Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2498/2025 09.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən cavabdehə verilmiş “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saz və işlək vəziyyətdə ona qaytarılması, avtomobil olmadıqda isə onun dəyəri olan 10.000 manat pulun, eyni zamanda, məhkəməyə müraciət etmək üçün ödənilmiş 120 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən onun tərəfindən cavabdehə “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobili verilmişdir. Lakin cavabdeh həmin avtomobili indiyədək də ona saz vəziyyətdə qaytarmamışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, lakin o, müxtəlif bəhanələr gətirərək avtomobili qaytarmağı gecikdirmişdir. Artıq cavabdehin onun avtomobilini qaytarmaq niyyətinin olmadığını görüb ona rəsmi bildiriş göndərmiş və avtomobili saz vəziyyətdə geri qaytarmasını xahiş etmişdir. Cavabdeh bildirişi almasına baxmayaraq avtomobili hələ də geri qaytarmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edir ki, cavabdehlə qarşılıqlı razılığa əsasən avtomobili 10.000 manat dəyərində qiymətləndirmişlər. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat vermişdir. Eyni zamanda, o, məhkəməyə ərizə təqdim edərək cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, eyni zamanda, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılmasına razı olduğu barədə yazılı ərizə verdiyinə görə hazırki mülki işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Kürdəmir rayonunda yaşayır. Bir müddət əvvəl bibisi oğlu Raufun vasitəsilə cavabdehlə tanış olmuşdur. Belə ki, o, özünün “Mercedes” markalı avtomobilini satıb “Kia” markalı avtomobil almaq istəmiş, bibisi oğlu da ona Daşqın adlı şəxsin, yəni cavabdehin avtomobil alqı-satqısı ilə məşğul olduğunu demişdir. O da cavabdehlə tanış olduqdan sonra özünün “Mercedes” markalı avtomobilini cavabdehə vermişdir. Bir müddət sonra cavabdeh ona demişdir ki, başqa bir avtomobil almaq üçün 2500 manat pula ehtiyacı var, əgər pulu bu gün verməsə, avtomobili əldə edə bilməyəcəkdir. O da cavabdehə 2500 manat pul vermiş və həmin pulun, həmçinin özünün “Mercedes” markalı avtomobilinin zəmanəti olaraq cavabdeh “Lexus” markalı qara rəngli bir minik avtomobilini gətirib onların həyətinə qoymuşdur. O, “Lexus” markalı avtomobil istəmədiyinə görə cavabdeh müvəqqəti idarə etmək üçün ona “Hyundaı Elantra” markalı minik avtomobili vermiş və demişdir ki, ona “Kia” markalı avtomobil gətirib “Lexus” markalı avtomobili aparacaqdır. Lakin o, sonradan bilmişdir ki, “Hyundaı Elantra” markalı həmin avtomobil cavabdehə məxsus deyildir və hansısa “Rentacar”dan icarəyə götürülmüş avtomobildir. O, pulunu və öz avtomobilini geri tələb edəndə cavabdeh bu dəfə ona “Nissan sunny” markalı minik avtomobili təklif etmişdir. Cavabdeh “Nissan sunny” markalı minik avtomobili ilə bağlı ona video səs göndərmişdir ki, belə bir avtomobili vardır. Lakin o, həmin avtomobili də istəməmişdir. O, cavabdehin barəsində polisə müraciət edəndən sonra məlum olmuşdur ki, “Nissan sunny” markalı avtomobil də cavabdehin adına deyil, Pərvanə adlı bir qadının adınadır. Bundan sonra o, başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X3 da məhkəmə iclasında şahid X1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş AD 526791 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobili hazırki iş üzrə iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə, “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saz və işlək vəziyyətdə ona qaytarılması təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə ünvanlanmış bildirişdə iddiaçı özünə məxsus “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün cavabdehə verdiyini, lakin cavabdehdən heç bir xəbər olmadığını, avtomobildən istifadə etmədiyi halda, avtomobilə aid cərimələrin ona aid edildiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, müstəqil ekspert xidmətlərinin göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilədən və avtomobilin qiymətləndirilməsi barədə xx.xx.2025ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus, 2007-ci il istehsalı olan “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2025ci il tarixə bazar dəyəri 10.000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı onun tərəfindən cavabdehə verilmiş “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saz və işlək vəziyyətdə ona qaytarılması, avtomobili olmadıqda isə onun dəyəri olan 10.000 manat pulun, eyni zamanda, məhkəməyə müraciət etmək üçün ödənilmiş 120 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi şahidlərin ifadələrinə, avtomobilin qeydiyyat şəhadətnaməsinə, mütəxəssis rəyinə və digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş və məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı özünün mülkiyyətində olan “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobilini cavabdehə vermişdir. Avtomobilin cavabdehə hansı məqsədlə verildiyi iş materiallarından dəqiq müəyyən edilməsə də, iddia tələbinin ümumi məzmunundan avtomobilin cavabdehə satış məqsədi ilə verildiyi və tərəflər arasında bununla bağlı sövdələşmə olduğu ehtimal edilir. Lakin iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin olması və ya iddiaçı tərəfindən bu məqsədlə cavabdehə etibarnamə verilməsi halları aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə mülkiyyət hüququnun ümumi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki vəziyyətdə “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq cavabdehdə olsa da, iddiaçı hazırda da həmin avtomobilin mülkiyyətçisi olaraq həmin avtomobilin mülkiyyətçisi iddiaçı özüdür. Həmin avtomobilin cavabdehin sahibliyində və istifadəsində olmasını haqlı göstərə biləcək hər hansı hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə bağlı mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə fikrini bidirmədiyindən və məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində və məhkəmə iclasında qeyd etdiyi xüsusatları, iş materiallarında olan sənədləri, həmçinin, şahidlərin ifadələrini sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, avtomobili həmin vəziyyətdə qaytarmaq mümkün olmadıqda isə onun mütəxəssis tərəfindən müəyyən edilmiş dəyərinə uyğun olaraq 10.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 120 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. “Nissan sunny” markalı ** XN *** dövlət qeydiyyat nişanlı minik avtomobili saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın, avtomobili həmin vəziyyətdə qaytarmaq mümkün olmadıqda isə onun dəyəri olan 10.000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2498/2025
Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(049)-2498/2025
09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver