Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-277/2025 12.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında xx.xx.2025-ci il tarixdə, məhkəmə açıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə 235 manat olmaqla, cəmi 470 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun yanında qalırlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli qətnaməsinə əsasən cavabdehdən xeyrinə hər uşağa hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Övladları orta məktəbdə təhsil alırlar, böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları artır, həmçinin uşaq üçün ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər böyük xərc tələb edir. Ölkə üzrə daima artmaqda olan qiymətləri nəzərə alaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu hər il artır. Hesab edir ki, qanunvericiliyin bu tələbini rəhbər tutub yanında olan uşaqları üçün də alimentin məbləği artırılmalıdır. Çünki, Azərbaycan Respublikasında yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanları müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, aliment qət edildiyi zaman işlədiyi üçün qətnamədən apelyasiya şikayəti verməmişdir. Hazırda isə işləmir, cavabdehin isə qazancı 400 manatdan 1000 manata qalxmışdır. Hazırki tələbi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin miqdarı dəyişdirilə bilər. Lakin İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi barədə hər hansı bir sübutunu əlavə etməmiş, yalnız ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun qalxdığını əsas gətirərək alimentin miqdarının artırılmasını xahiş etmişdir. Bu hal isə iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-3-cü yarımbəndə qeyd olunur ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1 -ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1 -ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçının hazırki tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında, yəni, iddiaçı məhkəmənin qət etdiyi alimentin indeksasiyası barədə ərizə verdiyi halda ona icra icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verə bilər. X6
Məhkəmə qərarları › İş №2(049)-277/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-277/2025
12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver