Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2538/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.875 (iki min səkkiz yüz yetmiş beş) manat əmlakına dəyən zərərin əvəzi onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, **-BE-*** dövlət nömrə nişanlı olan Mercedes markalı avtomaşın ona məxsusdur. 23 fevral 2023-cü ildə təxminən saat 17:20 radələrində, etibarnamə əsasında idarə etdiyi Mercedes markalı **-BE-*** dövlət nömrə nişanlı maşınla Lənkəran rayon Darquba kənd yoluna dönən zaman onunla eyni istiqamətdə hərəkət edən Zil markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşın qarşı zolağa çıxıb, manevr qaydasını pozaraq onun avtomaşının qabaq sol və qabaq arxa hissəsinə dəyərək onun avtomaşınını yol kənarındakı hasara çırpmışdı. Göstərilən yol-nəqliyyat hadisəsi Zil markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh İXM-nin 339.1-1, 332.4, 327.2 və 469.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olması Lənkəran rayon Yol patrul xidməti inspektoru, polis leytenantı Amid Şərifovun 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolu ilə təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 3(049)-785/2023 saylı qərarı ilə tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 24 fevral 2023-cü il tarixli məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Lənkəran rayonunda fəaliyyət göstərən "xxxx" MMC-nin tərtib edilmiş ziyan aktına əsasən onun avtomaşınının təmir işləri 2875 manata başa gələcək. Vurulmuş ziyanın ümumi miqdarı 2875 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ DYP-nin inspektoru X5 tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Lənkəran şəhəri Füzuli küçəsində hərəkətdə olarkən idarə etdiyi «ZİL 5301 AQ yük» markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən manevr qaydalarını pozaraq, onunla eyni istiqamətdə hərəkətdə olan «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə ziyan vurduğuna görə barəsində İXM-nin 469.1, 339.1-1, 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-785/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə tutulan təqsirli bilinib barəsində 400 manat inzibati cəimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 23 fevral 2023-cü il tarixli 000497 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, xx.xx.2023-cü il saat 18:50-də narkoloji müayinədən keçmiş, müayinə zamanı İddiaçı alkoqol sərxoşluğu aşkar edilməmişdir. 23 fevral 2023-cü il tarixli 000498 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, xx.xx.2023-cü il saat 19:00-da narkoloji müayinədən keçmiş, müayinə zamanı Cavabdeh alkoqol sərxoşluğu aşkar edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəydən görünür ki, olan “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı 2000-ci il buraxılışlı nəqliyyat vasitəsinə ümumilikdə 2875 manat ziyan vurulmuşdur. Cavabdeh Lənkəran ŞRPŞ-də verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi «ZİL 5301 AQ yük» markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran şəhəri Füzuli küçəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt onunla eyni istiqamətdə «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin Mercedes benz markalı avtomobil Lənkəran rayonu Darquba kəndində dönmək istəyən zaman qarşı zolağa çıxmış, onun avtomobilinin qabaq hissəsi həmin avtomobilin sol qabaq və arxa qapısına dəymişdir. Bu zaman «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomilə ziyan dəysə də, heç bir xəsarət alan olmamışdır. Sürücülük hüququ olmadan avtomaşını idarə etdiyinə görə əməlindən peşiman olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə X3 mülkiyyətində olan «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi, sərəncam verməyi və digər səlahiyyətləri İddiaçı etibar etmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən müəyyən olunur ki, o cavabdehin təqsirli hərəkəti üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin 21, 1096, 1097.1 və 1108-ci maddələridir. Belə ki, MM-nin 21-ci maddəsinə görə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108-ci maddəsində qeyd olunur ki; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Lənkəran şəhəri Füzuli küçəsində hərəkətdə olarkən sürücülük hüququ olmadan idarə etdiyi «ZİL 5301 AQ yük» markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olan İddiaçı etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncunun sahibliyində olan «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2875 manat maddi ziyan vurulmuşdur. Qeyd olunan hallar iddiaçının məhkəməyə təqdim etidiyi yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də şifahi qaydada etiraz bildirməklə yanaşı, iddianın rədd edilməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddiaçı X2 onun sahibiliyində olan «Mercedes Benz» markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanı tələb etmək hüququ vardır və vurulmuş ziyan Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verdiyindən sonuncu 2875 manat məbləğində ziyanı tam şəkildə ödəməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə Cavabdeh 2875 manat alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 2875(iki min səkkiz yüz yetmiş beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-2538/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2538/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver