Məhkəmə qərarları › İş №2(049)-2287/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2287/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2287/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi,məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 450 manat və dövlət rüsumuna görə ödədiyi 30 manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun atası ilə yaxın dost olmuş, ona görə də, onun müəllimə işlədiyini bilmiş, bundan sonra bir neçə dəfə onlara gəlib-getdikdən sonra ondan xx.xx.2022-ci il tarixdə 100 manat borc pul almışdır. Bir neçə gündən sonra həmin pulu ona qaytarmışdır. Daha sonra ikinci dəfə yenə xx.xx.2022-ci il tarixdə 100 manat borc almışdır. Həmin borcu da bir neçə vaxta geri qaytarmışdır. Bu minvalla aralarında borc ilə bağlı münasibət yaranmışdır. Ondan aldığı borcları vaxtında qaytardığı üçün onun inamı yaranmışdır. 2024-cü ilin yanvar ayında ümumilikdə 555 (beş yüz əlli beş) manat olmaqla ondan borc almışdır. Lakin həmin borcu qaytaracağını vəd verdiyi tarixdə ona geri qaytarmamışdır. Dəfələrlə ondan pulunu geri qaytarmasını istəsə də, ona geri qaytarmamışdır. Ona görə də, məcbur qalıb Lənkəran ŞRPŞ-yə 2024-cü il tarixdə onun barəsində şikayət etmiş, lakin bunun bir faydası olmamış və ona atasına şikayət edəcəyini bildirmişdir. Bu səbəbdən də, ona olan 555 manat borcundan 55 manat bir və 50 manatda bir olmaqla 105 manat pulu geri qaytarmışdır. Daha sonra isə yenədə ona olan borcunu qaytarmamağa başlamışdır. Bu səbəbdən, o yenidən onun barəsində Lənkəran SRPŞ-yə şikayət etmiş, Lənkəran ŞRPŞ-nin əməkdaşı sahə rəisi Fəxrəddin adlı şəxs 2024-cü ilin aprel ayında çağıraraq izahatını alsa da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. O, pulunun geri qaytarılmadığını gördüyü üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, cavabdehin bildirdiyi üzrə bank kartı cavabdehin qohumu Kamal Rəcəbova aiddir, Kamal Rəcəbov əmisi oğludur. O, 500 manatı cavabdehə əlbəəl vermiş, Whatsapp mesajlardan da əlbəəl verməsi görünür. Cavabdehin borcu olduğu onun yazışmalarında hissə-hissə qaytarmasından göründüyünü bildirərək, cavabdehə münasibətləri olduğuna görə dəfələrlə ona borca pul vermiş, sonuncu isə pulu hissə hissə qaytarmışdır. Lakin cavabdeh sonradan 450 manat pulu qaytarmaqdan imtina etmiş və bu səbəbdən də polis şöbəsinə müraciət etmişdir. Hazırda məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında bildirdi ki, iddiaçı ilə münasibəti olduğu vaxt, bir-birilərinə pul vermişlər, göstərilən pulun hansı karta transfer olduğu diqqətə alınmalıdır, çünki onun kartının nömrəsi deyildir. 2025-ci ildə 55 və 50 manat iddiaçıya ödəmiş və borcunu tam şəkildə geri qaytarmışdır. Cavabdeh məhkəmənin 01 fevral 2025-ci il tarixdə iddiaçıya 50 manat pul göndərdikdən sonra iddiaçı ilə yazışmalarda sonuncunun ondan qalan pulu tələb etdiyi zaman bunu inkar etməməsinin, ona borcunun qalmaması ilə bağlı cavablar verməməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki cavabdeh özü də qeyd edilən yazışmaları inkar etmir, əksinə iddiaçıya atası ilə danışacağını bildirir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Əməliyyat tarixçəsinin çıxarışından görünür ki, Shamil R. adlı şəxs tərəfindən 3719 ilə bitən bank kartına 29 dekabr 2024-cü il tarxdə saat 09:43-də 55 manat və 1 fevral 2025-ci il tarixdə saat 11:36-da 50 manat pul vəsaiti köçürülmüşdür. İddiaçının təqdim etdiyi Whatsapp ani mesajlaşma tətbiqi üzərindən alınmış görüntülərdəki +994 50 *** ** ** nömrə ilə yazışmalardan görünür ki, cavabdeh “Bu ay yox, gələn aydan başlayarqaq verib bitirəcəm kökündən”, “Dedim gözlə, gələn həftə pul alacam, sənədə göndərəcəm, və eyni zamand, əlimə düşən kimi hissə-hissə verəcəm, dön ancaq”, “sabah ataram” kimi ifadələr yazmışdır. İddiaçının təqdim etdiyi Lənkəran ŞRPŞ-də Cavabdeh tərəfindən 15 mart 2025-ci il tarixdə verilmiş izahatdan görünür ki, İddiaçı onu şərləyir, onun borcu yoxdur, sonuncunu təhqir etməmişdir. Lənkəran ŞRPŞ-nin Liman PB-nin rəisi tərəfindən İddiaçı onun şikayəti üzrə cinayət yaxud da inzibati xəta tərkibi olmadığından onun məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş ödənişə dair çıxarışdan görünür ki, sonu 5486 nömrəli kartdan 5167******5537 karta (İBA**********975 nömrəli əməliyyat № üzrə) 100 azn, (İBA**********447 nömrəli əməliyyat № üzrə) 100 azn, (İBA**********640 nömrəli əməliyyat № üzrə) 100 azn, (İBA**********520 nömrəli əməliyyat № üzrə) 10 azn, (İBA**********185 nömrəli əməliyyat № üzrə) 50 azn pul vəsaiti köçürüldüyü görünür. Cavabdeh tərəfindən təqdim olunmuş ödənişə dair çıxarışdan görünür ki, 5167******5537 karta 150 manat pul vəsaiti köçürüldüyü görünür. Cavabdeh tərəfindən təqdim olunmuş ödənişə dair çıxarışdan görünür ki, sonu 5486 nömrəli kartdan 5167******5537 karta (İBA**********243 nömrəli əməliyyat № üzrə) 50 azn, (İBA**********215 nömrəli əməliyyat № üzrə) 45 azn pul vəsaiti köçürüldüyü görünür. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ümumilikdə 500 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında olan münasibətlər yaxşı olduğu müddətdə iddiaçı tərəfindən cavabdehə dəfələrlə borc pul verilmiş və sonuncu da həmin pul vəsaitlərini geri qaytarmışdır. Bu faktı cavabdeh inkar etmir. Cavabdeh iddiaçının ona 500 və daha artıq borc verdiyini, həmin pul vəsaitlərini tam şəkildə geri qaytardığını deyərək müvafiq qəbzlər təqdim edir. Lakin həmin qəbzlərdə göndərilən pul vəsaitlərinin kimə, hansı vaxtda, dəqiq olaraq hansı kart hesabına göndərildiyini müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdehin təqdim etdiyi ödənişlərə dair qəbzlərin və onların foto-şəkillərinin çıxarışına münasibət bildirərək qeyd edir ki, həmin qəbzlərdən PashaPay MMC-yə məxsus MilliÖN (M10) ödəniş terminalı üzərindən ödənilmiş pul vəsaitlərinin tam olaraq kimə məxsus hesaba ödəniş olunması müəyyən olunmur. Digər ödəniş qəbzlərində sonu 5486 nömrəli kartdan 5167******5537 karta pul vəsaiti köçürmələri görünsə də, həmin sonu 5486 ilə bitən kartın yaxud da 5167******5537 kartın kimə, hansı şəxsə məxsus olduğu qeyri müəyyəndir. Bununla bağlı cavabdeh müvafiq izahlar verə bilməmiş və sübutlar təqdim etməmişdir. Cavabdeh iddiaçıya olan borcunu qaytardığı halda xx.xx.2025-ci il tarixdən sonra cavabdehin ondan borca verdiyi pulunu tələb etməsinə baxmayaraq bunu inkar etməməsinin səbəbini izah edə bilməmişdir. Göstərilən halda sübut etmə yükünün cavabdehin üzərində olduğunu məhkəmə nəzərə alır. Belə ki, cavabdeh iddiaçıdan pul aldığını qəbul edir, lakin pulu tam şəkildə geri qaytardığını isə sübut edə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin Həmin Məcəllənin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 450 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 480 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 450 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 480 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar