Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2867/2022 19.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Zülfüqar oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Zülfüqar oğluna qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Zülfüqar oğluna qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli, 2(049)-1931/2012 saylı qətnaməsi ilə Cavabdeh Zülfüqar oğlundan tutulan alimentin məbləğini artırmaqla 24 noyabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin həyata keçirilməsi üçün ödədiyi 55 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2004-cü il tarixində ailə qurub evlənmiş, birgə nikahdan xx.xx.2005-cu il taıixdə Nuılan adlı biı uşaq anadan olmuşdur. Cavabdehlə narazılıqlar a görə ayırılmışdır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik göstərməmişdir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 21 aprel 2006-ci ıl tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində 10 manat miqdarında alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməsi qət edilmiş, Lənkəran rayon məhkəməsinin 24 oktyabr 2012-cu il tarixli 2(049)-1931/2012 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 43 (qırx uç) manat 50(əlli) qəpik müəyyən edilmişdir. Hazırda həmin vaxtdan 10 il müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 10-15 dələdən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaq artıq böyüyübdür, məktəblidir və aylıq tələbatı artmışdır. Beləliklə, uşağın saxlanması üçün xərc hər ayda 450-500 manat həddində olur. İddiaçı tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, 2004-cü il tarixdə cavabdelə ailə qurub evlənmişdir. Az müddət sonra münasibətləri pisləşmiş, həmin vaxtdan etibarən o, ərinin evində deyil, atasının evində yaşamışdır. Hətta 24 noyabr 2005ci il tarixdə uşağı ata evində doğulmuşdur, uşağının bütün xərclərini onun atası çəkmişdir. 2006-cı ildə 10 manat aliment 2012-ci ildə isə 43.5 manat aliment təyin edilmişdir ki, həmin 43 manat alimenti belə cavabdeh ödəmək istəmir. Oğlunun hal-hazırda 17 yaşı vardır, 300 manat uşağın təhsilinə təkcə xərclənir, ali məktəbə hazırlaşır və buna görə xərcləri artmışdır. Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Lakin müəyyən edilmiş 43 manat alimentlə indiki dövrdə dolanmaq mümkün deyil ona görə də məhkəmədən alimentin 250 manat məbləğində müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Zülfqar oğlu izahatında göstərdi ki, iddianı qəbul etmir, iddiaçı ilə 2004-cü il tarixdə ailə qurub evlənmiş və bu nikahdan xx.xx.2005-ci il tarixdə 1 uşağq doğulmuşdur. Məhkəmə qətnaməsinə əsasən ondan hər ay 43 manat aliment tutulur. İddiaçı alimentin artırılmasını tələb edir. Maddi vəziyyəti iddiaçının tələb etdiyi aliment ödəməyə imkan vermir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, indiyə kimi uşağını görməmişdir və ikinci dəfə ailə qurmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayonu, Şirinsu kənd İnzibati Ərazi Dairəsinin Lənkəran Rayon Məhkəməsinə təqdim etdiyi 09 avqust 2022-ci il tarixli, 1288 saylı arayışından görünür ki, Əliyeva X4 rayonu, Şirinsu kəndində yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli, 2(049)-1931/2012 saylı qətnaməsindən görünür ki, 24 noyabr 2005-ci il l tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması Lənkəran Rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-219-2006 saylı qərarı ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay 43.50 manat məbləğində aliment Cavabdeh Zülfüqar oğlundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X2 İştirak edilməsi barədə olan 05 avqust 2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən alimentin artırılması tələbindən irəli gələn ailə mübahisəsi üzrə ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü 55 manat mediasiyaya aid xərci Azərbaycan Respublikasının Mərkəzi bankının X5 ödənmişdir. Məhkəmə, tərəflərin izahatlarını, habelə mülki işə əlavə edilmiş sənədləri araşdırıaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı tərəfindən aliment bir dəfə artırılmış, əvvəlcə, 10 daha sonra isə 43.50 manat kimi müəyyən edilmişdir. Sonuncu dəfə alimentin miqdarı 2012-ci il tarixdə, yəni 10 il əvvəl qaldırılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən on il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən on il ərzində dəfələrlə artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsində qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun (məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat) uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Məhkəmə aliment məbləğinin artırılması zamanı xüsusilə vurğulamağı zəruri hesab edir ki, aliment məbləği yönəldiləcək uşaq 24 noyabr 2005-ci il təvəllüdlüdür, yəni artıq 17 yaşı vardır. Cavabdehin izahatından da aydın olur ki, şəxs ata kimi bu müddət ərzində bir dəfə də olsun qanunvericilikdə nəzərdə tutulmuş valideynlik borcunu yerinə yetirməməklə yanaşı, vicdani və əxlaqi dəyərlər baxımından da övladı ilə maraqlanmamış, onun hansı şəraitdə böyüməsi, tərbiyə almasında iştirak etməmişdir. Cavabdehə təyin edilmiş 43,50 manat məbləğ isə hazırda dövrün reallığı ilə ayaqlaşmamaqla yanaşı, yetkinlik yaşına çatmayan bir uşaq üçün kifayət qədər az məbləğdir. Məhkəmə, onu da nəzərə alır ki, hazırkı qətnamə ilə müəyyən ediləcək aliment məbləği yalnız bir il, hətta bir ildən də az vaxtda ödənilməlidir və bu baxımdan məhkəmə hesab edir ki, hazırda alimentin məbləği qanunverciliklə bir uşaq üçün göstərilmiş yaşayış minimumu tam həcmdə müəyyən edilməlidir. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1931/2012 saylı, 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Zülfüqar oğlundan 24 noyabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Zülfüqar oğlundan 55 manat məbləğində medisasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2867/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2867/2022
19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver