Məhkəmə qərarları › İş №2(049)-2761/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2761/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2761/2023 09.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat borc və 56 (əlli altı) manat dövlət rüsumu, cəmi 3556 (üç min beş yüz əlli altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Ağcabədi rayonunda “N” saylı hərbi hissədə işləyən zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun yanına gələrək ona 3500 (üç min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Cavabdeh 3500 (üç min beş yüz) manat borc vermiş və o, öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 3500 (üç min beş yüz) manat borc pulu 6 aya qaytaracaqdır. Lakin bu günə kimi Cavabdeh ondan borca aldığı 3500 (üç min beş yüz) manatı qaytarmamışdır. Cavabdeh borclu olduğu 3500 (üç min beş yüz) manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxdəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmışdır. Hazırda cavabdeh hərbidə işləyir və yüksək maaş alır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Əzizov X1 rayonu, Sarvanlar kəndində qeydiyyatdadır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1631 №-li arayışdan görünür ki, Əzizov X1 rayonu, Sarvanlar kəndində qeydiyyatda olmasına baxmayaraq, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə 176 ünvanında yaşayır. Müvafiq portal sənədinin çıxarışından görünür ki, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AA ******* olan xx.xx.1985-ci il təvəllüdlü Mehdiyev X2 rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunur ki, «Cavabdeh xx.xx.1985-ci ildə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuşam. Hal-hazırda 161 saylı h/h-də xidmət edirəm. İddiaçı borc olaraq 3500 götürdüm, 6 aya qaytarmağa söz verirəm. İmza, xx.xx.2022». 04 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 3500 manat məbləğdə borc pul almışdır. Həmin pulu 6 aya qaytarmağı vəd etmişdir. Lakin cavabdeh borcundan hər hansı bir məbləği iddiaçıya qaytarmamışdır. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatları özündə əks etdirən məhkəmə bildirişləri cavabdehə təqdim edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi borc qəbzi cavabdehə poçt vasitəsilə göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim etməmiş, ümumiyyətlə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə münasibət bildirməmişdir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər sübut qismində qəbul edərək, hesab edir ki, onlar iddianın əsaslılığını təsdiq etmək üçün kifayət edir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat borc və 56 (əlli altı) manat dövlət rüsumu, ümumilikdə 3556 (üç min beş yüz əlli altı) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat borc və 56 (əlli altı) manat dövlət rüsumu, ümumilikdə 3556 (üç min beş yüz əlli altı) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar