Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2720/2025 23.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat pulun və 85.40 manat dövlət rüsumunun cəmi 6585.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh atası Nümayəndə yanına gələrək indan borca pul istədi. Həmin vaxtı atasından pul olmadığı üçün ona köməklik etməkdən ötrü ondan xahiş etmişlər ki, o öz adına kredit götürüb, ona versin. Cavabdeh tanımır, onu atası tanıyır, həmin vaxtı Cavabdeh atasıyla münasibətləri çox yaxşı olub. Ona görə də atası da onu boş qaytarmaq istəməmişdir. O, da həmin vaxtı Lənkəran şəhər 1 saylı tam orta məktəbdə müəllimə işləyirdi. Ona görə də o, xx.xx.2018-ci il tarixdə "Bank Respublika” ASC-nin Lənkəran filialından 6500 manat məbləğində kredit götürərək həmin 6500 manat pulu Cavabdeh borc vermişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh hər ehtimala qarşı notariat kontoruna gedərək bununla bağlı notariat qaydada ona ərizə vermişdir və həmin ərizədə qeyd olunmuşdur ki, onun bankdan kredit götürərək ona borca verdiyi 6500 manat pulu hər ay 375 manat olmaqla 24 ay müddətinə "Bank Respublika” ASC-nin Lənkəran filialına ödəməyi öz öhdəsinə götürür. İş üzrə Cavabdeh pulu ondan aldıqdan sonra banka olan kreditin aylıq ödənişləri etməkdən imtina etmişdir. Beləliklə, cavabdehə verdiyi 6500 manat borcunu ona qaytarmaqdan imtina edir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın tıəmin edilməsini xahiş etmişdir Cavabdeh oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iş üzrə cavabdeh tərəfindən iddia müddətinin ötürülməsini əsas gətirərək iddinın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bank Respublika ASC-nin Lənkəran Filialından 6500 manat kredir götürmüş və həmin pulu borc olaraq Cavabdeh vermişdir. Həmin kredit hər ay 375 manat olmaqla 24 ay müddətinə Bank Respublika ASC-nin Lənkəran filialına ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı borcun qaytarılması üçün cavabdehə rəsmi xəbərdarlıq etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 85.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, iş üzrə yeganə sübut olaraq bir ədəd notariat qaydasında təsdiq edilmiş sənəd təqdim edilmiş, cavabdeh tərəfindən isə həmin sübut mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut – xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənədişin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Məhkəmə, tərəflər arasında olan münasibətlərə hansı maddi normaların tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini borc müqaviləsi baxımıdan borc münasibətləri kimi qiymətləndirmiş və tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsi, yəni borc müqaviləsi ilə əsaslandırmışdır. Cavabdeh də eyni mövqedən çıxış edərək münasibətlərini borc müqaviləsindən irəli gələn münasibətlər kimi, yəni müqavilə münasibətləri qiymətləndirmiş və iş üzrə iddia müddətinin (müqavilə üzrə 3 illik) tətbiq edilməsini xahiş etmişdir. MPM-nin 217.2.1-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında kredit münasibətləri yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 337.1-ci maddəsinin tələbinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırda məhkəməyə sübut kimi təqdim edilən və tərəflər arasında pul verilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənədin borc müqaviləsi kimi qəbul edilməsi MM-nin 337.1-ci maddəsinin tələbinə və 739-cu maddəsinin şərtləri baxımından mümkün deyil. Çünki təqdim edilən sənəd “ərizə”adı ilə qeydə alınmaqla yanaşı, ümumiyyətlə müqavilənin tərtib edilməsi, müqavilənin vacib şərtləri, standart şərtləri və s bu kimi halları özündə əks etdirməmiş, əksinə Cavabdeh qeyri müəəyyən dairəyə (ərizədə “Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına” kimi qeyd edilmişdir) ünvanlanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənəd (ərizə) MM-nin müəyyən etdiyi forma və məzmunda bağlanmadığından müqavilə kimi qiymətləndirilməməlidir. Bununla yanaşı, məhkəmə elə həmin xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənədin tərəflər arasında pulun verilməsini təsdiq edən sübut kimi qiymətləndirilməsini isə əsaslı sayır. Belə ki, MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin sübutun mahiyyətindən aydın olur ki, Cavabdeh X1 6500 manat pul almış və həmin pulu 24 ay müddətinə ayda 375 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. MM-nin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən isə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə münasibətlərə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. İşin hallarından da görünür ki, Cavabdeh heç bir əsas, yəni tərəflər arasında müqvailə və ya qanunun digər əsasları olmadan X3 hesabına əsassız varlanmışdır. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı münasibətlərin əsassız varlanma olması qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair etirazını isə MM-nin 373.1-ci maddəsinin tələbinə görə əsassız hesab edərək hazırkı iş üzrə iddia müddətinin tətbiqini qanuni hesab etmir. Məhkəmə, bu qənaətə gələrkən MM-nin 439.4-cü maddəsinin tələbini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarının göstərişlərini rəhbər tutmuşdur. MM-nin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.” MM-nin 373.1-ci maddəsinin tələbinə görə ümumi iddia müddəti on il təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iş üzrə tərəflərin münasibətlərinə ümumi iddia müddəti tətbiq edilməli, münasibətləri xx.xx.2018-ci il tarixdə yarandığından hazırkı vaxtda iddia müddəti keçməmiş və buna görə də iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu 85.40 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 6500 manat məbləğində pul və 85.40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2720/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2720/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver