Məhkəmə qərarları › İş №2(049)-2226/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2226/2023

26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2226/2023 26.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı1 və qeyrisinin Cavabdeh1 və qeyrisinə qarşı maddi zaiyan tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 26 may 2023-cü il tarixdə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı1 və qeyrisi Cavabdeh1 və qeyrisinə qarşı maddi zaiyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Lakin, İddiaçı1 və qeyrisi cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən FİN kodlarını göstərməmişlər. Qeyd edirəm ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı1 və qeyrisi isə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişlər. Onlar bir sıra sənədləri iddia ərizələrinə əlavə etmişlər. Bununla bağlı qeyd edirəm ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi, sübutların siyahısının iddia ərizəsində göstərildiyi anlamına gəlmir. Belə ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsini tənzimləyən və imperativ norma olan MPM-nin 149.2.5-ci maddəsi mövcuddur. MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırıcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində konkret olaraq hansı sübutlarla özünü haqlı olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yəni qeyd olunan maddənin məzmununa görə, yalnız qərardad iddiaçıya göndərilməli, iddia ərizəsi isə ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmədə qalmalı, qərardad qüvvəyə mindikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Əgər iddiaçı qərardaddan şikayət verərsə və onun şikayəti əsasında qərardad ləğv olunarsa, onda məhkəmə məhkəmədə saxladığı iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətləri davam etdirəcəkdir. Beləliklə, İddiaçı1 və qeyrisinin məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını, eləcə də cavabdehlərin FİN kodlarının göstərilməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və onlara Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı1 və qeyrisinin Cavabdeh1 və qeyrisinə qarşı maddi zaiyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın. Onlara izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onların ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar