Məhkəmə qərarları › İş №2(049)-2680/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2680/2024

26.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2680/2024 26.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh İB və Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinə qarşı maneələrin aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh İB və Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Xırmandalı kəndində yerləşən, mülkiyyətində olan 0,66 hektar torpaq sahəsindən istifadə etməsinə cavabdehlər Cavabdeh İB və Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsi tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər tərəfindən qaz xəttinin onun torpaq sahəsinin hüdudları daxilindən çıxarılaraq yerinin dəyişdirilməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində həm Cavabdeh İB-ni, həm də Lənkəran regional qaz istismar idarəsini cavabdehlər qismində qeyd etmiş, lakin ərizəsinin sonunda tələbin məzmununa aid hissədə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ona məxsus torpaq sahəsindən qaz xəttinin keçməsindən narazıdır və hazırki tələblə hüquqi şəxs olaraq Cavabdeh İBnə qarşı iddia irəli sürmüşdür. Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsi isə müstəqil balansa malik hüquqi şəxs olmayıb Cavabdeh İB-nin struktur bölməsi kimi fəaliyyət göstərir. Bu baxımdan Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinin hazırki iş üzrə nə üçün cavabdeh olduğu iş materiallarından müəyyən edilmir. Belə olan halda, Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsi cavabdehlər sırasından çıxacağı təqdirdə hazırki iddia tələbinin aidiyyəti də Lənkəran Rayon Məhkəməsinə deyil, digər Cavabdeh İB-nin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə (Hazırki halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinə) aid olacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş şəxsə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edildiyi kimi, həmin cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməyibsə və ya, ümumiyyətlə, iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə ilk növbədə, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə, habelə cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olmasını aşkar şəkildə qeyd edilmədiyinə, tələbin kimə qarşı yönəldiyi dəqiqləşdikdən sonra işin ərazi aidiyyətinin dəyişəcəyi ehtimalı olduğuna görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada və aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh İB və Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinə qarşı maneələrin aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar