Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2666/2024 30.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(049)-2250/2015 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xeyrinə 80 manat miqdarında aliment qət edilmişdir. Həmin dövrdən 9 il keçmiş, bütün xərclər, qiymətlər dəfələrlə artmış və bununla yanaşı uşağın da məsrəfləri artmışdır. Qət olunmuş həmin alimentlə hazırki şəraitdə uşağının heç bir tələbatının ödənilməsinə yetmir və bu vəsait hesabına uşağın sağlamlığının qayğısına qalmaq, zəruri xərcləri ödəmək və təhsili ilə bağlı xərclər çəkmək mümkün deyildir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərməməklə yanaşı onun əlavə xərclərində də iştirak etmir. Uşağın maddi tələbatlarını, təhsilini, məişətdə istifadə etdiyi xərcləri lazımi səviyyədə ödəmək qadın olaraq onun üçün çox çətindir. 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 235 manat təşkil edir. Buna görə də hesab edir ki, qət olunmuş alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində yazılanlara uyuğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin harada işləməsini bilmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, Qarabağ Müharibəsi qazisi olmaqla 80 manat yardım və Giləzi rayonunda işləyərək 700 manat əmək haqqı alır. İddiaçı ona uşağı ilə görüşməyə icazə verdiyi halda, aldığı 700 manat əmək haqqının hamısının uşağına görə verməyə hazırdır. Lakin iddiaçı ona uşağı ilə görüşməyə icazə vermir. Buna görə də o, alimentin artırılmasına etiraz edir. İddianın təmin olunmamasını xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 80 manat aliment alınması qət edilmişdir. M/V 059856 nömrəli vəsiqədən görünür ki, cavabdeh müharibə veteranıdır. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdeh işləyərək əmək haqqı alır. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi cavabdehin 400 manat miqdarında aliment vermək imkanına malik olmasına dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə iclsasında cavabdeh etiraf edərək bildirdi ki, o, ayda 700 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə bir uşağa valideynin qazancının ¼ hissəsi miqdarında aliment tutulur. Cavabdehin qazancı olan 700 manatın ¼ hissəsi 175 manat təşkil eləyir. Məhz bu meyyarı nəzərə alaraq məhkəmə hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X9» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 175 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Bu əvvəl qət olunmu alimentin miqdarından 95 manat artıq deməkdir. Alimentin artırılmış hissəsi bir il ərzində cəmi 1056 manat təşkil eləyir (95 manat x 12 aya = 1140). Buna görə dövlət rüsumu 31.4 manat təşkil edir və həmin rüsum Dövlətə aid edilməlidir. Belə ki, «X9» Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X1 üçün cavabdehdən hər ay 175 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 31.4 manat dövlət rüsumu Dövlətə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(049)-2666/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2666/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver