Məhkəmə qərarları › İş №2(049)-258/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-258/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-258/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “9843 manat borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9843 (doqquz min səkkiz yüz qırx üç) manat borcun, 120 manat dövlət rüsumunun Cavabdeh Xudabaxış oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əkinçiliklə məşğul olduğu üçün hər il əkibbecərdiyi kartof məsullarını Rusiyaya alver məqsədi ilə alıb aparan cavabdeh Lənkaran rayonu, Velədi kənd sakini Cavabdeh Xudabaxış oğlu əkdiyi məhsulu yığaraq Rusiya Fedarasiyasının bazarlarında satdıqdan sonra puluu veirdi. Zaurun səmimiyyətinə tam inanaraq alveri nisyə etmişdir. Zaurun onu aldatmayacağını düşünərək kartofu həmişəki kimi nisyə verib ona olan borcunu Rusiya bazarında kartofu satacağından sonra pulu verəcəyinə söz vermişdir. Hər dəfə pulunu cavabdehdən istədikdə o, “whatsapp” proqramı vasitəsi ilə səs göndərərək borclu olduğunu danmır, lakin müxtəlif bəhanələrlə pulu verəcəyinə vədlər verirdi. Hər dəfə onu aldadır verdiyi sözlərə isə əməl etməyib. Zaur kartofu Rusiya bazarında satmaq məqsədi ilə dörd dəfəyə aparmışdır. xx.xx.2022-ci ildə 100 kisə kartof alan Zaur hər kisənin çəkisi 37 kq hesablamaqla cəmi 3 ton 515 kiloqram kartofu səksən qəpik hesablamaqla 2.810 manat borclu qalmışdır. Bundan başqa xx.xx.2022-ci ildə 141 kisə kartof alan alan cavabdeh hər kisənin çəkisi 36 kq olmaqla cəmi 4 ton 820 kiloqram məhsulu yetmiş qəpikdən 3.374 manat borclu qalmışdır. Sonradan eyni tarixdə xx.xx.2022-ci ildə 56 kisə məhsul götürən cavabdeh hər kisənin çəkisi 36 kq çəkərək 1 ton 915 kiloqram məhsulu yetmiş qəpiyə hesablamış, 1.340 manat borclu qalmışdır. Son olaraq xx.xx.2022-ci il tarixdə 110 kisə kartof götürən Zaur hər kisənin çəkisini 37 kq qeyd edərək, 3 ton 866 kiloqram məhsulu altmış qəpiyə vuraraq ona 2.319 manat pul borclu qalmışdır. Cavabdehin cəmi borcu isə 9.843 manat olmuşdur. Cavabdeh borcu ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 9843 (doqquz min səkkiz yüz qırx üç) manat borcun, 120 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsində etirazında, onunla İddiaçı arasında uzun illər kommersiya əlaqələri olduğunu, iddiaçıdan kartof alaraq Rusiya bazarında satmağa apararaq daha sonra onun pulunu ödədiyini, əlaqələrinin uzun illəri əhatə etdiyini, iddiaçıdan nisyə olaraq kommersiya məqsədi ilə kartof aldığını və onun verdiyi kartoflar çürük olduğuna görə Rusiya bazarına çatdırdığı zaman aralarında kommersiya mübahisəsi yarandığını, bununla bağlı dəfələrlə kommersiya mübahisəsini həll etməyi təklif etsə də, rədd cavabı aldığını, kartof çürük olduğuna görə Rusiya bazarında nüfuz itkisinə məruz qaldığını və nəticə etibarı ilə Rusiya Federasiyasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilərək kartofların insan səhhəti üçün təhlükəli olmasının aşkar edildiyi və istifadəyə yararsız olduğu, bu səbəbdən də böyük məbləğdə cərimə olunduğunu, iddiaçının ona ziyan vurduğunu, buna görə də iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Cavabdeh tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı həmkəndlisidir. Cavabdeh bir neçə ildir ki, digər həmkəndlilərindən aldığı kimi İddiaçı də nisyə kartof almışdır. Cavabdeh onların məhsulunu nisyə alaraq daha sonra pullarını qaytardığından ötən illər ərzində Zaur onların etibarını qazanmışdır. Belə ki, 2022-ci ilin may ayının sonlarında Zaur kartof almaq üçün onların kəndində gəlmiş, Dilavərdən 4 dəfə olmaqla ümumilikdə təxminən 5 ton kartofu nisyə almışdır. Zaur əvvəllərdə onlardan nsiyə kartof alaraq Rusiya bazarlarına satmaq üçün aparmış, sonra gətirib onların pulunu vermişdir. Lakin sonuncu dəfə, yəni cari ilin may ayında həm Dilavərdən, həm onun özündən və digər həmkəndlilərindən nisyə kartof almış, lakin pulu qaytarmamışdır. Zaurun Dilavərə təxminən 9 min manat civarında borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı həmkəndlisidir. Cavabdeh bir neçə ildir ki, digər həmkəndlilərindən aldığı kimi İddiaçı də nisyə kartof almışdır. Cavabdeh onların məhsulunu nisyə alaraq daha sonra pullarını qaytardığından ötən illər ərzində Zaur onların etibarını qazanmışdır. 2022-ci ilin may ayının sonlarında Zaur kartof almaq üçün onların kəndində gəlmiş, digər həmkəndlilərin olduğu kimi Dilavərdən də nisyə kartof almışdır. May ayının 29-31-i aralığında Dilavərdən 4 dəfəyə bir neçə ton nisyə kartof almış, özü də Zaurun Dilavərdən aldığı kartof kisələrinin yük maşınlarına yüklənməsinə köməklik göstərmişdir. Zauru sonuncu dəfə 2022-ci ilin may ayında görmüş, Zaur onun özündən, həmkəndilələrin, o cümlədən Dilavərdən nisyə aldığı kartofun pulunu qaytarmamışdır, Zaurun Dilavərə təxminən 10 min manata yaxın borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh bir neçə ildir ki, digər həmkəndlilərindən aldığı kimi İddiaçı də nisyə kartof almışdır. Cavabdeh onların məhsulunu nisyə alaraq daha sonra pullarını qaytardığından ötən illər ərzində Zaur onların etibarını qazanmışdır. 2022-ci ilin may ayının sonlarında Zaur kartof almaq üçün onların kəndində gəlmiş, digər həmkəndlilərin olduğu kimi Dilavərdən də nisyə kartof almışdır. May ayının 29-31-i aralığında Dilavərdən 4 dəfəyə bir neçə ton nisyə kartof almış, lakin həm Dilavərədən, həm onun özü də daxil olmaqla digər şəxslərdən nisyə aldığı kartofun pulunu onlara qaytarmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefon danışıqları zamanı cavabdeh etirafedici ifadələrlə iddianı qəbul etməyə yönələn danışıqlar etmişdir. Hökumət ödəniş portalından görünür ki, iddianın verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı kartof satışı ilə məşğuldur. Cavabdeh iddiaçıdan 9843 manat dəyərində nisyə kartof almış, iddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh nisyə aldığı kartofun pulundan ödəniş etməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddia tələbini qəbul etmədiyini qeyd etsə də, iddiaçı ilə onun arasında uzun illərdən bəri etibarlı ticarət əlaqələri olduğunu bildirmiş, iddiaçıdan nisyə kartof aldığını etiraf etmiş, lakin nisyə aldığı kartofun yararsız məhsul olmasını əsas gətirərək nisyə aldığı kartofa görə iddiaçıya borcu olmadığını göstərmişdir. İddia ərizəsinə etirazında cavabdeh nə nisyə aldığı kartofun çəkisini, nə də iddiaçının ondan tələb etdiyi nisyə satılmış kartofun məbləğini mübahisələndirməmişdir. Yəni cavabdeh dolayısı ilə iddianı etiraf etmişdir. Eyni zamanda onun etirazının dəlillərindən görünür ki, məhsulun dəyərini verməməkdə kartof məhsullarının keyfiyyətsiz olmasını əsas götürmüşdür. İddiaçıdan nisyə olaraq məhsul almasını inkar etməmişdir. Bununla da cavabdehin həqiqətən iddiaçıdan onun qeyd etdiyi miqdarda kartof məhsullarını nisyə olaraq alması təsdiqin tapmışdır. Həmçinin iddiaçının tələbində qeyd etdikləri, özünün izahatı, şahid ifadələri, cavabdehlə olan telefon danışıqları, eyni zamanda cavabdehin etirazında faktiki etirafı ilə öz təsdiqini tapmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə, ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9843 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 120 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9843 (doqquz min səkkiz yüz qırx üç) manat borc, 120 (yüz iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar