Məhkəmə qərarları › İş №2(049)-2850/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2850/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2850/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2626 manat məbləğində pulun və 92.40 manat dövlət rüsumunun alınıb İddiaçı1 Cavabdeh2 Namik qızından 549.99 manat dəyərində “Samsung Galaxy” markalı mobil telefonun və ya onun dəyərinin alınıb İddiaçı2 verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 qudası olmuşdur. Belə ki, onun qızı Cavabdeh2 oğlu İddiaçı2 ilə 25 iyul 2022-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. El adəti ilə onlara elçi getmişlər və bundan sonra toy baş tutmuşdur. Buna baxmayaraq elçiliyə kimi nə oğlu, nə də bizim ailəsi onları tanımamışdır. Çünki, onlar Lənkəran rayonu, Haftoni qəsəbəsində yaşayırlar, onlar isə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayırlar. Elçilikdən sonra onlar həmişə toyun keçirilməsində onları tələsdirirmişlər. Toyun keçirilməsi barədə söhbətlər zamanı mən onlara bildirmişdir ki, onlar toyun həm aydılıqda, həm də bir yerdə keçirilməsinə etiraz etmirlər. Onlar isə toyun bir yerdə, yəni oğlanla qızın toyunun bir gündə və bir yerdə keçirtmək istədiklərini bildirmişlər. O, də məcburiyyət qarşısında qalaraq buna razılıq vermişdir. Sonra bilib ki, böyük səhvə vol vermişdir. Belə ki, toy bir yerdə olduğu üçün qız tərəf ona demişdir ki, lazım olan xərci çəksin, sonra sənin pulunu vecəklər. O, da təkcə toya 5252 manat məbləğində pul xərcləmiş, onun 2858 manatını şirkətlərdən aldığı mallara, 2394 manatını isə digər xərclərə sərf etmişdir. Bu işlərdə onunla birgə Rusiya Federasiyasında yaşayan oğlu X2, Rusiva Federasiyasında yaşayan qızının dayısı Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olan X3 və toyun aşpazı olan X1 iştirak etmiş və bütün bunların şahidi olmuşlar. Cavabdeh2 toydan sonra onların evinə gəlin gələndən sonra o, bir neçə ay onu müəllim yanına və “Prestij" kursuna öz hesabıma göndərmişdir. Dekabr ayında onu kursdan qovdular. Qızın anası oğlundan tez-tez pul istəyirdi, qız üçün paltar almağı deyirdi. Hələ nişanlı vaxtlarında oğlundan istifadə edirdilər. Yalançı vədlərlə oğlunu yoldan çıxarırdı və deyirdi, dəmir yolu tikiləndə, evi həmin yol xəttinə düşdüyü üçün onlara 45000- 50000 manat məbləğində kompensasiya verərlər, ondan 5000 manatını sənə verərik. Evlərinin daxili işlərinə qızın anası tez-tez müdaxilə edirdi, baxmayaraq ki, qızı cəmi 2 həftə idi onların evinə gəlin gəlmişdi. Sonradan qızın xəstə olmağı barədə məlumatı olmuşdur. Gəlini olan Cavabdeh2 xəstəxanaya apararaq rentgendən keçirtdirmiş, onun ciyərlərinin sıradan çıxdığı onlara məlum olmuşdur. Qız onlara hələ atası evində xəstə olduğunu, bu barədə ata və anasına dediyini, lakin onların onun üstünə qışqırdığını bildirmişdir. Qızın sözləri bir validevn kimi onu təsirləndirdiyindən onun valideynlərinə zəng etmiş və bu barədə onlara demişdir. Bundan sonra onlara qarşı daha da aqressiv davranmağa başlamışlar. Bizə daha sonra məlum olmuşdur ki, qız artıq bir dəfə nişanlı olub, lakin xəstə olduğu üçün nişanı qaytarıblar, lakin səbəbini onlardan gizlətmişlər. Hələ onları nişanlı olanda qeydiyyat şöbəsinə aparmaq istəmişlər, lakin onlar hər dəfə bundan yayınırdılar. Əgər onları toydan əvvəl qeydiyyat şöbəsinə aparsaydılar, yəqin ki, qızın xəstəlikdən əziyyət çəkdiyini əvvəlcədən bilərdilər. Qız cəmi 2 həftə onların evinə gələndən sonra başlamışdır ki, valideynləri üçün darıxmışdır, icazə verək validevnlərigilə getsin. Anası tez-tez onunla telefonla əlaqə saxlayaraq danışırdı. Bir neçə dəfə icazə vermişlər qız atasıgilə getdi. 09 dekabr 2022-ci il tarixdə qızın atası, bibisi və bibisi əri onlara gələrək demişlər ki, qızı bir neçə günlük aparmaq istəyir, yenə gətirərik. Bibisi yoldaşıma demişdi ki, qıza hamilə qalmaq olmaz. Bundan sonra icra nümayəndələri ilə birlikdə maşınla onlara gəlib, demişlər ki, qızın cehizlərini aparmaq istəyirlər. Onda hər şey onlara məlum olmuşdur. O, da onlara demişdir ki, ona olan borcunu qaytarsın, sonra cehizlərinizi aparsın. Sonra öyrənmişdir ki, onlar çox adamı belə aldadıblar və çox adamlara belə borcludurlar və qaytarmırlar. Onların işi- gücü belə işlərlə məşqul olmaqdır, qızlarından bir vasitə kimi istifadə edirlər. Axırıncı dəfə onlara gələndə 3 çanta əşya aparmışlar. Mediasiyadan onlara məktub gələndə bilmişlər ki, onlar gedəndə qızılları, oğlunun telefonunu da özləri ilə aparıblar. Beləliklə də cavabdehlər onların etibarından sui istifadə edərək onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə baxışında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, oğlu İddiaçı2 ilə Cavabdeh2 birgə toyları 25 iyul 2022-ci il tarixdə Lənkəran rayonunda yerləşən “Şahsaray” adlı restoranda olmuşdur. Toydan əvvəl Sevərin atası Namiq ona bildirmişdir ki, toyu birgə keçirsinlər və çəkilən xərcin yarısını o, ödəyəcək. Namiq özü toyun təşkilati işlərində iştirak etməmişdir, bu işlər ilə məşğul olmasını qohumu olan qaynı Sücəddinə tapşırmışdır. Sücəddin onunla birlikdə toyun hazırlıq işlərində iştirak etmişdir və o, hal hazırda Rusiyada yaşayır. Toya ümumi olaraq 5252 manat xərc çəkmişdir və həmin xərcin yarı hissəsini, yəni 2626 manatını Cavabdeh1 ödəməli olduğu halda hal-hazıradək həmin vəsaiti ona ödəməmişdir. Həmçinin oğlu Elxan öz anası üçün aldığı Samsung Galaxy markalı telefonu Cavabdeh2 onun evindən gedərkən özü ilə aparmışdır. İddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh1 ona qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qızı Sevər ilə İddiaçı2 birgə keçirilən toyları ilə əlaqədar təşkilati işlərlə məşğul olmasını qaynı olan Sücəddin Axundova həvalə etmişdir. Toy bir yerdə olub. Toyun təşkili ilə əlaqadar özünə düşəcək paya dair 2660 manat pulu Sücəddinə vermişdir, Sücəddin də həmin pulu İddiaçı1lə birlikdə toyun təşkilinə xərcləmişdir. Bundan əlavə olaraq toyda iştirak edən aşpaza 300 manat, musuqiçilərə də 750 manat pul vermişdir. Belə ki, musiqiçilərin toyda iştirakını 1.500 manata razılaşmışlar, o, da özünə düşən hissəni, yəni 750 manatı onlara ödəmişdir. Toyun xərcinə dair onun İddiaçı1 heç bir borcu qalmamışdır. Ona qarşı irəli sürülən iddia tələbi tamamilə əsassızdır. Bu səbəbdən ona iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbində qeyd edilən Samsung Galaxy markalı telefon 29 may 2022-ci il tarixdə, yəni İddiaçı2lə rəsmi nikaha daxil olduqdan əvvəl Elxan tərəfindən onun üçün hədiyyə olaraq alınmışdır və ona təqdim edilmişdir. Həmin vaxtdan qeyd edilən mobil telefon onun istifadəsində olmuşdur və hal-hazıradək də onun istifadəsindədir. İlk gündən həmin telefona özünə məxsus olan mobil nömrəni daxil edərək, istifadə etmişdir. Həmin gün Elxan mağazadan iki ədəd mobil telefon almışdır və onun üçün aldığı telefonun rəngi çəhrayı rəngdə, yəni qadına uyğun rəngdə olmuşdur. İddiaçı2 iddia ərizəsində qeyd etdiyi guya həmin mobil telefonu öz anası üçün aldığı barədə bildirdikləri tamamilə əsassızdır. Belə ki, Elxanın anasının öz telefonu olmuşdur. İddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, o, aşpaz fəaliyyəti ilə məşğul olur. Belə ki, İddiaçı1 oğlu Elxanın keçirilən toy mərasimində aşpaz kimi iştirak etmişdir. Bəylə gəlinin toyu bir yerdə olmuşdur. Namiqin qaynı olan Sücayət, İddiaçı1, Məmmədağanın oğlu Rəşad və o, özü toy üçün ərzaqların alınmasında iştirak ediblər. Toy üçün ərzaqların alınmasına ümumi olaraq 5252 manat pul xərclənib. Həmin malları Böyük bazarda olan mağazadan nisyə almışlar və toydan sonrakı gün İddiaçı1 həmin pulu mağazaya ödəmişdir. Toyun xərcinin bölüşdürülməsi barədə razılıq və Cavabdeh1 tərəfindən İddiaçı1 nə qədər pulun ödənilməsi ilə əlaqadar məlumatı olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunvericiliyin tələbinə əsasən, müqavilənin yazılı olmadan da bağlanmasına yol verilir. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilib-verilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübutetmə vəzifəsi İddiaçı1 üzərində olduğundan və Cavabdeh1 onun qarşısında öhdəliyinin yaranmasına və həmin öhdəliyə dair ödənişin edilib-edilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. İş materiallarınə əlavə edilmiş "xxxx" MMC-nin “Kontakt Home”54 mağazasından təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən 21 may 2022-ci il tarixdə həmin mağazadan “Samsung Galaxy A3” markalı, bənövşeyi rəngli telefon alınmışdır. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən 21 may 2022-ci il tarixdə mağazadan alınmış “Samsung Galaxy A3” markalı, bənövşeyi rəngli mobil telefon alındığı gündən Cavabdeh2 istifadəsində olmuşdur və hal hazırda da onun istifadəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd edilən “Samsung Galaxy” markalı mobil telefon İddiaçı2 tərəfindən nikahdan əvvəl hədiyyə olaraq alınaraq Cavabdeh2 istifadəsinə verildiyindən və Cavabdeh2 istifadəsində olduğundan həmin mobil telefon hədiyyə şəklində verilmiş və Cavabdeh2 ayrıca mülkiyyəti hesab edilir. Bu əsasla hazırki iş üzrə Cavabdeh2 qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 93.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və əmlak tələbi barədə iddiası təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 93.4 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar