, o, polisdə aparılan araşdırma zamanı 19 aprel 2024-cü il tarixdə işlədiyi sahədə kol-kosu yandırdığını bildirmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan və məhkəmə baxışı zamanı iddiaçı iddia tələbində qeyd etdiyi çəpərin həqiqətən mövcudluğu, ona dəymiş maddi ziyanın məhz Cavabdeh tərəfindən, onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını və maddi ziyanın həqiqətən iddia tələbində göstərilən məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən idiaçı tərəfindən ödənilmiş 40,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «2.000 (iki min) manat dəymiş maddi ziyan və ödənilmiş 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu» tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 40,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2213/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2213/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver