Məhkəmə qərarları › İş №2(049)-2700/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2700/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2700/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan **-HM-*** dövlət qeydiyyat nişanlı Wolksfagen Passat CC markalı avtomobilə dəymiş 1335 manat ziyanın və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 39 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan **-HM-*** qeydiyyat nişanlı Wolksfagen Passat CC markalı avtomobillə Ələt-Astara magistiral yolun Digah kənd ərazisində yerləşən '‘Seyidlər" avtoservisin qarşısında hərəkətdə olarkən qeyd edilən avtoservisin həyətində iki azyaşlı uşağın arasında bir birlərinə daş atarkən onun hərəkətdə olduğu maşının ön şüşəsinə xəsarət yetirmişlər. Bundan sonra o, həmin "Seyidlər” avtoservisə hərəkət edərək yaxınlaşmışdır. Yaxınlaşdığı zaman ona müəyyən olmuşdur ki, ona məxsus olan nəqliyyat vastəsinin ön şüşəsinin sınmasına səbəb olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladlarıdır. Bundan sonra o, uşaqların valdeyinləri ilə söhbət zamanı ona məxsus olan nəqliyyat vastəsinə dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdelər dəymiş ziyanın 200 və ya 300 manat olduğunu bildirərək 200-300 manatdan artıq pul ödəməyəcəkərini bildiriblər. Bundan sonra o, Lənkəran Rayon Polis Şöbəsinə ona dəymiş ziyanın ödənilməsinə görə ərizə ilə müraciət etmişdir. Müracətinə Lənkəran Rayon Polis şöbəsində baxılaraq mülki xarakter olduğundan məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Bundan sonra ona məxsus olan Wolksfagen Passat CC markalı avtomobilə dair "xxxx" QSC-də qüsur aktı tərtib edilərək avtomobilə dəymiş ziyan müəyyən edilmişdir. Ziyan aktı müəyyən olduqdan sonra hadisə zamanı **-HM-*** dövlət qeydiyyat nişanlı Wolksfagen Passat CC markalı avtomobilə ümumilikdə 1335 manat ziyan dəymişdir. Bundan sonra o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı ona qarşı iddia tələbini qəbul etmir. Belə ki, 11 avqust 2022-ci il tarixində ona bildirilmişdir ki, guya oğlu dayısı oğlu ilə “Seyidlər” avtoservisində oynayarkən bilməyərəkdən yola daş atmışlar və həmin daş İddiaçı avtomaşınının şüşəsini sındırmışdır. İlk vaxtlarda buna inansa da sonradan həmin ərazidə quraşdırılmış “Seyidlər” avtoservisin müşahidə kamerasının görüntulərinə baxarkən ona məlum olmuşdur ki, oğlu Quliyev Samir dayısı oğlu Salehlə oynayarkən heç bir daş atamışlar və hər hansı bir avtomobilə zərər yetirməmişlər. İlk əvvəl oğlunun daş ataraq İddiaçı avtomaşınının şüşəsini zədələdiyinə onu inandıqlarından polis şöbəsində izahat verərkən müəyyən miqdarda ziyanı ödəməyə razılaşsa da sonradan məsələni aydınlaşdıraraq oğlunun belə bir hərəkəti etmədiyinə əmin olduqdan sonra əsassız olaraq ondan pul tələb edildiyi ona aydın olmuşdur. İddiaçı əlində heç bir sübut olmadan və məhkəməyə qeyd etdiklərinə dair heç bir sübut təqdim etmədən azyaşlı oğlunu onun avtomaşınını zədələməkdə təqsirləndirir. Odur ki, iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, Quliyev Samir onun bacısı oğludur. İlk əvvəl İddiaçı onu inandırmağa çalışmışdır ki, bacısı oğlu Samir daş ataraq onun avtomaşının şüşəsini sındırıb. Sonradan isə işlədiyi “Seyidlər” avtoservisin müşahidə kameralarına baxarkən bacısı oğlu Samir tərəfindən heç bir daş atılmadığına və onun heç bir avtomaşını zədələmədiyinə əmin olmuşdur. Həmçinin o, bu iş üzrə bacısı oğlunun vurmuş ola biləcəyi maddi ziyana görə məsuliyyət daşımır. Polis şöbəsində heç bir izahat verməmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlərin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Bəşir Ağa tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı avtomobilə ziyan dəyməsi ilə əlaqadar xx.xx.2022-ci il tarixli Lənkəran ŞRPŞ-nə müraciəti ilə əlaqədar aparılan araşdırma nəticəsində faktla bağlı heç bir inzibati və ya cinayət tərkibi aşkar olunmamışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən görünür ki, “Volksvagen Passat” CC markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşın X1 xüsusi mülkiyyətindədir və avtomaşının mülkiyyətçisi tərəfindən İddiaçı yalnız həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibar edilmişdir. Məhkəmə hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. **-HM-*** dövlət qeydiyyat nişanlı Wolksfagen Passat CC markalı avtomaşın iddiaçının mülkiyyətində olmadığından və onun həmin avtomaşına dair sahiblik və sərəncam vermək hüququnu təsbit edən hər-hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının məhkəmədə həmin avtomaşına dəymiş ziyanın əvəzini tələb etməsinə dair subyektiv hüququ mövcud deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülkiyyət hüququnun müdafiəsi hüququ mülkiyyətçiyə məxsusdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən avtomaşına dəymiş ziyanın əvəzini tələb etmək hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar