Məhkəmə qərarları › İş №2(049)-2504/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2504/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2504/2023 17.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7700 manat borcun, inflyasiya səviyyəsinə görə hesablanmış 1070 manat faizin və dövlət rüsumu kimi ödənilmiş 108 manatın, ümumilikdə 8878 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Giilverdi oğlu ilə uzun müddətdir tanışdır. 2019-cu ilin əvvəlində o, maddi imkanını zəif olduğunu və dolanışığının çətin olduğunu bildirərək ona, təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini başlayana kimi borc pul verməyi xahiş etmiş və məşğul olacağı sahibkarlıq fəaliyyətindən əldə ediləcəyi qazancından qaytaracağına söz vermişdir. O, Cavabdeh səmimiliyinə inanaraq, xx.xx.2019-cu ildən xx.xx.2021-ci tarixədək müddət ərzində "xxxx" ASC, “AzərTurkbank“ ASC və AZ1002 saylı poşt şöbəsi vasitəsi ilə ona köçürməklə ümumilikdə 7700 manat məbləğində borc vermişdir. 2021-ci ilin mart ayında onun evində qonaq olduğu vaxt, onun də maliyyə vəziyyətinin yaxşı olmadığını və göndərdiyi pullardan qaytarılmasını bildirmişdir. O, təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini bərpa edə bilməsə, ona edilmiş aylıq əmək haqqının 600 manat olacağı iş təklifinə razı olacağını demişdir. Göstərilən dövr ərzində telefonla zəng vurub yenidən pul istəyəndə bildirmişdir ki, yaxın vaxtlarda işlərində dəyişiklik olacaq və sonradan isə bildirmişdir ki, aldığı təqaüddən qaytaracaqdır. Cavabdeh, hələ 2021-ci ilin mart ayında almış olduğu pulu 2021-ci ilin sonuna kimi qaytarmağa söz vermişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə, gah sahibkarlıq fəaliyyətini bərpa edə bilmədi, gah müqavilələrin bağlanması barədə danışıqlar apardığını, gah pulları ona verdiyi hissələrlə qaytaracağını bildirsə də, pulun qaytarılmasından imtina etmişdir. Belə ki, Cavabdeh zəng vurub göndərdiyi pulu nə üçün qaytarmadığını soruşduqda, sonuncu pulu yaxın günlərdə göndərəcəyini vəd etsə də göndərməmişdir. Növbəti dəfələrdə zəng vurduqda Cavabdeh pulu bir neçə günə yaxud növbəti ayda göndərəcəyini, bir neçə dəfə təşkilatlarala təmirtikinti işlərinin aparılması barədə müqavilə bağlayacağını əldə edəcəyi gəlir hesabına göndərəcəyini vəd etsə də, göndərməmişdir. Beləliklə, o, tam əmin olmuşdur ki, Cavabdeh borc olaraq aldığı 7700 manatı qaytarmaq istəmir və yenidən ona müxtəlif vədlər verərək pulu qaytarmaqdan yayınır. Göstərilən səbəbdən və sağlamlığının bərpasına çəkilən xərclər ilə əlaqədar ağır maddi vəziyyətə düşmüş və məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 10 iyul 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, əlavə olaraq Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 7700 manat pulun tutularaq iddiaçıya verilməsini xahiş etmiş, cavabdehdən borcu, inflyasiya səviyyəsinə görə hesablanmış 1070 manat faizin və dövlət rüsumu kimi ödənilmiş 108 manatı tələb etmədiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçı və onun nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, iddiaçı ilə aralarında etibarlı münasibətlər olduğunu, vaxtilə özünün iddiaçıya maddi köməklik göstərdiyini, həqiqətən iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2021-ci tarixədək olan müddət ərzində müxtəlif bank və poçt vasitəsilə ona ümumilikdə 7700 manat məbləğində pul vəsaiti göndərdiyini bildirərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib iddia tələbinin dəlillərinə qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2021-ci tarixədək olan müddət ərzində müxtəlif bank və poçt vasitəsilə cavabdehə ümumilikdə 7700 manat məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı həmin məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş edir. Cavabdeh isə, iddianı etiraf edərək iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 191.3-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7700 manat pul tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar