Məhkəmə qərarları › İş №2(049)-2243/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2243/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2243/2025 16.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan tələbi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tikintilərin sökülməsi ilə bağlı vurduğu 3300 manat, 200 ədəd ot bağlamalarının dəyəri olan 900 manat, ümumilikdə 4.100 manat məbləğində maddi ziyanın, qiymətləndiriciyə ödənilmiş 200 manat və ödənilmiş 63 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, təxminən 50 il bundan əvvəl iddiaçının mərhum atası X10 tərəfindən Lənkəran rayonu, Kərgəlan kəndində ev heyvanlarının saxlanılması üçün tövlə tikilmiş və həmin tövlədə xırda buynuzlu heyvan saxlanılmışdır. Atası vəfat eldikdən sonra həmin tövlə iddiaçı tərəfindən istifadə olunnmuşdur. Beləliklə, iddiaçı, 1991-ci ilin fevral ayında öz valideynlərinin təsərrüfatından rəsmi olaraq ayrılmış, lakin son 4-5 il bundan əvvələdək faktiki olaraq anası ilə bir təsərrüfatda yaşamışdır. Hazırda iddiaçının təsərrüfatında olan, xırda buynuzlu ev heyvanı olan qoyun-quzu vardır. Onlardan təxmini 50-60 başı özünə, qalanları isə bacısının əri Əblağa Bilişova məxsusdur. İddiaçı həm öz heyvanlarını, həm də bacısı ərinin heyvanlarını kənddə atası tərəfindən tikilmiş tövlədə saxlayıb, onlara qulluq edir, Əblağa Bilişova məxsus olan heyvanlara qulluq etdiyinə görə Əblağa Bilişov tərəfindən ona zəhmət haqqı verilir. İddiaçının atası tərəfindən təxminən 50 il bundan əvvəl tikilmiş tövlənin istifadəyə yararlılığının qorunub saxlanılması üçün iddiaçı tərəfindən təmir-bərpa işləri aparılmışdır. Belə ki, həmin rekonstruksiya işləri aparılarkən tövlənin döşəmə hissəsi qırmızı kərpiclə tam döşənməklə üzəri betonla saflaşdırılmış, dam örtüyünün sınmış şiferləri dəyişdirilmiş, axur hissəsi düzəldilmişdir. Həmin tövlənin yanında olan 24 metr uzunluğunda künclük və 13 ədəd dəmir şifer materialı ilə hasar çəkilmişdir. Bundan başqa, heyvanların qışlıq yeminin təmin edilməsi məqsədi ilə azbest boru və kənarları məftil torla əhatələnmiş üstü azbest şiferlə örtülmüş ot yeri olan talvar tikilmişdir. Qoyun tövləsi isə 30 il əvvəl 25-30 baş qoyunun saxlanılması üçün taxta və pitlə (torpaq və çay daşlarının qarışığı ilə) tikilmişdir. Bundan başqa ev heyvanlarının qışlıq yemliyinin təmin edilməsi üçün talvarda olan hər biri 4.5 manata alınmış 200 ədəd ot bağlamaları da olmuşdur. Yuxarıda sadalanan tövlələrin təmir bərpa işlərinə, hasarın çəkilməsinə və 200 ədəd ot bağlamalarının alınmasına, iddiaçı, ümumilikdə 4100 manat məbləğində xərc çəkmişdir. Həmin xərclərin çəkilməsi iddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş 03- M/2025 saylı qiymətləndirilmə hesabatında da öz təsdiqini tapmışdır. İş üzrə Cavabdeh yuxarıda qeyd edilən tikililəri özbaşına olaraq sökmüş, onların materiallarını da özünə götürmüş, ot talvarında olan olan 200 ədəd ot bağlamalarını isə Lənkəran rayonunun Xanlıqlı kənd sakini X5 idarə etdiyi, **-US-*** dövlət nömrə nişanlı, Qazel markalı yük maşınına yükləyib aparmışdır. İddiaçı onun bu qanunsuz əməllərinin qarşısını almaq istəsə də, cavabdeh buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdiyindən, iddiaçı, istifadəsində olan mobil telefon vasitəsilə videoqeydə almış və həmin görüntülərin olduğu videodisk iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehin öz qanunsuz əməlləri ilə iddiaçıya vurduğu ziyanın ödənilməsi və onun bu özbaşınalıqlarına görə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Lənkəran ŞRPŞ-yə müraciət etmiş və cavabdehin izahatı alınmış, cavabdeh verdiyi izahatında yuxarıda sadalanan tikililəri sökməsini və ot paçkalarını oğurlamasını etiraf etsə də, həmin torpaq sahəsinin onun atasına məxsus olmasını əsas gətirərək tikililəri sökdüyünü, ot paçkalarını da götürdüyünü etiraf elmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının həmin tikililərin yanında qoyulmuş 500 sm diametrli, ümumi uzunluğu 24 metr, hər biri 12 m olmaqla iki ədəd dəmir borunu da götürüb iddiaçıya məlum olmayan yerə aparmış və ya satmışdır. Yuxarıda qeyd edilən tikililərin iddiaçıya məxsus olması iddiaçının atasının ona qarşı əvvəllər tikililərin sökülməsi barədə qaldırdığı iddia ərizəsi üzrə qəbul edilmiş qətnamələrdə məhkəmənin müəyyən etdiyi hallarla öz təsdiqini tapır. Həmin iddia tələbi rədd olunarkən məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın nəticəsi olan ekspert rəyi ilə də təsdiq edilmiş və həmin rəydə də tikililərin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra cavabdehin atası qanunvericiliyin tələblərini pozmaqla həmin tikililərin olduğu torpaq sahəsini boş ərazi olaraq bələdiyyədən aldıqdan sonra cavabdeh vasitəsilə həmin tikililəri özbaşına, heç bir məhkəmə qərarı olmadan sökmüşdür. Həmin qətnamələr də iddia ərizəsinə əlavə olunur. Lənkəran ŞRPŞ tərəfindən də iddiaçıya xx.xx.2025-ci il tarixli, 3-13-96/2-K-9454/2025 saylı məktub verilərək cavabdehin əməlindən cinayət və inzibati xəta tərkibinin olmaması səbəbindən araşdırmanın dayandırıldığı və buna görə də cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zaiyanın əvəzinin alınmasından ötrü məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir, bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun əmisidir. İddia tələbində qeyd edilən tövlələr iddiaçı tərəfindən deyil, babası, yəni iddiaçının atası tərəfindən tikilmişdir. Həmin tövlələr bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində tikilmişdir. Sonradan isə onlar həmin torpaq sahəsini bələdiyyədən hərrac və alqı-satqı yolu ilə almışlar. Hazırda həmin torpaq sahələri onun və atası X1 xüsusi mülkiyyətindədir. Atası Səxavətin həyətində köhnə bir tövlə olmuşdur. Onun torpaq sahəsində isə tövlə deyil, ot yığmaq üçün çardaq olmuşdur. Həmin torpaq sahələrini aldıqdan sonra orada olan həmin köhnə tikililər onların tərəfindən sökülmüşdür. İddiaçının həmin tikililərə heç bir mülkiyyət və istifadə hüququ olmamışdır. İddia tələbində qeyd edilən ot tayaları isə ümumiyyətlə həmin ərazidə olmamışdır. Odur ki, iddiaçıya maddi ziyanın dəyməsi barədə heç bir sübut mövcud deyildir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında idia tləbini qəbul etməyərək, qeyd etdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi tövlələrlə ona məxsus olan və yaşadığı evin arasında ən azı 500 metr məsafə vardır. Belə ki, həmin tövlə tikililəri iddiaçıya deyil, onun atasına məxsus olmuşdur. Həmin tikililərin iddiaçıya heç bir aiddiyyəti olmamışdır. Odur ki, iddia tələbi tamamilə əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı X7 onun qardaşıdır. İddia tələbində qeyd edilən tövlə tikililəri Seyran tərəfindən deyil, onun atası tərəfindən tikilmişdir. Həmin tövlələrlə Seyranın yaşadığı ev arasında 500 metr məsafə mövcuddur. Həmin tövlə tikililəri qardaşı Səxavətin həyətində inşa edilmişdir, Seyrana isə heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. İddia tələbində qeyd edilən tövlə tikililəri Seyrana deyil, onun atasına və anasına məxsus olmuşdur. Seyran həmin tövlələrdə onun anasının heyvanlarını saxlamışdır. Həmin tövlələrlə Seyranın yaşadığı ev arasında 500 metr məsafə vardır. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, iddia tələbində qeyd edilən tövlə tikililri onun özünün və oğlu Raufun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşmişdir. Həmin tikililər köhnə bir tikili olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşmişdir. Sonradan həmin torpaq sahələrini onlar bələdiyyədən almışlar və onların mülkiyyətindədir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, iddia tələbində qeyd edilən tövlə tikililəri əvvəllər bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində İddiaçı atası tərəfindən inşa edilmişdir. Seyran onun qohumudur. O, Seyranla birlikdə həmin tövlədə heyvan saxlayaraq, təsərrüfatla məşğul olmuşdur. Hazırda həmin torpaq sahəsi Seyranın qardaşı Səxavətin xüsusi mülkiyyətindədir. Həmin tövlə tikililəri 2024-cü ilin may ayında sökülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu , Kərgəlan kəndi sahəsində yerləşən 0,02 ha torpaq Cavabdeh xüsusi mülkiyyətindədir. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu , Kərgəlan kəndi sahəsində yerləşən 0,02 ha torpaq X2 xüsusi mülkiyyətindədir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 03-M/2025 saylı qiymətləndirilmə hesabatından görünür ki, bina və tikilinin bazar dəyəri, manatla 3300 manat; ot bağlamalarının bazar dəyəri, manatla 900 manat; cəmi isə 4100 manat təşkil edir. Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-96/2-K-9454/2025 saylı məktubdan görünür ki, cavabdehin əməlindən cinayət və inzibati xəta tərkibinin olmaması səbəbindən araşdırmanın dayandırıldığı və buna görə də, iddiaçıya, cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzinin alınmasından ötrü məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan videoçəkilişlərə və fotolara məhkəmə iclasında baxış keçirilərək tədqiq edilən zaman idia tələbində qeyd edilən tikililərin sökülməsi və həmin ərazidə ot bağlamalarının mövcudluğu halı müəyyən edilmədi. Məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilən yerli baxış zamanı, eyni zamanda iddiaçı və cavabdehin yerli baxış zamanı izahatlarından müəyyən edildi ki, iddiaçının iddia tələbində qeyd etdiyi tövlə tikililərinin biri Cavabdeh, digəri onun atası X2 xüsusi mülkiyətində olan torpaq sahəsində yerləşmişdir. Əvvəllər həmin torpaq sahələri Lənkəran rayonu, Kərgəlan bələdiyyəsinin mülkiyyətindəolmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddələrin dispozisiyasına əsasən mülki hüquq pozuntusunun tərkibinin olması üçün, mülki-hüquqi məsuliyyətin törədilmiş əməlin hüquqa zidd olması, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və hüquq pozanın təqsirinin olması ümumi şərtləri mövcud olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı iddia tələbində söküldüyünü qeyd etdiyi tövlə tikililəri onun atası tərəfindən Lənkəran rayonu, Kərgəlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Hazırda həmin torpaq sahələri Cavabdeh və X2 xüsusi mülkiyyətindəolan torpaq sahəsidir. İddiaçı məhkəməyə qeyd qeyd edilən tövlə tikililərinin və iddia tələbində qeyd edilən ot bağlamalarının dəyəri ilə əlaqədar mütəxəssis rəyi təqdim etsə də, həmin tikililərin ona məxsus olması barədə hər hansı sübutu, eyni zamanda iddia tələbində qeyd edilən ot bağlamalarının mövcud olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin istinad etdiyi həmin halları sübut edə bilmədiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Prosessual tələblər baxımından İddiaçı iddia tələbində qeyd etdiyi tövlə tikililərinin ona məxsus olması, ot bağlamalarının mövcudluğu və həmin tikililərin sökülməsi nəticəsində cavabdehin təqsirindən ona madi ziyanın dəyməsini sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, verilmiş izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «maddi ziyan tələbi» barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia tələbi üzrə ödənilmiş 63,4 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar