Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2931/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalzade Gülnar Şakir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(012)-3495/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla, ondan xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olub ailə qurub. Faktiki nikahılarından 19 avqust 2017-ci il təvəllüdlü X4 adlı uşağı anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışılar. Cavabdeh uşağın saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşağı saxlamaqda çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət edib və Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında alimentin tutularaq Məmməd adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan 5 il müddət keçmişdir və həmin vaxta münasibətdə hazırki dövrdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 10-15 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaq artıq böyüyübdür, məktəblidir və aylıq tələbatı artmışdır. Beləliklə, uşağın saxlanması üçün xərc hər ayda 450-500 manat həddində olur. Uşaq halhazırda xəstədir, xəstəliyi barədə də sənəd iddia ərizəsinə əlavə edilmiş. O, tək ana olduğu üçün həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyin kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı “İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti olduqca çətinliklə ödəyir. Belə ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Günəmuzd olaraq Lənkəran şəhərində bazarda fəhləlik edir. Gündəlik gəliri 12 manat təşkil edilir. Bundan əlavə olaraq onun himayəsində həyat yoldaşı və iki uşağı da vardır. İddia tələbində ondan tələb edilən aliment məbləğini ödəmək onun üçün mümkünsüzdür. İddia tələbinin 180 manat həddində qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 avqust 2017-ci il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(012)-3495/2019 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir iş üzrə Cavabdeh ilə bağlanmış aktiv əmək müqaviləsi hazırda mövcud deyildir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 518078 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Dadaşova (Qasımova) Günel Mikayıl qızı xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İİ seriyalı, 541613 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2010-cu il təvəllüdlüdür, uşağın atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZ-İV seriyalı, 405232 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci il təvəllüdlüdür, uşağın atası Cavabdeh, anası X2r. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 19 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 160 manat məbləğində alimentin tutulmasına Abşeron rayon məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(012 )- 3495/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon məhkəməsinin 13 noyabr 2019cu il tarixli 2(012 )-3495/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(012)- 3495/2019 saylı qətnaməsi ilə tutulmuş 19 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2931/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2931/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver