Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2240/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat borcun və 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 07 mart 2025-ci il tarixində Cavabdeh 01 may 2025-ci il tarixində qaytarmaq şərti ilə 1800 manat borc pul verib. Cavabdehla aralarında iki şahidin iştirakı ilə borc müqaviləsi də imzalanmışdır. Borc verdiyi müddət bitdikdən sonra verdiyi pulları cavadeh Cavabdeh geri tələb etməyinə baxmayaraq o, müxtəlif bəhanələrlə ona borclu olduğu pul məbləğini qaytarmaqdan qəsdən yayınıb. Cavabdehla telefon danışıqlarından və votsap yazışmalarında ona borcunun olduğunu dəfələrlə etiraf edib. Bu səbəbdən də polisə şikayət etmədən işin mülki xarakterli olduğunu hesab edib, pozulmuş hüquqlarının bərpası üçün bir başa məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh ona məxsus evdə kirənişin olduğu zaman onunla səmimi münasibətləri yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan cavabdeh bir müddət sonra qəza keçirtmiş və həmin vaxt özü və maşında olan sərnişin xəsarət aldığı üçün onun maddi çətinlikləri yaranmışdır. Daha sonra ondan bir ay müddətinə borc istəmiş cavabdehə inanıb astma xəstəsi olan oğlunun hər il müalicəsi üçün yığdığı 1800 manat pulu 1 ay müddətinə qaytarmaq şərti ilə ona borc vermişdir. Həmin vaxt pul cavadehə təcili lazım olduğundan, notariusa gedə bilməmişlər və bu günə qədər cavabdeh borca götürdüyü 1800 manat puldan ona heçnə qaytarmamışdır. Lakin təqdim etdiyi votsap yazışmalarında Muradın ondan pulu almasına dair kifayət qədər sübut olduğunu və əlavə sübut təqdim etməyə ehtiyac görmədiyini bildirərək, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Tərəflər arasında sadə yazılı formada bağlanmış borc müqaviləsinin surətindən görünür ki, iddiaçı, şəxsiyyət vəsiqəsinin seriyası AZE, nömrəsi ********* olan cavabdehə, iki şahidin iştirakı ilə 01 ay müddətində qaytarmaq şərti ilə, xx.xx.2025-ci il tarixdə 1800 manat borc pul vermişdir. WhatsApp sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalarından görünür ki, həmin yazışmalarda “... dünən işləmişəm sabah 150 inşallah götürəcəm...2-ci gündə 100 verəcəklər, hələlik bir təhər edək...işlər belə getməyəcək, az qalıb, amma arxayın ol, sabah maaş günümdür”, “bu karta atım”, “...bilirəm çox narahatsan, amma darıxma, düzələr işlər tezliklə...az qədərdə səbr edək... bilirəm səndə ehtiyacdasan, xahiş edirəm anlayışla qarşıla, bu dəqiqə sənin əmanətini fikirləşirəm...”, “...həll etmək istiyirəm, darıxma faiz verilməlidi...” ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan tərəflər arasında sadə yazılı formada bağlanmış borc müqaviləsinin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə iki şahidin iştirakı ilə 01 ay müddətində qaytarmaq şərti ilə 1800 manat borc pul vermişdir. “AZEMİS” Məhkəmə Elektron Sistemi vasitəsilə cavabdehin şəxsiyyət vəsiqəsinə baxılmış və onun seriyasının və nömrəsinin həmin müqavilədəki seriya və nömrəsi ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. WhatsApp sosial şəbəkəsi vasitəsilə iddiaçının cavabdehlə etdiyi yazışmalardan da görünür ki, tərəflər arasında borcla əlaqədar münasibətlər olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində iddiasının əsası kimi həmin borc müqaviləsi və WhatsApp yazışmalarını göstərsə də, cavabdeh iddia ərizəsinin surətin aldığına baxmayaraq iddiaya qarşı etiraz verməmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ : Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul, eləcə də iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-2240/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2240/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver