Məhkəmə qərarları › İş №2(049)-222/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-222/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-222/2023 30.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 700 manat məbləğində borcun və ödənilmiş 30.40 manat dövlət rüsumu, ümumilikdə 730.40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət göstərdiyi Qala Xiyabanı ünvanında yerləşən mağazasından Cavabdeh1 24 may 2018-ci il tarixində 1.601,0 manat dəyərində, ilkin ödəniş məbləği 0.00 manat olmaqla qalan 1.601,0 manat məbləğində borc olaraq kredit müqaviləsi üzrə 22 ay müddətinə ödəmək şərtilə məişət əşyası olan “MF211 modelli printer” almışdır. Ödəniş cədvəli üzrə son ödəniş tarixi 24 mart 2020-ci il tarixidir. Aldığı kredit müqaviləsi üzrə hazırki tarixə 700.0 manat borc yaranmışdır. Sonuncu ödənişi 24 fevral 2022-ci il tarixdə etmişdir. Həmin borc müqaviləsi üzrə borclu Cavabdeh1 24 may 2018-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlərə mağazanın əməkdaşları tərəfindən müxtəlif zamanlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər edilmişdir. Lakin onlar tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə 29 iyun 2022-ci il tarixində xəbərdarlıq bidirişi göndərilmiş və həmin xəbardarlıq bildirişləri 06 iyul 2022-ci il tarixində qəbul edilmişdir. Bildirişdə yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılması tələb edilmiş, lakin cavabdehlər bu günə kimi borcun qaytarılmasını təmin etməmişlər. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələni məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2018-ci il tarixli borc müqaviləsinin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanılıb. Borcun ödənilməsi barədə bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1963cü ildə doğulmuşdur və o, ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefon danışıqları zamanı cavabdeh etirafedici ifadələrlə iddianı qəbul etməyə yönələn danışıqlar etmişdir. Hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30,40 (30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sübutları tədqiq edərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan MF211 modelli printeri 1.601,0 manata həmin məbləği 22 ay müddətində ödəmək şərti ilə cavabdehin Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə satılmış malın dəyərini 22 ay müddətində ödəməyi öhdəliyinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh1 mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 700 manat borcu qalmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı «kredit müqaviləsi» kimi qeyd edilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404cü maddəsinin tələbi baxımdan müəyən olunur ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən deyil, alqı-satqı müqaviləsi üzrə hüquq münasibətləridir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar Cavabdeh1 münasibətdə iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini tam şəkildə və vaxtında ödəməmiş və icra etməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakılar qeyd edir: İddiaçı Cavabdeh2 qarşı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2, tərəflər arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəlinə imza etmiş və bununla da zamin kimi öhdəliyin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcələnin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, zamin zamin durduğu başqa şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürür və müqavilənin icra edilməsinə görə onunla birgə məsuliyyət daşıyır, o halda ki, tərəflər arasında yazılı zaminlik müqaviləsi bağlansın. Zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında yazılı zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh2, tərəflər arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəlinə zamin kimi imza etməsini isə tərəflər arasında arasında bağlanmış zaminlik müqaviləsi hesab etmək olmaz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında müqavilə o halda bağlanmış sayılır ki, onlar müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş olsunlar. Belə olan halda iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi o halda etibarlı müqavilə hesab edilə bilər ki, iddiaçı ilə Cavabdeh1 arasında 24 may 2018-ci il tarixdə bağlanmış müqavilə üzrə ödəniş cədvəlində zaminlik müqaviləsinin predmetinə dair şərtlər, habelə həmin müqavilə üzrə zəruri şərtlər İddiaçılə Cavabdeh2 arasında razılaşdırılmış olsun. Lakin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında zaminlik müqaviləsinin predmeti və zəruri şərtləri ilə bağlı hər hansı razılaşma yazılı şəkildə qeyd edilməmiş, yalnız «Zamin» qrafasının qarşısında imza edilərək «Cavabdeh2» yazılmışdır. Bu hal isə qanunvericiliyin tələbi baxımdan zaminlik müqaviləsinin bağlanmış hesab olunmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 700 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul alınaraq, İddiaçı ödənilməlidir və Cavabdeh2 münasibətdə isə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 700 manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30.40 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar