Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2887/2023 28.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 28 iyul 2023-cü il tarixdə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. İddiaçı cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən FİN kodunu göstərməmişdir. Qeyd edirəm ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. O, müvafiq sübut hesab etdiyi sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bununla bağlı qeyd edirəm ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi, sübutların siyahısının iddia ərizəsində göstərildiyi anlamına gəlmir. Belə ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsini tənzimləyən və imperativ norma olan MPM-nin 149.2.5-ci maddəsi mövcuddur. MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırılcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində konkret olaraq hansı sübutlarla özünü haqlı olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir. İddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Onu da qeyd edim ki, iddiaçı cavabdehlərdən pul tələb etsə də, əslində o, məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin indeksasiyasını tələb edir. Belə tələblərə iddia icraatı qaydasında baxılmalı deyildir. O, sadə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin indeksasiyasını tələb etməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd edim ki, indeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Yəni qətnamə ilə qət edilmiş müəyyən məbləğdə pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflyasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar olaraq iddiaçının həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə o, ödənilməli olan pulun indeksasiyası ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. Lakin bu zaman indeksasiya pulun (manatın) digər valyuta vasitələrinə münasibətdə deyil, inflyasiya, istehlak qiymətlərinin artması və digər mənfi proseslər nəzərə alınmaqla manatın manata münasibətdə indeksasiyası aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, cavabdehin FİN kodunun və iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını göstərməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər isə hazırki qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2887/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2887/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver