Məhkəmə qərarları › İş №2(049)-2226/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2226/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2226/2024 30.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(049)-775/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuşdur. Cavabdeh ilə 07 sentyabr 2004-cü il tarixdə faktiki nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan onların 03 iyun 2004-cü il tarixdə Sara və 28 iyul 2007-ci il tarixdə Fərid adlı iki uşağı anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqları saxlamaqda çətinlik çəkdiyinə görə nikahın pozulması tələbi ilə yanaşı aliment tələbi ilə də məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa görə 50 manat, hər ay iki uşağa görə 100 manat miqdarında alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Bundan sonra onun müraciətinə əsasən Lənkəran rayon məhkəməsinin 14 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq iki uşağa görə hər ay cəmi 180 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bundan sonra yenidən onun müraciətinə əsasən Lənkəran rayon məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq iki uşağa görə hər ay 280 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd etdiyi kimi cavabdehdən hər ay sabit pul məbləğində iki uşağa görə hər ay cəmi 280 manat miqdarında alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda uşaqlardan Sara yetkinlik yaşına çatmışdır. Digər uşaq üçün cavabdeh hər ay 140 manat aliment ödəyir. Qətnamənin qəbul edildiyi tarixdən dörd ilə yaxın bir müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 4-5 dəfədən də çox artmışdır. Beləliklə, bir uşağın saxlanması üçün xərc hər ayda 300-400 manat həddində olur. O, tək həmin xərcləri ödəyə bilmədiyini bildirmişdir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Odur ki, o, ilkin olaraq cavabdehdən hazırkı tələblə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiyada iştirak etmədiyi üçün bu barədə ona arayış verildi və ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İ 994920 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 08 iyun 2024-cü il tarixli, MŞL/MT014/2024-00770 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-775/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-6561/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarə artırılmış, Cavabdeh hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. X4 yetkinlik yaşına çatmışdır. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu, alimentin məbləğinin 235 manat məbləğində artırılmasını tələb edir. Cavabdeh isə iddiaya qarşı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbəti ilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 4 ildən çox müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Lakin bununla yanaşə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Fərid adlı uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-775/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı, yəni 140 manat hazırki dövr üçün (2024-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 235 manatdan azdır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda Fərid adlı uşağın böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 775/2020 saylı qətnaməsi ilə 28 iyul 2007-ci tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, sonuncu məhkəmə qətnaməsinə əsasən cavabdeh iki uşağa görə ümumilikdə hər ay 280 manat məbləğində iddiaçıya aliment ödəmişdir. İddiaçının bildirməsinə görə cavabdehin maddi imkanı alimenti vaxtı-vaxtında ödəməyə imkan verdiyindən, onun hazırki dövr üçün aliment borcu yoxdur. Birgə nikahdan doğulmuş uşaqlardan Sara yetkinlik yaşına çatmışdır. Fərid adlı uşaq isə xx.xx.2007-ci il təvəllüdlü olmaqla xx.xx.2025-ci il tarixdə yetkinlik yaşına çatacaqdır. Başqa sözlə, cavabdeh Sara adlı uşaq yetkinlik yaşına çatanadək hər ay 280 manat aliment ödəmişdir. Hazırda bir uşağa görə 235 manat aliment ödəməsi onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmamaqla yanaşı, eyni zamanda həmin aliment məbləği məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaq təqribən 1 ilə yaxın müddətdə ödəniləcəkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinin tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 235 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1140 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 31.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-775/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 28 iyul 2007-ci tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 31.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar