Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2902/2024 09.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 0-********** nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 414,02 manat əsas borc və 30.40 manat dövlət rüsumu məbləğinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, İddiaçı lombard fəaliyyəti ilə məşğul olan fərdi sahibkar kimi fəaliyyət göstərir və o, tərəflər arasında bağlanmış kredit müqaviləsini də vergi ödəyicisi olan (VÖEN **********) fərdi sahibkar olaraq imzalayıb möhürlə təsdiq etmişdir. Məhkəməyə göndərilən hazırki iddia ərizəsi isə İddiaçı adından imzalansa da, möhürlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 69.2 və 69.3-cü maddələrinin məzmununa görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0-********** nömrəli kredit müqaviləsinin 7.2-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı əsasında, belə razılıq əldə edilmədikdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada aidiyyəti məhkəmələr tərəfindən həll edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər həll edilməsi üçün tədbirlər görüldüyü, habelə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edildiyi barədə rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtlərinə əməl edib-etmədiyi müəyyən edilmir. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtlərinə əməl edib-etmədiyi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən, habelə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından hazırki vəziyyətdə işin obyektiv araşdırılması, eyni zamanda, həmin nöqsanın işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı (ödəniş edən şəxs X1) hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə ödənilmiş 53 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən (ödəniş edən şəxs X1) xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödənilmiş 30,40 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2902/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2902/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver