Məhkəmə qərarları › İş №2(049)-2377/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2377/2023

20.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2377/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0.135 ha torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçıya və ailəsinin digər üzvünə Lənkəran rayonu, Girdəni kəndi ərazisində 0.135 hektar torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Bu barədə onların adına torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan həmin dövlət aktını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə təqdim edərək tək öz adına çıxarış əldə etmişdir. Həmin çıxarış xx.xx.2015-ci il tarixdə onun adına verilmişdir. Qeyd olunan 0.135 hektar torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmişdir. Lakin buna baxmayaraq iş üzrə Cavabdeh mənim mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq özünə fərdi yaşayış evi və digər tikililər inşa etmişdir. İş üzrə cavabdeh ona imkan vermir ki, o, mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etsin. Bununla bağlı o, yuxarı orqanlara da müraciət etmişdir. Həmin müraciətlərindən biri cənab Prezidentə olmuş və onun müraciəti araşdırılması üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə ünvanlanmışdır. İcra hakimiyyəti öz növbəsində mənə məktub ünvanlayıb, qeyd etmişlər ki, ona məxsus torpaq sahəsinin koordinatlarını müəyyənləşdirməkdən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilməli, həmin idarənin mütəxəssisləri tərəfindən ərazidə ölçü işləri aparıldıqdan sonra hər hansı bir uyğunsuzluq yaranarsa aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə müraciət etməyim məqsədəmüvafiqdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsi ona məxsusdur. Belə ki, həmin, yəni Lənkəran rayonu, Girdəni kəndində yerləşən ümumi sahəsi 0,16 hektar olan torpaq sahəsi Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onun həyat yoldaşı X1 ayrılmışdır. Həmin vaxtdan halhazıradək həmin torpaq sahəsin onunla birlikdə ailə üzvlərinin istifadəsindədir və orada yaşayış evi inşa edərək, həmin evdə yaşayırlar. Həmin torpaq sahəsinin iddiaçı Cavabdeh heç bir aidiyyəti yoxdur. İddia tələbi əsassız olduğu üçün onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı, ******* nömrəli, **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən, ümumi sahəsi 0,135 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı, 006223 nömrəli, **********20 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü”ndə İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,135 ha olan torpaq sahəsinin ölçüləri qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayonu, Girdəni bələdiyyəsindən təqdim edilmiş 01 nömrəli xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh mülkiyyətində olan 0,135 ha torpaq sahəsinin çüəyyən hissəsinin zəbt edilməsi və eyni zamanda həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsi ilə bağlı sözügedən əraziyə bir neçə dəfə baxış keçirilmiş və mübahisəli məsələ həllini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (A.Bağırova şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 mart 2023-cı il tarixli qərarı). İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində Lənkəran rayonu, Girdəni kəndi ərazisində ümumi sahəsi 0.135 ha olan torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə keçirilməsinə iddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, “maneələrin aradan qaldırılması” hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinə “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində konkret olaraq cavabdehin qanunsuz hərəkətlərinin hansı hərəkətlərdən ibarət olduğu qeyd edilməmişdir. Qeyd edilən səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarının Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 0.135 ha olan torpaq sahəsinə yerində müayinə keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar