Məhkəmə qərarları › İş №2(049)-2732/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2732/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2732/2022 23.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X2, iddiaçının nümayəndəsi: X1, cavabdeh: X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 13-z-1-0-70-15 nömrəli kredit və zaminlik müqavilələri üzrə 352,67 manat məbləğində əsas borcun, 1,17 manat məbləğində faiz borcun, 1,85 manat cərimə borcun ümumilikdə cəmi 355,69 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən ödəniş cədvəli planı üzrə ödəniş etmək şərti ilə illik 1 faiz olmaqla 60 ay müddətinə, 525,14 manat məbləğdə kredit verilmiş və bu borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin müştərək qaydada iddiaçıya xx.xx.2019-cu il tarixli, 13-z-1-0-70-15 nömrəli kredit və zaminlik müqavilələri üzrə 352,67 manat məbləğində əsas borcu, 1,17 manat məbləğində faiz borcu, 1,85 manat cərimə borcu ümumilikdə cəmi 355,69) manat borcu qalmış və xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər bu borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə üzrə Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X4 ərizəyə etiraz edərək işin obyektiv araşdırılmasını və sübutları olacağını bildirmişdir. Məhkəmənin 05 avqust 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasına baxılmasını qərara alınmışdır İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 290.67 manat əsas borc, 1.57 manat faiz, 1.99 manat cərimə olmaqla ümumilikdə cəmi 294.23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi X1 izahatında iddianı müdafiə edərək sonuncu tələb üzrə cavabdehlərdən ümumilikdə cəmi 294.23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında göstərdi ki, iddiaçının iddia tələbinin azaldılması barədə iddiası ilə tam razıdır və iddianı qəbul edir, borcu hissə-hissə ödəyir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. Cavabdeh izahatı yazılı şəkildə də təqdim etmiş və izahat iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2019-cu il tarixli, 13-z-1-0-70-15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 YELO BANK ASC-dən illik 1 faiz olmaqla 60 ay müddətinə, 525,14 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüş və xx.xx.2019-cu il tarixli, 13-z-1-0-70-15 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 da bu borcun ödənilməsində zamin kimi bu borcu ödəməyi öhdəsinə götürmüş götürmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış maliyyə arayışından görünür ki, YELO BANK ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2019cu il tarixli, 13-z-1-0-70-15 nömrəli kredit və zaminlik müqavilələri üzrə 352,67 manat məbləğində əsas borcu, 1,17 manat məbləğində faiz borcu, 1,85 manat cərimə borcu ümumilikdə cəmi 355,69 manat borcu vardır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 290.67 manat əsas borc, 1.57 manat faiz, 1.99 manat cərimə olmaqla ümumilikdə cəmi 294.23 manat borc qalmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xəbərdalıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan istehlak məqsədi ilə 525.14 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, cavabdeh Şəhla Talibli isə həmin öhdəliyin təmin ediləməsi qismində zamin kimi iştirak etmişdir. Qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi tam icra etməmişdir. Eyni zamanda cavabdehə göndərilmiş bildirişdən də görünür ki, iddiaçı tərəfindən MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 290.67 manat əsas borc, 1.57 manat faiz, 1.99 manat cərimə olmaqla ümumilikdə cəmi 294.23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar