Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-282/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş qalan 3240 manat icarə haqqı borcu və avtomobilə dəymiş 6380 manat maddi zərər - cəmi 9620 manat məbləğin və 116,20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. Həmin icarə müqaviləsinə 1 saylı əlavəyə (ödəniş cədlvəli) və müqavilənin 6.1-ci bəndinə əsasən cavabdeh 20 həftə ərzində hər həftə 150 manat, sonralar isə hər həftə üçün 120 manat icarə haqqı ödəniş etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müqavilə üzrə müəyyən olunmuş həftəlik ödənişləri kəsirlərlə icra etmişdir. Bu səbəbdən də cavabdehin iddiaçıya 3240 manat borcu yaranmışdır. Bundan əlavə, cavabdeh etibarnamə əsasında idarə etdiyi “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində hərəkətdə olarkən “Nissan X Trail” markalı ** OG *** qeydiyyat nişanlı avtomobillə toqquşaraq iddiaçıya məxsus avtomobilə maddi ziyan vurmuş və bundan qısa müddət sonra - yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində idarə etdiyi avtomobili divara vurmaqla qəza törətmişdir. Həmin hadisələr nəticəsində iddiaçıya məxsus avtomobilə təmir üçün çəkilən xərclər üzrə cəmi 6380 manat miqdarında maddi ziyan dəymişdir. İddiaçı tərəfındən cavabdehə dəfələrlə müraciətlər edilərək 3240 manat icarə haqqı borcu və 6380 manat maddi zərər - cəmi 9620 manat məbləği ödəməsi təklif edilmişdir. Cavabdeh həmin borcu iddiaçıya qısa müddətdə ödəyəcəyinə söz versə də, indiyədək heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq edərək ödənişi təmin etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Hal-hazırda cavabdehin iddiaçıya vurduğu zərərin ümumi məbləği 9620 manat təşkil edir. İddiaçı hazırda cəmi 9620 manat məbləğində maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 116,20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş AD 629604 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, xx.xx.2019-cu il tarixli razılaşma, həmin tarixli daxili lizinq müqaviləsi, daxili lizinq müqaviləsinə 1 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş cədvəli, avtomobilin istismara təhvil verilməsi barədə xx.xx.2019-cu il tarixli akt, cavabdehin xx.xx.2019-cu il tarixli ərizəsi, nəqliyyat vasitələrinin zədələnməsi barədə 025895 nömrəli arayış, fotoşəkillər, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar, xx.xx.2020-ci il tarixli arayış, 2019-2020-ci illərə aid ödəniş cədvəli, xx.xx.2020ci il tarixli xəbərdarlıq məktubu, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, 2019-cu il buraxılışlı, sedan tipli, “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən "xxxx" MMC qeyd olunan avtomobili hazırki iş üzrə iddiaçıya lizinqə vermişdir. İddiaçı ilə hazırki iş üzrə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsinə və həmin tarixli akta əsasən “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, 60 ay müddətə cavabdehin icarəsinə vermişdir. Cavabdeh həmin avtomobilə görə ilk 20 həftə ərzində hər həftə 150 manat, sonralar isə hər həftə üçün 120 manat icarə haqqı ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən tərəflər bütün ödənilməli olan icarə ödənişləri və digər öhdəliklər vaxtında və ya vaxtından əvvəl icra edildikdə icarə obyektinin müqaviləyə uyğun qaydada icarəçinin, yəni hazırki iş üzrə cavabdehin mülkiyyətinə keçəcəyi barədə razılığa gəlmişlər. Cavabdeh icarə haqqının vaxtında və tam şəkildə ödənilməsini təmin etməmiş, avtomobil onun istifadəsində olduğu müddət ərzində iddiaçının hesabına cəmi 1640 manat vəsait ödəmişdir. Həmçinin, cavabdeh həmin avtomobili idarə edərkən xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş, nəticədə avtomobilə cəmi 6380 manat miqdarında maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində araşdırma aparılaraq xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və hazırki iş üzrə cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati icraat başlanmışdır. Bundan sonra da iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, icarə müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməyərək icarə haqqlarının ödənilməmiş qalan hissəsini, həmçinin, özünün hüquqazidd hərəkətləri nəticəsində avtomobilə dəymiş maddi ziyanı ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 116,20 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş qalan 3240 manat icarə haqqı borcu və avtomobilə dəymiş 6380 manat maddi zərər - cəmi 9620 manat məbləğin və 116,20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqaviləyə, təhvil-təslim aktına və müqaviləyə əlavə edilən digər sənədlərə, eyni zamanda, cavabdeh tərəfindən həmin avtomobil idarə edilərkən törədilmiş yol nəqliyyat hadisələri ilə bağlı sənədlərə istinad edir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müddətə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07 nömrəli müqavilənin 1.1 və 9.5-ci maddələrinə əsasən icarəyə verən “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 60 ay müddətinə icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə icarə ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icarə obyekti, icarə ödənişləri və icarə müddəti 1 saylı əlavə ilə müəyyən olunur. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən icarə ödənişlərinin həyata keçirilmə qaydası ilkin ödəniş olaraq 600 manat, o cümlədən, avtomobili icarəyə qəbul edərkən 600 manat, digər 600 manat məbləği isə bərabər hissələrlə 20 həftə ərzində ödəmək şərti ilə, cari ödənişin (həftəlik ödənişin) məbləği həftədə 120 manat, ilk 20 həftə isə 150 manat, ümumi icarə ödənişinin müddəti 260 həftə (ilkin ödənişdən əlavə cəmi 30.200 manat olmaqla) müəyyən edilir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən bütün ödənilməli olan icarə ödənişləri və digər öhdəliklər vaxtında və ya vaxtından əvvəl icra edildikdə icarə obyekti müqaviləyə uyğun qaydada icarəçinin mülkiyyətinə keçir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili saz və istifadəyə tam yararlı vəziyyətdə cavabdehin istifadəsinə təhvil verməklə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etmişdir. Cavabdeh isə müqavilə əsasında iddiaçıdan icarəyə götürdüyü əşyanın (avtonəqliyyat vasitəsinin) icarə haqqını müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə ödənişləri lazımi qaydada vaxtında tam icra etməmişdir. İddiaçı hazırki mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı müqavilədə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsində qeyd olunan, cavabdehin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi barədə sübutlarını məhkəməyə təqdim etmiş, cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı etiraz və ya digər vəsatət təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsi üzrə 3240 manat icarə haqqı məbləğinin ödənilməmiş qalması faktını sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 07 nömrəli icarə müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3240 manat icarə haqqı məbləğinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçı tərəfindən ona icarəyə verilmiş avtonəqliyyat vasitəsini hazırda icarəyə verənə, yəni hazırki iş üzrə iddiaçıya qaytarmışdır. Lakin avtonəqliyyat vasitəsi saz və istismara tam yararlı vəziyyətdə icarəyə götürənə, yəni cavabdehə təhvil verildiyi halda, cavabdeh avtomobilin həmin vəziyyətdə qorunub saxlanılmasını təmin etməmiş, qanunazidd hərəkətləri ilə avtonəqliyyat vasitəsinin zədələnməsi və komplektdən düşməsinə səbəb olmuşdur. Cavabdeh özünün hərəkətləri nəticəsində avtomobilə dəymiş maddi ziyanı aradan qaldırmış olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 6380 manat tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 116.20 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 3240 manat icarə haqqı, “KHAZAR LX MİNİK” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 6380 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 116.20 manat dövlət rüsumu cəmi 9736.20 manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-282/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-282/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver