Məhkəmə qərarları › İş №2(049)-2474/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2474/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2474/2022 02.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, Cavabdeh işitrakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 manat pulun, dövlət rüsumu kimi ödədiyi 71 manatın və 110 manat vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki Cavabdeh tanış kimi tanımış və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci ildə cavabdeh ona müraciət edərək 5000 manat məbləğində borc pul lazım olduğunu və 6 ay müddətinə qaytaracağını bildirmişdir. O da cavabdehə inanaraq borc pul vermişdir. Lakin bu günə qədər dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, pul ona qaytarılmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 5000 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 71 manatın və 110 manat vəkil xidməti haqqının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini, iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdə 6 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat pul borc aldığını, iddiaçının təqdim etdiyi borc sənədinə olan sözlərin tərəfindən yazıldığını həmin borc sənədində icra edilmiş imzaların ona məxsus olduğunu, ayrı-ayrı vaxtlarda iddiaçının anasına ödəniş terminalı vasitəsilə bir neçə dəfə 17 manat məbləğində pul göndərdiyini bildirərək, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdə qeyd olunur ki, «Mən Cavabdeh X2 5000 min AZN borc pul aldım. 6 aydan sonra pulu qaytaracam. Aldığım vaxt xx.xx.2020. Qaytaracağım vaxt xx.xx.2021». Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə yazılı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 5000 manat məbləğində pulu cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məbləği 6 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İddaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı borc məbləğini 6 ay müddətində iddiaçıya qaytarmamışdır. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Cavabdehin təqdim etdyi “eManat” ödəniş terminalı vasitəsilə həyata keçirilmiş ödənişləri özündə əks etdirən qəbzlərin surətlərindən görünür ki, ayrı-ayrı tarixlərdə və məbləğlərdə (14 dəfə 17 AZN, 2 dəfə 51 AZN, 2 dəfə 34 AZN, 1 dəfə 10 AZN olmaqla, cəmi 463 AZN) iddiaçının anası Giləxanım Mehtiyevaya pul vəsaitləri göndərilmişdir. Cavabdeh həmin qəbzləri iddiaçıdan aldığı 5000 manat borc puldan müəyyən hissəni iddiaçıya ödədiyini təsdiqləyən sübut qismində məhkəməyə təqdim etsə də, məhkəmə həmin ödəniş qəbzləri sübut qismində qəbul etmir. Belə ki, qeyd olunan pul vəsaitləri iddiaçıya deyil, onun anasının adına göndərilmiş, cavabdeh isə qeyd olunan cəmi 463 AZN pul məbləğini iddiaçının anasının adına göndərilməsinin İddiaçı olan 5000 manat məbləğində borcla əlaqəli olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəf bu faktı özləri təkzib etmişlər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 5000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın hüquqi xidmətə görə ödənilmiş 110 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, 50 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi ağlabatandır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat pul, dövlət rüsumu kimi ödənilmiş 71 manat və 50 manat vəkil xidməti haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar