Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2930/2024 21.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmlakına dəymiş ziyan səbəbindən fərdi yaşayış evinin mətbəx hissəsinin bərpası üçün təmir işlərinin dəyəri olan 326 manat pulun cavabdehdən xeyrinə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xaniş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evin və həyətyanı torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport və Çıxarış mövcuddur. Ona məxsus fərdi yaşayış evinin arxasında yerləşən ünvan 2 ünvanının sahibi, Cavabdeh həmin binanın dövlətə məxsus həyətyanı sahəsinin onlara aid olduğunu iddia edərək 2023- cü ilin oktyabr ayında, qəsdən həyətyanı sahəsini betonlayaraq suyun təbii axınını dəyişmiş, nəticədə axan yağış və çirkab suların evinin bünövrəsinə axıdılmasına səbəb olur. Cavabdeh həyətyanı sahənin bütün hissəsin betonlasa da, yalnız onun evinin bünövrə hissəsini betonlamayaraq özü üçün gül baxçası salmışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində 2023-cü ilin oktyabr ayında güclü yağış səbəbindən evinin bünövrə hissəsindən birinci mərtəbəsində yerləşən mətbəx hissəsini su basdığından, mətbəxin döşəmə və divarları yararsız hala düşmüşdür. Hadisə barəsində dərhal 102, 112 qaynar xəttinə, Lənkəran Şəhər şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC məlumat verilmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşı tərəfin dəndərhal hadisə yerinə baxış keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunan sənəddə dəymiş ziyan 326 manat hesablansa da, sığortanın verdiyi sorğuya dövlət qurumu tərəfindən cavab verilmədiyi üçün dəymiş ziyan ödənilməmişdir. Daxili İşlər Nazirliyindən daxil olan məktubda isə şəxsin əməlində inzibati və cinayət tərkibinin olmadığı qeyd edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli cavab məktubunda X1 tərəfindən yaşayış evinin yan bünövrəsinə bitişik hissədə güllərin əkildiyi və fərdi yaşayış evinin mətbəx hissəsinin divarlarından su sızması faktı öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuz əməlləri barədə Lənkəran Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Cənub Regional İdarəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilmişdir. Qeyd edilən qurumlara ünvanladığı müraciətlərə cavab məktubunda yekun olaraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən Lənkəran şəhəri Heydər Əliyev prospektində yerləşən 23 nömrəli binanın ona məxsus olan 3 nömrəli mənzilin qarşısında yerləşən dövlətə məxsus həyətyanı sahəsini zəbt edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” ın təsdiq edilməsi ilə bağlı qərarının 9-cu bəndinin tələblərini (yəni divar hündürlüyünün 0.3 hissəsi saxlanılmadan) pozmaqla fərdi yaşayış evinə yaxın məsafədə qanunsuz tikinti aparmışdır. Eyni zamanda şəxsin əməlində inzibati xəta tərkibi olduğundan İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Cavabdeh öz növbəsində iddiaya qarşı məhkəməyə etiraz ünvanlayarq etirazını onunla əsaslandırmışdır ki, 2016-cı ildə Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində razılaşdırılmaqla ona məxsus olan mənzilə bitişik tikilini artıraraq evini inşa etmişdir. İddiaçı isə 2021-ci ildə Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinə zidd olaraq ara məsafə saxlamadan özünə 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçı iddia ərizəsində onun evinin binövrəsinə onun tərəfindən suyun təbii axınının qarşısını almamaqla əmlakına ziyan dəydiyini iddia edir, lakin onun evinin dam örtüyü düzgün təcrid olunmamış və suyun axını düzgün istiqamətləndirilmədiyinə görə su evin binövrəsinə axmışdır. Eyni zamanda iddiaçıya məxsus evin dam örtüyünün suyu onun mülkiyyətinə ciddi ziyan vursa da, qohumluq münasibətlərinə görə iddiaçıya heç bir pretenziya bildirməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən yerli baxış keçirilməklə iddiaçının iddiasının əsassız olduğu öz təsdiqini tapacaqdır. Qeyd edir ki, iddiaçının ərizəsinə nəzər saldıqda iddiaya əlavə edilmiş müvafiq qurumlardan verilən sənədlərdən də müəyyən olunur ki, ona dəymiş ziyan müəyyən olunmamışdır. Belə ki, müvafiq dövlət qurumlarından iddiada qeyd olunan ziyanla bağlı akt təqdim olunmamışdır. İşlə bağlı səlahiyyətli qurumlar tərəfindən verilmiş sənədlərdə ziyanın həqiqətən də onun tərəfindən təbii suyun qarşısının alınmamasına görə baş verdiyi müəyyən olunmadığına görə iddiada göstərilən sübutlar mötəbər sayıla bilməz. İddiaçı irəli sürdüyü tələblə bağlı möhtəbər sübutlar təqdim etmədiyi səbəbindən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli əraziyə yerində baxış keçirilən zaman, cavabdehin istifadəsində olan torpaq sahəsinin betonla örtülmüş hissəsi ilə onların evləri arasındakı torpaq zolağının bardürla mühafizə olunduğu aşakar olunmuşdur. Lakin həmin bardürlar onların məhkəməyə müraciətlərindən sonra qoyulmuşdur. Cavabdehin nümayəndəsi onlara evlərinin damına novça vurulmasını tələb edir. Lakin ardınca bildirir ki, həyətlərinin betonla örtülmüş hissəsi ilə onların evi arasındakı torpaq zolağına su “salacaqdır”. Onların “qanunsuz tikilinin sökülməsi” ilə bağlı mülki iş hakim Murad Aslanovun icraatındadır. Həmin məhkəmə iclasda cavabdeh etiraf etmişdir ki, o, həyətlərinin betonla örtülmüş hissəsi ilə onların evi arasındakı torpaq zolağına qəsdən su buraxmışdır. Cavabdeh həyətinin çox hissəsini betonla örtüb, yalnız onların evinin bünövrəsi boyu zolağı qəsdən betonlamamışdır. Həmin həyət betonlaşmamışdan əvvəl, torpaqla örtülmüş vəziyyətdə olmuş və atmosfer suları onların evlərinin bünövrəsinə sızmamışdır. Evlərinin damına növçanı ona görə quraşdırmamışlar ki, cavabdeh buna maneçilik törətmişdir. Lakin, həmin maneənin aradan qaldırılmasına dair cavabdehin hərəkətlərindən məhkəməyə iddia verməmişlər. Hazırda cavabdehin həyətinin betonlaşmış hissəsi ilə onların evi arasındakı torpaq zolağında güllərin əkilməsi müşahidə olunmasa da, iddia ərizəsinə əlavə etdiyi şəkillərdən, orada əvvələr gül əkildiyi müşahidə olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib göstərmişdir ki, onlar həqiqətən istifadələrində olan həyətyanı sahələrini bir müddət əvvəl betonlayaraq suyun axması üçün trap da qoymuşlar. Sonradan isə atmosfer sularının həyətlərinin betonlaşmış hissəsi ilə iddiaçının evi arasındakı torpaq zolağına axmaması məqsədilə, həmin sərhədi bardürlərlə mühafizə etmişdir. Həyətlərini ona görə betonlamışlar ki, ondan əvvəl atmosfer suları torpağa daxil olub, evlərinin altına daxil olurdu. İddiaçı özü kı torpaq zolağın sonunda tikili inşa etmişdir. İddiaçı nə evinin damına, nə də ki, yeni tikiliyə novça vurdurmamış, bu səbəbdən də, məhz onların tikililərinin damından axan atmosfer sular torpaq zolağına axır. Onlar, iddiaçı tərəfindən iddiaçıya məxsus tikililərə novçanın quraşdırılmasına və istifadələrində olan həyətlə iddiaçının evi arasındakı torpaq zolağının betonlamalarına etiraz etmirlər. İddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər bir-biri ilə qonşuluqda yaşayırlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmlakına dəymiş ziyan ödənilməsini xahiş edir. Yəni, iddiaçı cavabdehin təqsirli olduğunu, onun təqsiri nəticəsində ona ziyan dəydiyini, buna görə dəı həmin ziyana görə cavabdehin cavabdehlik daşıdığını göstərmişdir. Bu zaman o, İXM-nin 232-1-ci maddəsinə də istinad etmişdir. Cavabdehin təqsirliliyi ilə bağlı məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yol verilmir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Analogiyadan istifadə edilməklə CMP-nə istinad edilsə, onda məlum olar ki, həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, İXM-nin 3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməlidir. Bunun üçün ya inzibati orqanın, ya da ki, məhkəmənin qərarı olmalıdır. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Lakin, iddiaçı cavabdehin təqsirli olduğunu göstərsə də, onun İXM-nin 232-1-ci maddəsi ilə təqsirli hesab edilməsinə dair məhkəməyə hər hansı bir sübutunu təqdim etməmişdir. Bundan fərqli olaraq iddiaçının öz iddia ərizəsinə əlavə etdiyi Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-96/2-A-31586/11/23 nömrəli cavabından görünür ki, araşdırma zamanı qeyd edilmiş faktla bağlı iddiaçıya qarşı hər hansı bir cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməsi hallarının olması müəyyən olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin hər hansi bir cinayət və ya inzibati xarakterli əməl törətdiyi, onun tərəfindən təqsirli hərəkət etdiyi sübuta yetirilmir. Məhkəmə mübahisəyə obyektiv qiymət verilməsi üçün mübahisəli əraziyə tərəflərin nümayəndələrinin iştirakları ilə, az yağmurla havada, yerində baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehin istifadəsində olan təxminən 3 metr eninə, 5 metr uzununa olan həyətyanı torpaq sahəsinin çox hissəsi beton örtüklə örtülmüş, həmin beton ortüklə iddiaçının evinin divarı (bünövrəsi) arasında eni təxminən 50 sm., uzunluğu isə təxminən 5 metr olan torpaq zolağı saxlanılmış, torpaq zolağı ilə beton örtüyün sərhədində suyun həmin torpaq sahəsinə axıdılmasının qarşısını almaq məqsədilə beton bardürlər quraşdırılmış, cavabdehin həyətinin beton örtüyünə tökülən suların axıdılması üçün beton örüyünün aşağı hissəsində su trapı quraşdırılmış, cavabdehin evinin damına, atmosfer suların axıdılması üçün novçalar quraşdırılaraq, həmin suların torpaq zolağına axıdılmasının qarşısı alınmış, iddiaçının evinin damına və sonradan torpaq zolağının sonunda inşa etdirdikləri tikilinin damına isə novçalar quraşdırılmamış, onların öz evləri və sonradan inşa edilmiş tikilinin damından axan atmosfer suların torpaq zolağına axması müşahidə olunmuşdur. Eksperiment olaraq cavabdehin beton örtüklü həyəti su borusu ilə sulanmış və bu zaman suyun torpaq zolağına deyil, su trapına axdığı müəyyən olunmuşdur. Mübahisəli əraziyə baxış keçirməsi ilə bağlı telefon vasitəsilə çəkilş aparılmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli cavab məktubunda cavabdeh tərəfindən yaşayış evinin yan bünövrəsinə bitişik hissədə güllərin əkildiyi və fərdi yaşayış evinin mətbəx hissəsinin divarlarından su sızması faktı öz təsdiqini tapdığı qeyd edilmişdir. Lakin, həmin divarlara hansı səbəblərdən suyun sizdığının müəyyən edilməməsi qeyd edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyanın cavabdehin qanunsuz (təqsirli) hərəkətləri nəticəsində əmələ gəldiyi sübuta yetirlilmədiyi üşün iddia təmin edilməməlidir. Məhkəmə, Cavabdeh tərəfindən Lənkəran şəhəri Heydər Əliyev prospektində yerləşən 23 nömrəli binanın ona məxsus olan 3 nömrəli mənzilin qarşısında yerləşən dövlətə məxsus həyətyanı sahəsini zəbt edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” ın təsdiq edilməsi ilə bağlı qərarının 9-cu bəndinin tələblərini (yəni divar hündürlüyünün 0.3 hissəsi saxlanılmadan) pozmaqla fərdi yaşayış evinin tikintisi ilə bağlı iddiaçının iddia ərizəsində göstərdiyinə qiymət verərək qeyd edir ki, həmin məsələnin araşdırılmasının hazırki iddia tələbi ilə hər-hansı bir bağlılığı olmadığından, cavabdeh tərəfindən dövlətə məxsus həyətyanı sahəsini zəbt edibetməməsi məsələsinə qiymət verməyə lüzum yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ HİSSƏ: qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2930/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2930/2024
21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver