Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2483/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 630 (altı yüz otuz) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutulub X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixdə Mərkəzin Haftoni meşəbəyliyinin 20 saylı meşə dolayısında reyd keçirilən zaman Lənkəran rayonu Rvo kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X6 aparılması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəii şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 630 (altı yüz otuz ) manat 89 qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən 16. may 2023-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək, meşə ərazisinə qonşusuna məxsus heyvanı axtarmağa getdiyini, meşə ərazisi ilə yaşadığı evə qayıdarkən kəsilmiş ağacların olduğunu görərək, 4 ədəd doğranmış quru şəkildə olan ağacı odun şəklində istifadə etmək məqsədi ilə yaşadığı evə gətirdiyini, meşə ərazisində ağac kəsmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 27 mart 2023-cü il tarixli Haftoni meşəbəyliyinin 20 saylı meşə dolayının gözətçisi X2 məlumatından görünür ki, Lənkəran rayonu, Rvo kənd sakini Cavabdeh yaşadığı evin yaxınlığında onun mühafizə etdiyi meşə ərazisindən müxtəlif cins və diametrli 6 ədəd ağaclarını kəsib aparmışdır. 27 mart 2023-cü il tarixli 005952 nömrəli Aktdan görünür ki,qeyd olunan məlumat əsasında yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Rvo kənd sakini Cavabdeh heç bir əsası olmadan Haftoni meşəbəyliyinin 20 saylı meşə dolayına daxil olaraq fıstıq cinsindən 52 sm diametrində 02 ədəd, 64 sm diametrində 01 ədəd vələs cinsindən, 20,36 və 40 sm diametrində 03 ədəd qızılağac cinsindən olmaqla, ümumilikdə 06 ədəd ağac (odunluq) kəsərək evinə aparmışdır. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş həcm-qiymət cədvəlindən görünür ki, ağacların kəsilməsi ilə təbiətə vurulmuş vurulmuş ziyanın məbləği 630,89 manat təşkil edir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran rayonu, Rvo kənd sakini Cavabdeh X5 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə xəbərdarlıq olunmuşdur. 11 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinə görə, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 X1 meşəbəyliyinin 20 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixdə meşə ərazisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu, Rvo kənd sakini Cavabdeh heç bir əsası olmadan Haftoni meşəbəyliyinin 20 saylı meşə dolayına daxil olaraq fıstıq cinsindən 52 sm diametrində 02 ədəd, 64 sm diametrində 01 ədəd vələs cinsindən, 20,36 və 40 sm diametrində 03 ədəd qızılağac cinsindən olmaqla, ümumilikdə 06 ədəd ağac (odunluq) kəsmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş həcm-qiymət cədvəlinə əsasən, ağacların kəsilməsi nəticəsində təbiətə vurulmuş vurulmuş ziyanın məbləği 630,89 manat təşkil edir. Cavabdeh oğlu Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı meşə fonduna vurulmuş ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə meşə ərazisində ağac kəsmədiyini, kəsilmiş ağacları götürdüyünü bildirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinini tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən isə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 630,89 manat pul vəsaiti tutularaq X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227 və 233 -cü maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 630,89 manat pul vəsaiti tutularaq X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2483/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2483/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver